YAP-ın ağır artilleriyası – Əli Əhmədov, Siyavuş Novruzov və Mübariz Qurbanlı triosu müxalif cəbhəyə atəş açmaqda davam edir.
Dövləti çökdürən oliqarx nazirlər və digər yüksək vəzifəlilər öz işindədir, sakitliyə çəkilib rüşvətin daha modern formasını tapmaq üçün baş sındırırlar.
“Cəbhə” xəttində bu trio toz eləyir.
Əvvəla, bir IQ testindən keçməsini istərdim bu trionun.
Nədən ki, YAP-ı idarə edən bu üçlüyün MƏNTIQ məsələsində axsadıqları mətbuata danışdıqlarından bəlli olur.
Obyektivlik naminə yazmaq gərəkdir ki, Əli Əhmədov yaşına görəmi, yoxsa başqa bir səbəbdən müxalifətə olan düşmən münasibətini digər iki cəbhədaşı kimi açıq-aşkar büruzə vermir. Bir az ehtiyatla davranır.
ATƏT sədri ilə son görüşdə Müsavat Partiyasının başqanı Isa Qəmbərlə hal-əhval tutması da bu fikri təsdiqləyir.
Son illər verdiyi açıqlamalardan o nəticəyə gəlmək olar ki, Əli müəllim nağıl danışmağı xoşlayır.
Fərqində olub-olmadığını deyə bilmərəm.
Elə parlamentin son iclasında da əhalinin mənzil şəraitini yaxşılaşdırmaq üçün hökumətdən 1 milyard manat istəməsi nağıldan savayı bir şey deyildi.
Nağıl msələsi indi Allah rəhmətində olan bir artistimizi yada saldı – Hüseynağa Sadıqovu nəzərdə tuturam.
30-40 il əvvəl axşam saat 9 olanda o rəhmətlik çıxardı televizora və uşaqlar yuxuya getsin deyə nağıl danışardı.
Xatırladınız?
Yəqin onu da xatırladınız ki, Əli müəllim həm də zahirən o rəhmətliyə çox oxşayır, bunu elə-belə yazdım, dönək, Mübariz Qurbanlıya.
Açıq deyirəm, mənim imkanım yoxdur, olsaydı, 1993-cü ildən bu yana bu zatın müxalifət barəsində dediklərini toplayıb kitab şəklinə salardım.
Ilahi, bir bəndəndə öz soydaşlarına qarşı bu qədər nifrət haradan qaynaqlanır?
Adam ağzını açanda AXCP-yə və Müsavata nifrət püskürür.
Zalım balası elə danışır ki, sanki dövləti məhvə sürükləyən rüşvətin və korrupsyanın başında Isa Qəmbərlə Əli Kərimli dayanır.
Siyavuş Novruzova keçək.
Siyavuş müəllimi Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Özü də istəsə bunu yoxlaya bilər.
Facebook səhifəsində “Mənə münasibətiniz” sualı yerləşdirib cavabları oxusa, hər şey bəlli olar.
Onun özünə məxsus yumor hissi var, bunu etiraf etmək gərək.
Ironiyalı danışığının içində belə yumor elementi tapmaq olur.
Bir həkim kimi buna dəyər verirəm, nədən ki, yumor hissi başın çalışmasından xəbər verir.
Sadəcə, Siyavuş müəllim hərdən hansı ixtisas sahibi olduğunu yadından çıxarır.
Misal: “…Heç olmasa Amerikaya, Fransaya bir baxın, görün sizin güvəndiyiniz Fransada mitinqçiləri atın qabağına qatıb necə ora-bura qovurdular. Bu məsələlərdən özünüzə bir ibrət dərsi götürün”.
Oxuduğunuzu parlamendə izhar edib Siyavuş Novruzov.
Fransada mitinqçilərin atla qovulmasını nümunə gətirir hüquq elmlər namizədi.
Və minnət qoyur ki, biz müxalifətə qarşı atdan istifadə etmirik.
Dedim axı Siyavuş Novruzovun yumorla arası yaxşıdır.
O səbəbdən də məhz kəndisinin dəyərləndirməsi üçün bir təklifim var.
Siyavuş müəllim, Fransa atdan yararlanır, YAP Hindistandan FIL gətirsin. Bizimkilər fransızlar kimi nərmənazik deyillər. Fil yaxşıdır mitinqçiləri dağıtmağa.
103 fil almaq, YAP üçün bir problem deyil. Alın o filləri və yüzünü polisin balansına verin, üçünü də YAP-ın qarşısındakı bağda saxlayın.
Biri 40-50 min manata gedib neçə eşşək aldı fəaliyyətini məqbul saydığınız hökumətiniz.
Aparıb gizlətdiniz, üzünü də görən olmadı o bahalı eşşəklərin.
Fil, bakılılar demişkən, alayı bir şeydir. Həm mitinqçilərin gözünün odunu alacaqsınız, həm də uşaqlarımıza canlı fil görmək nəsib olar.
Mitinqi də restorandan izləməzdiniz. Filin üstündə müşahidə aparardınız.
Işdir filə minmək sizin üçün çətinlik yaratsa (xüsusən Mübariz Qurbanlı üçün), YAP-ı yapçılardan çox sevən partiya, QHT sədrlərinə, özünü “müstəqil” elan etmiş siyasətçilərə və qələm əhlinə çox yox (qudurarlar), lap azca TULAPAYI versəniz, qaça-qaça gəlib filin yanında ikiqat dayanacaqlar.
Ayaqlarınızı çiyinlərinə qoyub çıxarsınız filin belinə.
Hindistandan fil gətirin, cənablar. Tam zamanıdır.