«Azadlıq radiosu»nun keçirdiyi sorğuda Cəmil Həsənli 75.5, İlham Əliyev isə 11.6 faiz səs alıb
Nurəddin Məmmədli: «Ölkədə demokratik seçki keçirilərsə, nəticələr sorğunun yekunları ilə eyni olmalıdır»
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin uğurlu teleçıxışlarının toplumda böyük rəğbətlə qarşılanması, həftə sonu keçirilən izdihamlı mitinq cəmiyyətdə demokratik qüvvələrin ciddi dəstəkləndiyini göstərir. Seçkilərdə Milli Şuranın uğur əldə edə biləcəyini keçirilən bir sıra sorğular da sübut edir. «Azadlıq radiosu»nun sentyabrın 15-dən «prezident seçkisində kimə səs verəcəksən?» sualı ilə keçirilən sorğu da bu qəbildəndir. Ötən müddət ərzində sorğuda iki minə yaxın adam səs verib və səsvermə hələ də davam etməkdədir. Səsvermənin nəticələri isə bu cürdür. Namizədlərin respondentlərdən aldıqdaları səslərin fazi isə bu cürdür: – Cəmil Həsənli 75.5, İlham Əliyev 11.6, İqbal Ağazadə 1.4, Araz Əlizadə 0.8, Sərdar Cəlaloğlu 0.7, İlyas İsmayılov, Qüdrət Həsənquliyev və Hafiz Hacıyev 0.5, Zahid Oruc 0.4, Fərəc Quliyev 0.3 faiz. Heç bir namizədə səs verməyəcəyini deyənlərin isə faiz göstəricisi 7.9-dur.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, «Azadlıq radiosu»nun keçirdiyi sorğu ölkə reallıqlarını və cəmiyyətdə demokratik düşərgəyə olan münasibəti göstərir: «İnternet sorğularında onu keçirən təşkilatın nüfuzu, işinə münasibəti mühüm rol oynayır. Bu baxımdan «Azadlıq radiosu» cəmiyyətdə böyük nüfuza sahibdir. Bu mətbu orqanı Azərbaycanda öz işinə məsuliyyətlə yanaşan KİV-lərdən biridir. Ona görə keçirilən sorğuya şübhə ilə yanaşmağa lüzum yoxdur. Adətən başqa sorğularda insanlar cəmiyyətdəki xofun təsiri altında ölkədəki həqiqəti gizləyirlər, müəyyən təhriflərə yol verirlər. Amma «azadlıq radiosu»nun keçirdiyi sorğuda belə təhlükə yoxdur. Ona görə keçirilən sorğunu obyektiv qiymətləndirmək və nəticələrinin reallığı əks etdirdiyini söyləmək olar. Sorğunun bu cür nəticələnməsinin təəccüblü saymayan N.Məmmədli vurğuladı ki, bu 20 il ərzində aparılan qorxu siyasətinin nəticəsidir: «Əslində rəy sorğusu olmadan da bu ölkədə rejimə münasibətin neqativ olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu baxımdan ölkədə demokratik seçki keçirilərsə, nəticələr sorğunun yekunları ilə eyni olmalıdır».
Xəyal