Elşad Qasımovun valideynləri günahkarın istintaqdan kənarda qaldığını deyir
«Azadlıq»ın əməkdaşı hadisənin izi ilə olayın təfərrüatlarını öyrəndi
Ötən il iyulun 27-də Neftçala rayon sakini Qasımov Elşad Məmmədqasım oğlunu mühafizəçisi olduğu Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, C.Naxçıvanski küçəsi 44 ünvanında yerləşən “Rusalka” masaj salonunda gecə saat 3 radələrində üç nəfər qətlə yetirib. Olayın şahidləri deyir ki, Elşadı qətlə yetirənlər təxminən 30 dəqiqə onunla savaşmalı olublar: “Çünki Elşad idmançı idi. Onunla vuruşmaq asan məsələ deyildi. Onu qətlə yetirənlər mərhumu yorandan sonra bir neçə bıçaq zərbəsi endiriblər”.
İki nəfər niyə yoxa çıxarılır?
Olayı bizə təfərrüatı ilə danışanlar deyirlər ki, hadisəni törədən şəxslərdən ikisi Elşadın qollarını tutub, digəri ona bıçaq zərbələri vurub. Mərhumun anası Səkinə Qasımova oğlunun ölümündən bir neçə gün əvvəl Bakının Zığ qəsəbəsində qızının evində olarkən qara rəngli maşının iki gün onların evlərini pusduğunu deyir: “Həmin maşınları məhkəmədə olan zaman da gördüm. O zaman hakimə bunları deyəndə mənə cavab verdi ki, ”görmürsünüz oğlunuzu öldürənləri tutmuşuq, maşınlar da onlarındır”. Deməli, oğlumun öldürülməsi planlı şəkildə olub”.
Elşadın atası Məmmədqasım Qasımov Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin prosesi düzgün aparmadığını deyir: “Bilmirəm nədənsə məhkəmə hadisədə günahkar olan yalnız birini – Əsgərov Sadiq Əhliman oğlunu həbs etmək istəyir. Digər iki nəfəri – Hümbətəliyev Orxan Şahin oğlu və Əliyev Ilhamiz Hüseyn oğlunu bu olaydan kənarda saxlamaq istəyirlər. Açıq şəkildə deyirlər ki, bıçağı vuran Sadiq Əsgərovdur. O biriləri sadəcə hadisəni guya görənlərdir”.
M.Qasımovun sözlərinə görə, Baş prokurorun birinci müavini Rüstəm Usubovun istintaqın yekunu ilə bağlı cavabı belə olub: “Sadiq Əsgərov Elşad Qasımova ürək, boğaz, sol döş və sağ əl nahiyələrinə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürüb. O, Hümbətəliyev Orxan Şahin oğlu və Əliyev Ilhamiz Hüseyn oğlu ilə birlikdə hadisə yerindən qaçmaq istəyərkən ”Riyad” mühafizə xidmətinin digər əməkdaşına bədən xəsarətləri yetiriblər. Yəni, iki şəxs yalnız Sadiq Əsgərova qaçmaqda kömək ediblər. Hətta bu belə olduğu halda hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Elşadın atasının fikrincə, cinayəti törədənlərdən ikisini aradan çıxarmaq istəyirlər: “Onların üçü də indi barmaqlıqlar arasında olsa da, işin gedişi göstərir ki, iki nəfəri məsələdən kənarlaşdırmaq istəyirlər. Amma sona qədər mübarizə aparıb, buna imkan verməyəcəm”.
“Eşşək, demədim bağlıdır!”
“Kimsə oğlumla üz-üzə gəlib, mübahisə edib öldürə bilməzdi. O, güclü idmançı idi. 10-na yaxın medalı vardı. Heç cürə anlaya bilmirəm ki, məhkəmə nəyə görə deyir ki, Elşadla mübahisə edib, dalaşıb, sonra onu öldürüblər. Axı bu mümkün deyil. Onunla bir nəfər mübahisə edib, sonra onu öldürə bilməz. Heç olmasa yalandan olsa deyərdilər ki, oğluma qəfildən bıçaq zərbəsi endiriblər” – deyir mərhumun atası.
Araşdırmalarımız zamanı maraqlı məlumatlar əldə etdik. Adının çəkilməsini istəməyən şəxs Elşadın öldürülməsini “eşşək” sözünü deməsində görür: “Gecə saatlarında ona yaxınlaşan üç nəfər ”Rusalka”ya daxil olmaq istəyib. O da cavabında bildirib ki, girmək olmaz. Onlar içəri keçmək istəyib, Elşad mane olub. Yenə cəhd edəndə mərhum “eşşək, demədim bağlıdır!” deyib. Mübahisə buna görə başlayıb. Nəticədə Elşadı öldürüblər”. Amma yaxınları bu deyilənləri qəbul etmir. Onların fikrincə, “eşşək” sözünə görə adamı öldürmək olmazdı.
Başqa bir məlumatda isə deyilir ki, Elşadı öldürənlər bir neçə gün onu izləyiblər. “Rusalka” masaj salonunun yaxınlığında dükanların birində çalışan fəhlə deyir ki, Elşadı öldürənlər dəfələrlə sözügedən ərazidə olublar: “Onu izləyirdilər. Bir-iki dəfə salona daxil olub, bir neçə dəqiqədən sonra oranı tərk ediblər. Halbuki salona girənlər saatlarla orada qalırlar. Mən bunun bir neçə dəfə şahidi olmuşam”.
Valideynləri PA rəhbərindən tutmuş Baş Prokurorluğa qədər bütün dövlət strukturlarına müraciət ediblər. Hələ ki, bu müraciətlərin nəticəsi yoxdur…
Mərhuma “şram” atmaq lazım imiş?
“Şahidlər bizimlə söhbətində başqa söz deyirlər, məhkəmədə tamam başqa söz. Dəqiq bilirik ki, kimlərsə onlara təzyiq edir. Bizə danışdıqları kimi məhkəmədə ifadə verə bilmirlər. Hamı bir sözlə deyir ki, Elşadı üç nəfər döyə-döyə öldürüb. Bir sözlə, Elşad kimi dünya çempionunu qətlə yetirmək bir nəfərin işi deyil” – deyir Məmmədqasım Qasımov.
Hadisənin daha bir şahidi ilə söhbət zamanı bəlli olur ki, Elşadı öldürən şəxslər hadisə yerindən qaçmaq istəyərkən “Riyad” mühafizə xidmətinin əməkdaşı Fuad Ələkbərova xəsarət yetiriblər: “F.Ələkbərov Elşadı öldürüb qaçanların maşınına doğru irəliləyib açarı götürüb. Onların qaçmasına bir növ mane olmaq istəyib. Elə bu anda hər üç şəxs onun üstünə cumaraq xəsarət yetiriblər. Əminəm ki, onlar Fuadı da öldürmək istəyirdilər. Sadəcə hadisə yerinə ətrafda yaşayan insanların gəlməsi buna mane olub. Onlar da məcbur olub qaçmağa üstünlük veriblər”.
Başqa bir məlumat da öyrənə bildik. Sən demə, Elşadı öldürən zaman hadisə yerində üç yox, dörd nəfər olub. Sonradan məlum olmayan səbəblərdən məhkəmədə dördüncü adamın adı hallanmayıb. Işin gedişindən məlum olan şəxs deyir ki, həmin dördüncü şəxs müəyyən qruplarda belə fikir səsləndirib ki, onlar Elşadı öldürmək istəmirdilər: “Fikirləri mərhuma yalnız ”şram” atmaq olub. Amma iş elə gətirib ki, onlar Elşadı öldürüblər”.
Adının çəkilməsini istəməyən şəxs deyir ki, Elşada dəfələrlə masaj salonu ərazisində söz-söhbətlərə baş qoşmamağı məsləhət görüblər: “Hər dəfə Elşada məlum olmayan ünvandan xəbər gəlirdi ki, ətrafdakı söz-söhbətə girişməsin. Mərhum isə heç vaxt kriminal aləmlə əlaqəli şəxs olmayıb. Sadəcə kasıb-kusublara hörmət edib, dəfələrlə ətrafda səyyar satıcılıq edən şəxslərə kimlərsə mane olanda o buna qarşı çıxıb. Bu da kiməsə yəqin ki, sərf etmirmiş”.
Ramin DEKO