İctimaiyyət nümayəndələri baş redaktoru azad etmək çağırışı ilə Ilham Əliyevə müraciət edəcək
Həbsdə olan jurnalist Eynulla Fətullayevin həyatı təhlükə altındadır, bu barədə dünənki mətbuat konfransında vəkil Anar Qasımov bildirib. Onun sözlərinə görə, Fətullayev qətlə yetirilməsi təhlükəsi ilə əlaqədar könüllü olaraq karserdə qalır və səhhətində ciddi problemlər yaranır.
“Fətullayev məhbusdan daha çox hərbi əsirə oxşayır, o, stress vəziyyətindədir, fasiləsiz olaraq öskürür”, deyə Qasımov bildirib. O qeyd edib ki, Fətullayev karserdə 1 aydan çox qala bilməz və onun təhlükəsizliyinə görə 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq. Vəkil xatırladıb ki, Fətullayev daha təhlükəsiz hesab etdiyi 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülməyi tələb edir. Qasımov həmçinin bildirib ki, jurnalist əfv ərizəsi deyil, prezidentə şəxsi məktub yazıb.
Vəkil jurnalistləri və hüquq müdafiəçilərini Fətullayevin hüquqlarını müdafiə kampaniyasına başlamağa çağırıb.
Fətullayevin həmkarı jurnalist Şahvələd Çobanoğlu Eynullanın həyatına real təhlükə olduğunu bildirib. Onun fikrincə, cəzaçəkmə müəssisəsində canilər jurnalisti aradan götürə bilər. Hüquqi Maarifləndirmə Cəmiyyətinin (HMC) rəhbəri Intiqam Əliyev bildirib ki, dünən bir qrup hüquq müdafiəçisi Fətullayevin işini ABŞ səfiri Metyu Brayza ilə müzakirə ediblər. O, Fətullayevin hüquqları təmin edilmədiyi və o azad edilmədiyi halda kütləvi etiraz aksiyalarına əl atmağa çağırıb. Görüş zamanı Fətullayevin hüquqlarının müdafiəsi üzrə geniş beynəlxalq kampaniya – o cümlədən sosial şəbəkələrdə, – keçirilməsi zərurəti haqqında fikir səslənib.
Müzakirələrin yekunlarına görə jurnalisti azad etmək çağırışı ilə dövlət başçısı Ilham Əliyevin adına müraciət hazırlamaq və imza toplamağa başlamaq qərara alınıb.