Hakim partiya seçicilərə hesabat verməməyin bəhanəsini tapıb
Sahib Kərimli: «Hakimiyyət cəmiyyətlə açıq müzakirələrə hazır deyil»
Bu ölkədə o qədər qəribə işlər baş verir ki, insan nə deyəcəyini bilmir. Milli Şura 20-ci sahədə mitinq keçirdikdən sonra növbəti mitinqi sentyabrın 22-də keçirdi. Bu gün də “Inşaatçılar” metrosunun yaxınlığında Milli Şuranın seçicilərlə görüş-mitinqi olacaq.
YAP icra katibinin müavini Mübariz Qurbanlı bu mitinqdə 200-300 adamın, Siyavuş Novruzov 2000-3000 adamın, YAP icra katibi Əli Əhmədov isə 5000-6000 adamın iştirak etdiyini söylədi. Əgər hakimiyyət nümayəndələri Cəmil Həsənlinin görüş-mitinqində 6000 adamın iştirak etdiyin etiraf edirsə, deməli, bu mitinqdə ən azı 15000 insan iştirak edib. Əslində, yazımızın məqsədi mitinqdəki insanların sayı ilə bağlı deyil. Yuxarıda qeyd etdiyimiz qəribəlik ondan ibarətdir ki, digər prezidentliyə namizədlər hələ 500 nəfərlik mitinq keçirə bilməyib. Yəni Milli Şuranı 6000-lik mitinq keçirməkdə ittiham edənlər öz elektorat bazalarını bizə göstərməyiblər.
600 min üzvü olan YAP da hələ ki, kütləvi mitinqlər keçirə bilməyib. YAP icra katibinin müavini Siyavuş Novruzov niyə mitinq keçirmədiklərinin səbəbini açıqlayıb. YAP-çı deputat bildirib ki, mitinq keçirmək üçün yer tapa bilmirik. Siyavuş Novruzov partiyanın 600 min üzvü olduğunu və bu qədər seçicinin sığışacağı məkanı tapa bilmədiklərindən gileylənib. O qeyd edib ki, rayonlarda 10-150 min nəfərlik görüşlər keçirilir. Ancaq Bakıda yer üçün axtarışlar gedir.
Biz dəfələrlə YAP-ın rayon görüşlərindən çəkilmiş fotoları oxuculara təqdim etmişik və bu görüşlərin hansı səviyyədə keçdiyini faktlarla göstərmişik.
Ancaq Bakıda YAP-ın mitinq keçirməsi üçün yer tapa bilmədiyini indi eşitdim. Əslində Siyavuş Novruzov etiraf edib ki, ölkədə bütün meydanları rejim mənsubları zəbt edib və həmin meydanların yerində obyektlər ucaldılıb. Ancaq YAP-ın mitinq keçirməsinə bu amilin əngəl törətməsi inandırıcı görünmür.
Bəs, YAP-ın mitinq keçirib, partiyanın namizədi Ilham Əliyevin xalqın qarşısında hesabat verməsinə nə mane olur?
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli bildirdi ki, hakimiyyət cəmiyyətdəki bütün dayaqlarını itirib və hakim partiyanın elektoratı yoxdur: “Hakimiyyət cəmiyyətlə açıq müzakirələrə hazır deyil. Xalqın qarşsına çıxmaq üçün gərəkdir ki, xalqa deməyə sözün olsun. Digər tərəfdən, hakim partiyaya üzvlük süni üsullarla, inzibati resurslar hesabına həyata keçirilir. Bu ölkədə YAP-ın ideallarına, nizamnaməsinə, məramnaməsinə, məqsədinə inanan insan yoxdur. 20 ildə bu partiyanın xalqa verdiyi vədlər həyata keçməyib. Yalnız ölkənin sərvəti talanıb, vətəndaşlar sosial fəlakətə yuvarlanıb. Belə bir partiyanın kütləvi mitinq keçirməsi, absurd görünür. Əgər belə bir mitinq keçirilsə belə, bunun hansı vasitələrlə həyata keçirildiyi heç kimə sirr deyil”.
Ilham Hüseyn