ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycandakı vəziyyətdən danışdı

“Seçkinin nəticəsinə etibar edilməsi üçün ilk sual o olacaq ki, bu seçkidən öncə azad media mühiti vardımı?”

“Məncə Azərbaycanda vəziyyət olduqca mürəkkəbdir. Vətəndaş cəmiyyəti ciddi təzyiqlərə məruz qalır, medianın azadlığı sual altındadır. Ölkədəki korrupsiya ilə bağlı ittihamların araşdırılmasına böyük diqqət göstərən heyrətamiz və cəsur jurnalist Xədicə İsmayılova kimi müstəqil jurnalistlərə böyük təzyiqlər olur”.
Bunu “Azadlıq” radiosuna müsahibəsində ABŞ-ın ATƏT-dəki yeni səfiri Daniel Baer deyib.
“Məncə, Azərbaycan kimi keçid dövrünü yaşayan ölkələrdə demokratiya və tərəqqinin təmin olunması üçün hökumət belə araşdırmalara ancaq tənqid kimi deyil, optimal idarəetmənin həyata keçirilməsi, problemlərin həlli yollarının bir hissəsi kimi baxmalıdır. Hökumətin nəyin düz, nəyin yanlış olduğundan xəbər tutması üçün belə səslərə ehtiyacı var”, – deyə səfir qeyd edib.
“Azadlıq” radiosunun seçkini işıqlandırmasına qadağa qoyulması ilə bağlı YAP-ın tələbi haqda suala Daniel Baer belə cavab verib:
“Azərbaycanda seçkinin nəticəsinə etibar edilməsi, şübhə edilməməsi üçün insanların ilk verəcəyi sual o olacaq ki, bu seçkidən öncə azad media mühiti vardımı? Düşünürəm ki, hökumət seçki gününün uğurlu keçdiyini göstərmək istəyəcək.  Uğurlu keçdiyini göstərmək üçün bir yol odur ki, mediaya daha çox sərbəstlik versinlər. Əmin olsunlar ki, tərəflərdən ancaq birinin daha çox işıqlandırılması kimi ittihamlar olmayacaq. Seçki günü hər hansı media fəaliyyətinin qadağan olunması və ya kəsilməsi qəbuledilməzdir”.