Azərbaycan Demokrat Partiyasının sədri, partiyadan prezidentliyə namizəd irəli sürülmüş Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizə ilə İcra Aparatına müraciət edib. ADP-nin mətbuat xidmətinin yaydığı məlumata görə, Sərdar Cəlaloğlu ərizədə yazıb: “Bildirirəm ki, 2005-ci ildə şəxsən mənim irəli sürdüyüm konstruktiv müxalifətçilik kursu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab edirəm. 2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm. Bunları nəzərə alaraq ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm. Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz”.
Partiya sədrinin 1-ci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov partiyanın mətbuat xidmətinə bildirib ki, istefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək.