Əliyevlərin hakimiyyətə yiyələnməsində oynadığı rola görə Böyük Britaniyanın və ya bp-nin adı müstəqil Azərbaycan mətbuatında az hallandırılmayıb. Son günlərdə “Azərbaycan” qəzetində Böyük Britaniyanı yaş yuyub, quru sərən məqaləni oxuyanda bu iddiaların o qədər də yanlış olmadığı təəssüratı yaranır.
“Ingilis barmağı” adlı bu məqalədə Ingiltərənin kral ailəsindən tutmuş nazirlərə, lordlara, Leyboristlər partiyasının üzvlərinə, bütövlükdə Böyük Britaniyaya qarşı sürülən dəhşətli iddialar son vaxtlar həmin ölkənin mətbuatında Əliyevlərin şənini düşürəcək materiallara əvəz təsiri bağışlasa da, əslində başdan-ayağacan yanğıdan, aldadılmaq, atılmaq, satılmaq acısından ibarətdi.
Qısaca məzmun təxminən belədi: axı biz sizinlə centlmen sazişi bağlamışdıq, taxt-tacımız əbədi olacaqdı, bizdə də sizdəki kimi monarxiya olacaqdı, hakimiyyətimizi nəsildən nəslə ötürəcəkdik, bə nə oldu, belə də centlmenlik olarmı?
Yadıma Türkiyənin məşhur “Hababam sınfı” filmi düşür. Filmdə rəhmətlik Kamal Sunalın yaratdığı Şaban obrazının bir xəyanət və təhqir sonrası acı-acı ağlayıb, üzünü arkadaşlarına tutaraq: “Hani, biz arkadaşdık”,- dediyi səhnə gəlir gözümün qabağına – iztirabdan qaşları dartılır, gözləri dolub-boşalır, burun pərəkləri titrəyir, açılıb-yığılır və təhdidlər. Kədərli mənzərədi.
Məqalə rəsmən Böyük Britaniya dövlətinə elan olunmuş müharibədi. Yazının sərtliyindən əldə olunan qənaət budur. Müharibə bütün diplomatik, dinc vasitələrin tükəndiyi heç nəyə yaramadığı halda sonuncu çıxış yoludur. Əlbəttə, bu qürur məsələsidi. Müharibə elan olunmazsa, bu, ağ bayraq qaldırmaq olardı. Ancaq Ingiltərə Ermənistan deyil, torpaqlarımızdan bir millimetr də işğal eləməyib, Xocalı soyqırımında motoatıcı diviziyası iştirak eləməyib, ümumiyyətlə, “lazım gələrsə, biz məsələni hərbi yolla həll eləyərik” deməklə nə onlara xox gəlmək, nə qorxuya salmaq, nə də xalqda ura-patriotizm damarını şahə qaldırmaq olar. Nəinki xox gəlmək, hətta rəsmən müharibə elan eləməklə də heç nəyə nail olmaq olmaz. Yalaqla mükafatlanmış bir sürü məsləksizin əllərinə şüarlar verib qışqırtmaqla da Ingiltərənin gözünü qırpmağa məcbur eləmək mümkün deyil. Sadəcə, rüsvayçılıq baş verib, ona görə də iqtidarın hücuma keçməkdən başqa yolu qalmayıb.
Məqalə göstərir ki, bütövlükdə bu hakimiyyətin daha heç bir çıxış yolu qalmayıb – nə bir məqalə ilə, nə Isveçrədə “qalalarla möhkəmlənməklə” boğulmaqdan xilas olmaq mümkün deyil. Qatar gedib artıq.
“Azərbaycan” imzası ilə dərc olunan o məqalədə dəqiq bir ritm yoxdu – ürək döyüntüləri gah şiddətlənir, gah yavaşıyır, gah da nəbzini yerli-dibli tutmaq olmur. Gah hücum var, gah qırğınlıq, küskünlük, gah şikayət, gah göz yaşları, gah lal haray, gah da isterik qızğınlıq. Ayrılacaq sevgililərin son görüşündə belə hal izlənilir həmişə. Tərk ediləcək sevgili bir az ağlayıb-sıtqayır, bir az çığırıb-bağırır, bir az yumruqlarını sevgilisinin sinəsinə döyəcləyir və sonunda başını ayrılmaq qərarı vermiş, inadla susan sevgilisinin çiynindən qaldırıb nifrətlə baxır, sonra onu şantaj eləməyə başlayır: “Gör sənin başına nə oyun açacam!”.
Kəsəsi, məqalə Əliyev rejiminin daxili çırpıntılarını, orqanizminin hansı durumda olduğunu, ürəyinin necə sıxıldığını dəqiq göstərən kardioqrama bənzəyir. Biz heç vaxt hakimiyyətin indi hansı əzablar içində qıvrıldığını bu qədər dəqiq öyrənə bilməzdik – “Azərbaycan” olmasaydı – eynən Qəzzafinin dəli halı.
“Azərbaycan” özü hər şeyi daha dəqiq yazıb: “Tarixdən də görünür ki, Britaniya dəfələrlə (…) müttəfiqlərini (…) yarı yolda buraxaraq pis vəziyyətdə qoymuşdur”.