Dünən xalqın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin mingəçevirlilərlə görüşündə bir neçə öyrədilmiş adam aranı qarışdırmağa çalışıb, “Ilham”, “Heydər” qışqırıblar. Mingəçevirdən olan fəallar deyirlər ki, həmin bu adamları yaxşı tanıyırlar, yerli icra hakimiyyətindən 5-10 manat alıb belə pis əməllərlə məşğul olanlardır.
Bu da çox köhnəlmiş taktikadır, hələ 2003 seçkilərində, Isa Qəmbərin rayonlardakı görüşlərində də belə yollara tez-tez əl atırdılar. Aradan 10 il keçib və yaptokratlar üçün heç nə dəyişməyib, şüarları yenə “Ilhamla irəli”dir, ümid yerləri yenə öyrədilmiş adamlardır. Internetdə Ilham Əliyevin vəkillərinin rayonlarda “seçicilərlə görüş” adı ilə müəllimləri, həkimləri, hətta orta məktəblərin yuxarı sinif şagirdlərini (onların səs vermək hüququ yoxdur, sadəcə, süni qələbəlik yaratmaq üçündür), dövlət idarələrinin işçilərini toplayıb “seçicilərlə görüş” kimi təqdim olunan ürəkbulandıran mitinqlərdən videolar var. Maraqlananlar baxa bilərlər. Onda görəcəklər ki, həmin mitinqlərdə nə “Heydər” qışqıran var, nə “Ilham”. Amma gəlib bunları Cəmil Həsənlinin görüşündə qışqırırlar. Gülməlidir, amma başadüşüləndir. Ötən 10 ildə ağılları bir addım da irəli getməyib, hələ də öyrədilmiş adamların qabağına sür-sümük atıb xalqın namizədinə hürdürməyi böyük mərifət, qabiliyyət zənn edirlər.
Yeri gəlmişkən, bunu da yazaq: yaptokratlar və onların “qılverənləri” tez-tez deyirdilər ki, artıq müxalifət liderləri köhnəlib, onlar getməli, yerinə yeniləri gəlməlidir. Buyurun, demokratik qüvvələr seçkiyə yeni namizədlə – Cəmil Həsənli ilə gedir, amma demokratik qüvvələrin qarşısına rejim hələ də öz köhnə taktikası – söyüş, təhqir, böhtan, iftira və öz köhnə “tüfəng”ləri – qüdrətlərlə, hafizlərlə, siyavuşlarla, zahid oruclarla çıxır. Müxalifətin namizədi yenidir, amma ona qarşı hücumların mahiyyəti və hücumçuların özləri köhnə olaraq qalır.
Məncə, bu vəziyyət rejimə əks cəbhədə “təkər”ə düşən xeyli adama da dərs olmalıdır. Hansı ki, onlar da, məsələn, “Isa Qəmbər getsin, yenisi gəlsin” trafaretini şüara çeviriblər. Buyurun, bu da real mənzərə: Isa Qəmbər yoxdur, yerində yeni namizəd var, amma bu yeni namizədə qarşı baş verənlərin hamısı köhnə olaraq qalır. Rejim üçün dəyişən heç nə yoxdur. O, zorakılığı və şərləməni, repressiyanı və qarayaxmanı qarşısındakının tanınmış bir alim, elm adamı olmasına rəğmən, dəyişmək fikrində deyil. Çünki yaptokratiya üçün müqəddəs heç bir dəyər, heç bir əxlaqi kriteriya, heç bir hüquqi müstəvi yoxdur. Əgər sistemə qarşı səmimi, həqiqi, real duruşa maliksənsə, səninlə mənəvi və fiziki terror dilindən başqa heç nə ilə danışmayacaqlar.
Məncə, adına “seçki” deyilən bu farsa rejimin özünün iylənmiş, üfunətli, sistemin əsl mahiyyətini, əxlaqını, dünyagörüşünü ifadə və ifşa edən adamlarla getməsi çox faydalı oldu. Xeyli adam reallıq hissini itirməyə başlamışdı, onların ayaqları yerdən üzülmüşdü, oxuduqları kitablar, sahibləndikləri bilgilər onlara Azərbaycan gerçəklərini unutdurmağa başlamışdı, Don Kixotcasına normal, sivil, mədəni, demokratik dünya ölkələrinin siyasi mübarizə üsullarını bizə transfer etmək kimi gülməli xəyallara salmışdı. Onlar həqiqi mənzərəni bir daha gördülər və deyəsən, ayaqları yenidən yerə dəydi.
Hansı ölkədə yaşadıqlarını, hansı sistemlə qarşı-qarşıya dayandıqlarını, kimlərlə və hansı şərtlər altında mücadilə edildiyini qismən də olsa, anladılar.
Inanıram ki, yanılmıram və bu müşahidəm, qənaətim doğrudur.
Əks halda, sulu qar üstündə xizək sürmək fikrinə düşənləri onsuz da sonda gülünc vəziyyətdə qalmaqdan başqa heç nə gözləmir.
Sonda dünən 45 yaşı tamam olan dəyərli dostumuz, vicdanlı aydınımız, Əliyevçi rejimin şərləyərək həbsə göndərdiyi Yadigar Sadıqovu təbrik edir, bağrıma basıram. Onun və bütün məhbus dostlarımızın azadlıq mübarizəsini və mətanətini gələcək nəsillər heç zaman unutmayacaq, minnətdarlıqla xatırlayacaqdır.