Sosial şəbəkələrdəki çağırışlar növbəti dəfə paytaxtda fövqəladə vəziyyət yaşatdı
Universitetin mühafizəçiləri «Azadlıq»ın əməkdaşını döydü
“11 mart Böyük Xalq Günü” aksiyasının davamı gəlməkdədir. Dünən bir qrup gənc saat 13:30-a Bakı Dövlət Universitetinin (BDU) qarşısında aksiya elan etmişdi. Facebook sosial şəbəkəsində mərkəz ünvanı BDU göstərilsə də, metronun “28 may”, “Sahil”, “Içərişəhər” stansiyalarında da aksiyalar keçiriləcəyi ehtimal olunurdu. Məhz buna görə də “Azadlıq”ın reportyor qrupu səhər saatlarından sözügedən ünvanlarda idi.
BDU-nun qarşısında aksiya ilə əlaqədar Yasamal Rayon Polis Idarəsinin əməkdaşları əraziyə cəlb olunmuşdu.
Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısı, universitetin ətrafı güclü mühafizə altındaydı. Saat 12 radələrində artıq polislər tələbələrin qrup şəklində gəzməsinə icazə vermir, hər bir hərəkəti nəzarət altında saxlamağa çalışırdı. Həmişəki kimi ərazidə hüquq mühafizə orqanlarının əməkdaşları olduğu hiss edilən mülki geyimli şəxslər çoxluq təşkil edirdi. Məhz buna görə birinci növbənin dərsi 45 dəqiqə tez yekunlaşdı.
BDU-nun qarşısı, metronun universitetə gedən yolunun bağlanması səbəbini ərazidə olan polislərdən öyrənəndə “burada tədbir olmalıdır, yol ona görə bağlanıb” cavabını verdilər.
Asayiş keşikçiləri min bir bəhanə ilə media nümayəndələrini ərazidən uzaqlaşdırmaq istəyirdilər. Amma jurnalistlər hadisə yerində qalmaqda israrlı olduqlarını nümayiş etdirdilər. Məhz bu amilə görə jurnalistlərə təzyiqlər başladı.
Özünü universitetin müəllimi kimi təqdim edən mülki geyimli şəxs “Azadlıq” radiosunun əməkdaşına təzyiq göstərərək kameranı onun əlindən almaq istədi. Daha sonra deyerler.org saytının əməkdaşı Orxan Rzayev çəkiliş apararkən mülki geyimlilər onu BDU-ya apardılar.
Bir neçə dəqiqə keçəndən sonra “Azadlıq” qəzetinin reportyoru Ramin Deko fiziki zorakılığa məruz qaldı. Universitetin mühafizə xidmətinin əməkdaşları əvvəlcə qrup şəklində toplaşan jurnalistlərə yaxınlaşaraq yoldan kənara çıxmağı məsləhət gördü: “Yolu bağlamısınız, maşınların gediş-gəlişinə mane olursunuz”. Jurnalistlər də bildirdilər ki, universitetin qarşısındakı maşın yolunu asayiş keşikçiləri bağlayıb. Bu cavabı eşidən kimi əməkdaşımız Ramin Dekonu mühafizə xidmətinin iki əməkdaşı universitetin həyətinə apardı. Bir neçə müəllimin əhatəsində ona bildirildi ki, o, jurnalist fəaliyyətini həyata keçirməklə tələbələrin dərsinə mane olur: “Təcili surətdə ərazini tərk et. Biz də tədbir keçirəndə jurnalistləri dəvət edirik. Amma sizin kimi yox da…”. Əməkdaşımızı universitetin həyətindən kənara çıxarıb ərazini tərk etməyi tapşırdılar. Onların göstərişini yerinə yetirmədiyini görəndə iki polis və universitetin mühafizə xidmətinin əməkdaşları onu bu dəfə binanın giriş məntəqəsinə apardılar. Onlar Ramin Dekoya bir neçə zərbə də endirəndən sonra “Azadlıq”ın əməkdaşı olduğunu, jurnalist vəsiqəsini nəzərə alıb sərbəst buraxdılar. Halbuki onu universitetə aparanda belə jurnalist olduğunu bilirdilər.
Təxminən yarım saat keçəndən sonra Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev 10 AA 102 dövlət nömrə nişanlı xidməti maşını və müşayiətçi maşınlarla universitetin qarşısında göründü.
“Azadlıq” radiosunun əməkdaşlarına bir neçə polis əməkdaşı “metro stansiyasının yanında təmir getdiyinə görə” buraya toplaşdıqlarını deyiblər.
Saat 17.00-da BDU-nun qarşısında aksiya keçiriləcəyi xəbəri polisi yenidən hərəkətə gətirdi. Universitetin qarşısında uniformalı və mülki geyimli polislər yenidən cəmləşdi. Ərazidə, xüsusən də Fizika-riyaziyyat liseyinə aparan yolda Çevik Polis Alayının çox sayda maşınları keşik çəkir. Polislər 45-50 metr məsafədən bir üç-üç olmaqla patrul xidməti həyata keçirirdilər. Adının açıqlanmasını istəməyən müəllimlər bildiriblər ki, bununla bağlı elə bu saatlarda ali məktəbdə dərslərin yarımçıq dayandırılması və tələbələrin təcili evə buraxılması ilə bağlı rektorluq tapşırıq verib.
Universitetin gənc fəallarından aldığımız məlumata görə, bu aksiya yoxlanış xarakteri daşıyırmış: “Biz hələ insanların diqqətini yoxlayırıq. Hiss edirik ki, aksiyalar insanların marağındadır. Hələ test edirik. Amma yaxın günlərdə izdihamlı mitinq keçirəcəyik”.
BDU-nun rektoru APA-ya açıqlamasında universitetin qarşısında heç bir icazəsiz aksiya keçirilə bilməyəcəyini deyib. Rektor bildirib ki, universitet öz fəaliyyətini adi qaydada davam etdirir: “Tələbələrin dərsə davamiyyətində heç bir dəyişiklik yoxdur. Əksinə, Bakı Dövlət Universitetinin tələbə-müəllim heyəti universitetin qarşısında aksiya keçiriləcəyi barədə yayılan məlumatlardan, təxribatdan narahat olublar. Bununla bağlı mənə müraciət olunub ki, biz də cavab olaraq aksiya keçirək. Lakin biz buna əhəmiyyət vermirik. Bu, əhəmiyyətsiz məsələdir”.
Günün sonunda sosial şəbəkələrdən aldığımız məlumatlara görə, bu gün aksiya keçirilə bilər.
Ramin DEKO, Elmin Həsənli