“İlham Əliyev atasından qalma sərt və qəddar orta əsr metodları ilə hakimiyyəti əlində saxlaya bilir”
Fransanın “Le Monde” qəzeti Azərbaycandakı seçkilərlə bağlı məqalə dərc edib. Jurnalist Aymeric Janier-in qələmə aldığı məqaləni təqdim edirik:
“Azərbaycanda klan və avtoritarizm hakimiyyətdədir”
İlham Əliyev nə zamansa qələbə təntənəsini yaşadımı? Əmin deyiləm. Belə ki, 2003-cü ilin oktyabrında hakimiyyəti ələ keçirəndən bəri o, özünə rəqib tanımadığı məhdud siyasi çevrədə yerləşib. 2008-ci ilin oktyabrında, həftənin üçüncü günü əldə etdiyi əski Sovetlərə xas olan 88,73 faizlik qələbənin isə onu daha da geriyə tulladığı dünyada hər kəsə bəllidir.
Bugünkü mənzərə də buna uyğundur. Prezidentliyə 9 namizəd onun tərəfindən idarə olunur və onu növbəti üçüncü müddətə prezidentliyə sırımaq üçün yol axtarışlarındadırlar.
***
Yeni Azərbaycan Partiyasının 52 yaşlı lideri İlham Əliyev 2003-cü ilin dekabrında ölən atası Heydər Əliyevdən qalma sərt və qəddar orta əsr idarəçilik metodları ilə hakimiyyəti əlində saxlaya bilir. Sabiq KQB generalı olan atası ona ailə hakimiyyəti və mütləqiyyəti miras qoyaraq getmişdir. Cənubi Qafqazda İran və Rusiya arasında sıxılıb qalan balaca postsovet ölkəsi Azərbaycan kağız üzərində özünün əla maliyyə durumu ilə fəxr edə bilər. Hərçənd, 2009-cu ildəki 9,3 və hətta 2008-dəki 10,8 faizlik illik artım müqabilində 2012-ci ildə artımın ləngidiyini müşahidə etmək mümkündür – 4,5 faiz. Amma Bakı böyük enerji ehtiyatlarına sahibdir. Neft ehtiyatları 7 milyard barrel, qaz ehtiyatları isə 2,6 trilyon kub metr dəyərləndirilir. Bu resurslar azərbaycanın ixracatının 95 faizini təşkil edir. Buna görə də son 20 ildə sənaye dalana dirənib, kənd təsərrüfatı ən arxaik durumdadır.
***
Amma hətta bu rəqəmlər də özü-özlüyündə ölkənin qara gerçəkliyi haqqında heç nə söyləmir. Bu qara gerçəklik isə ondan ibarətdir ki, ölkənin bütün maliyyə və iqtisadi imkanları dövlət başçısının və onun əlaltılarının inhisarındadır. OCCRP-nin (“Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi” təşkilatı – red.) hesabatlarına görə, Azərbaycanın bank sektorunda, tikinti şirkətləri, telekommunikasiya sahəsində, hətta qızıl ehtiyatları sektorunda korrupsiya tüğyan edir. Korrupsiya o həddə qədər böyüyüb ki, “Transparency İnternational” Azərbaycanı dünyanın 176 ölkəsi arasında 139-cu yerə layiq görüb. Bu, hakimiyyət klanlarının Özbəkistan, Türkmənistan, Qazaxıstan kimi bir çox əski Sovet respublikalarında yaratdığı gerçəklikdir. Karnegi fondunun nümayəndəsi Bayram Balcının dediyinə görə, bu cür ölkələrdə şəxsi və dövlət əmlakı arasında hüdudları müəyyənləşdirmək mümkün deyil.
***
İlham Əliyevin hakimiyyəti dövründə dinc etiraz aksiyaları qəddarlıqla dağıdılır, müxalifət fəalları və jurnalistlər həbsxanalara atılır, hakimiyyətdən sui-istifadə cəmiyyət üzərində dəmir nəzarətin bərqərar olmasına gətirib çıxarıb. Sosial şəbəkələr də avtoritarizmin nəzarətindən kənarda deyil. Yazda “NİDA” gənclik hərəkatının 7 üzvü həbsə atıldı. Onların yeganə “cinayəti” Facebook və Tvvitter üzərindən hakimiyyətdəki korrupsiya və insan haqları pozuntularını ifşa etmək idi. “Human Rights Watch” əmindir ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərini həbsxanalara doldurmaq üçün saxta ittihamlar tərtib etməkdən qətiyyən utanmır – tənqidçilər qanunsuz silah saxlamaqda, narkotik istifadəçiliyndə, xuliqanlıqda, Vətənə xəyanətdə… ittiham edilirlər.
***
Geostrateji maraqlar, 2012-ci ildə ölkənin “Eurovision” qalibi adını qazanması da hakimiyyəti güzəştlərə getməyə maraqlandırmadı. Bu mahnı hadisəsinə hazlırlıq ərəfəsində Azərbaycan hakimiyyəti Bakının ekstravaqant təmiri naminə əhalini ev-eşiyindən zorla köçürmək kimi qanunsuz addımlar atdı. Bu prosesin gedişində kiçik və orta sahibkarların da hüquqları dəhşətli dərəcədə pozuldu. Ola bilər ki, İlham Əliyev özünü dünyaya müasir tipli, xeyirxah bir siyasi lider kimi qəbul etdirmək niyyətində olub. Amma bütün bunlar tam tərsinə çevrildi və dünyada onun neqativ imici bərkidi. Baxmayaraq ki, bu ilin yayında əsasən hakimiyyətyönlü jurnalistlərdən və bir neçə müxalifətyönlü jurnalistdən ibarət 150 nəfərlik böyük bir heyətə şəhər yaxınlığındakı yeni tikilən binada mənzil əta etdi.
***
Beynəlxalq ictimaiyyət, xüsusilə Avropa Aərbaycan başçısına xüsusi hücumlar etmir və bəziləri hətta belə düşünür ki, o, regionda İrana qarşı əsas dayaqlardan biridir. Avropa Birliyi isə ötən həftə müxalifətçilərə, ictimai fəallara və mətbuat nümayəndələrinə qarşı basqılardan narahat olduğunu dilə gətirdi. Bu tərəddüdlü münasibət Avropanın maraqlarına əsasən nümayiş etdirilir. Avropa Birliyi nəhəng Rusiyadan yan keçməklə Xəzərin enerji qaynaqlarına birbaşa çıxış əldə etmək istəyir. Burada belə hesab edirlər ki, əgər sabah Azərbaycan hakimiyyətinin başı dərdə girsə enerji sahəsində belə Rusiyadan asılı vəziyyətə düşə bilər. Avropalılar isə bu ssenaridən qaçmaq istəyir.