Hökmdarımız Azərbaycanı təəccübləndirməkdə davam edir.
Neçə gün öncə rüşvətlə səltənət qurmuş məmurları Baksovetə toplayıb guya ki, onlara təpindi.
Bəzi sadəlövhlər güman edirdilər ki, ən azı bir-iki harının dərsi veriləcək.
Nəticə nə oldu?
O boyda, o çapda toplantı YUMURTA müşavirəsi kimi yaddaşlara keçdi.
Elə o yığıncaqda hökmdar fərman verdi ki, yumurtanın qiymətini aşağı salmaq lazımdır.
Guya ətin, yağın, bananın və digər şeylərin qiyməti xalqın ürəyincə idi, bircə yumurtadan yana narahatçılığı varıydı.
Demə xalqın firavan həyatına yumurtanın qiyməti mane olurmuş.
Dövlətin adının qara siyahılarda hallanmasının də səbəbkarı yumurta imiş.
Və bundan hali olan hökmdar da xalqın ağrıyan dişinin üstünə dərhal analgin qoydu…
Buradaca, rəhmətlik Leonid Iliç Brejnevi yadınıza salım.
Yəhudilər bir lətifə quraşdırmışdılar o zaman.
Yazırdılar ki, Sovet Ittifaqını orden-medal yıxacaq.
Nədən ki, Brejnev orden-medal paylamağın bazı idi.
O qədər cinayətkarı, saxtakarı, yaltağı qəhrəman etmişdi ki.
Indi də Ilham Əliyev Brejnevin etdiklərini təkrarlayır.
Azərbaycanda o qədər fəxri ad, orden-medal təsis olunub ki, gəl görəsən.
Xalqımıza da maşallah olsun, fəxri addan yana, orden-medaldan ötrü sinov gedir.
Nümunə, Mübariz Pənahov.
Adamın MSK adında bir idarəsi var, Şəki xan sarayı onun yanında kasıb komasına bənzəyir.
Evi, bağı, xidməti maşını var Məzahirin.
Oğlunun bahalı maşınları bir yana, əməlləri dillərdə gəzir.
Bir az da dərinə getsən, MSK şefinin ev biznesi ilə məşğul olduğu, neçə-neçə obyektinin varlığı aşkar olacaq.
Kəsəsi, adamın nazir kimi olmasa da, icra başçılarından pis dolanması mümkünsüz.
Bütün bunları Məzahir Pənahovun hansı yolla əldə etdiyini də ki, Azərbaycanda bir südəmər uşaqlar, bir də Anadolu türkləri demişkən XIYAROlar (türk qardaşlarımız daha da effektli və etik çıxsın deyə xiyar yox, xiyaro deyirlər) bilməz.
Yerdə qalanlar hər şeyi yaxşı bilir.
Bilir ki, Məzahir Pənahov Azərbaycanda keçirilən saxta seçkilərin ən son protokoluna möhürünü basan bir zatdır və qazandıqlarının tamamını da o möhürün sayəsində əldə edib.
ATƏT 2010-cu ildə keçirilən parlament seçkilərində baş verən qanun pozuntularından bir kitab boyda hesabat açıqladı.
Beynəlxalq təşkilatlar seçkiləri seçkiyə yox, şouya bənzətdilər.
Seçkilərin saxta keçirildiyini bu məmləkətin Məmmədhəsənləri və Tükəzbanları hələ də təndir başında, çayxanalarda müzakirə etməkdədir.
Ərəblərin qəflət yuxusunda oyanması etiraf edək ki, saxta parlament seçkilərini bir az unutdurmuşdu.
Hökmdarın fərmanı yenidən aranı qatdı.
Məzahirin şöhrətləndirilməsi onun əməllərini bir daha yada saldı.
Indi hansı qəzeti açırsan, Məzahir Pənahovun “Şöhrət”indən yazır…
Sonda iki sualım olacaq, biri oxuculara, biri də səbəbkara.
Oxuculardan soruşuram, Məzahir Pənahov “Şöhrət” ordeninə haqq etdimi?
Və kəndisinə üz tuturam.
Məzahir Pənahov, nəyinizə gərək idi “Şöhrət” ordeni?
Onsuz da, şöhrətindən məmləkət əhli xəbərdar idi.
Yaddan çıxmaqda ikən özünüzü yenidən dilə-dişə saldınız.
Di gəl bundan sonra xalqın dilindən qurtul görüm, necə qurtulursan.
Düşər-düşməzi gərək yaddan çıxarmayaydınız…
Hökmdar mart ayında hələ ki, iki dəfə təəccübləndirib.
Yumurta məsləsində və Məzahir Pənahovu “Şöhrət”ə layiq biləndə.
Üçüncü nə olacaq?