Nurəddin Məmmədli: «Bunu cəmiyyətin rejimə meydan oxuması kimi qiymətləndirmək olar»
YAP təmsilçiləri partiyanın sıralarının gündən-günə genişləndiyini desələr də, reallıqda vəziyyət fərqlidir. Məlum məsələdir ki, bir çoxları məcburi şəkildə hakim partiyaya üzv kimi yazdırılıb. Lakin onlar da əllərinə fürsət düşən kimi YAP-ın sıralarını tərk edir. Eyni zamanda könüllü şəkildə bu partiyaya üzv olub, lakin yürüdülən siyasətdən narazı qalanlar da az deyil. Son günlər bir çox rayonlarda YAP üzvlərinin bu partiyanı tərk etməsi ilə bağlı xəbərlər yayılır. Xüsusilə ötən il daşqınlardan əziyyət çəkən rayonların əhalisi arasında belələri çoxluq təşkil edir. Xatırladaq ki, ötənilki parlament seçkisi ərəfəsində bu partiyanın sıralarını tərk edənlərin sayı artdı. Bu tendensiya hakim partiyaya nə vəd edir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bunu iki aspektdən izah oluna biləcək hadisə kimi qiymətləndirdi. Bir tərəfdən bu, hakimiyyətin artıq tükəndiyinin, ona heç bir inamın, etimadın qalmadığının göstəricisidir. Partiya üzvləri artıq bu məsuliyyətdən qaçmaq, eyni zamanda mənəvi-psixoloji olaraq özlərini rahat hiss etmək üçün bu addımı atırlar. Digər tərəfdən, YAP-dan kütləvi istefalar onu göstərir ki, hakimiyyətin cəmiyyəti psixoloji cəhətdən qorxutması aktuallığını itirməkdədir. Belə ki, bir neçə il əvvəl nəinki YAP-dan istefa, xaric olma, hətta bu partiyanın ünvanına kiçik bir tənqidi fikir söyləmək çox pis perspektivlərə yol açırdı. Artıq cəmiyyətdə bu qorxu aradan qalxmaqdadır.
N.Məmmədlinin sözlərinə görə, eyni zamanda bunu cəmiyyətin rejimə meydan oxuması kimi də qiymətləndirmək olar.
AXCP sədrinin müavini proseslər dərinləşdikcə, bu tendensiyaların da güclənəcəyini vurğuladı.
Fizzə