Illər əvvəl:
Qızımın gözləri qoymur məni
saxtakar rüşvətxor yaltaq olmağa, –
yazmışdım bir şeirdə.
Hələ də heç nə dəyişməyib. Hələ də o gözlər məni uşaqlarımızı əmanət edə biləcəyimiz aydın bir sabah, parlaq bir gələcək üçün susmamağa, razılaşmamağa, “qələmimi qırmağa, amma sındırmamağa” (Mirzə Cəlil) çağırır.
Hələ də o gözlər ata biləcəyim bir yanlış addımdaca oxuyacağı ağırdan ağır ittihamla, kəsəcəyi edamdan betər bir hökmlə məni doğrunun, həqiqətin arxasınca aparır.
***
Bu gün o gözlərin sahibi üçün bir başqa gündür, unudulmaz gündür.
Bu gün Ceylan ilk dəfə məktəbə qədəm qoyacaq.
Ən azı, onun qədər mən də sevincli, mən də həyəcanlıyam.
Amma bu, bir az da buruq sevinc, yarımçıq həyəcandır.
Ikili hisslər var əslində içimdə.
Təhsilin yox edildiyi…
Elmin, bilginin xor görüldüyü…
Məktəblərin sadəcə, şahsevənlik, mütilik aşıladığı bir ölkədə övladını ilk dərsə yola salmağa sonunadək sevinə, fərəhlənə bilmək mümkündürmü?
Məhkəmələrinin ədalətsizlik…
Səhiyyəsinin xəstəlik saçdığı bir ölkənin təhsilinin də cəhalət püskürməsi təbiidir.
Amma başqa yol varmı? Çarə nədir?
Sadəcə, övladlarının normal böyüməsi, həqiqi təhsil alması üçün ölkədən başını götürüb gedən adamlar tanıyıram. Onları bəlkə də qınamaq olar, amma başa düşməmək olmaz.
Qınamaq olar – çünki rejimlər gəldi-gedərdi, bu ölkənin gerçək sahibi əvvəl-axır xalqdır, bizlərik; biz bu ölkəyə sahiblənməsək, nəyin bahasına olur olsun, onun ləyaqətli, işıqlı, azad gələcəyi üçün çarpışmasaq, onu bir ovuc adamın bitib-tükənməyən sərvət və hakimiyyət hərisliyinə təslim etsək, necə baxacağıq bizdən sonrakı nəsillərin üzünə? Onlara susqun, talanmış, mütiləşdirilmiş bir ölkə buraxmağın hesabını necə verəcəyik?
Başa düşməmək olmaz – çünki təhsil, bilgi bu çağın olmazsa olmazıdır. Ən qutsal dəyəridir. Ən tükənməz sərvətidir. Vazkeçilməzidir. Bu üzdən kimlərinsə övladlarına yaxşı təhsil, normal mühit ardınca getməsində təəccüblənməli heç nə yoxdur.
Bizlər – hər nə olur olsun, özünü bu ölkədən kənarda təsəvvür etməyənlər üçünsə can verməkdə olan təhsillə kifayətlənməkdən, onun ümidinə qalmaqdan başqa yol görünmür.
Nə etməli, bu da bizim taleyimizdir: hər şeyi – çörəkdən bilgiyəcən, – dişiylə, dırnağıyla, iynəylə gor qazırmışcasına qazanmaq bizim qismətimizə düşdü.
Hər bir halda, bu gün ilk dərs günüdür və Ceylanı ilk dəfə məktəbə yola salarkən bütün cocuqların qələm tutacaq əllərindən…
Nurunu kitablara axıdacaq gözlərindən öpürəm.
Onların qazanacaqları bilginin, sahib olacaqları ləyaqətin bir gün bu ölkədə gerçəkdən bir dəyəri olacağına ümidim isə tamdır.
Biz onlara belə bir ölkə ərməğan edəcəyik!
Mütləq edəcəyik!
***
Və son olaraq hələ də qız övladlarını məktəbdən uzaq tutan, onlar üçün təhsili gərəksiz, anlamsız sayan, üstəlik, bunu böyük mərifət zənn edən aqrar qafalı, geriçi atalara sözüm var.
Yüzillərdir bu məmləkətin aydın insanlarının ömrü sizlərin dini-mental təfəkkürünüzlə mübarizədə keçdi.
Qızlarını məktəbə yox, ərə göndərmək üçün illəri sayan iyrənc dünyagörüşünüzlə mücadilədə çürüdü.
Yetər artıq!
Artıq bu səfeh inadkarlıqdan, axmaq tərslikdən bir yolluq əl çəkmək, XXI əsrdə belə bir qafada olmağın nə qədər ikrah doğurduğunu anlamaq zamanıdır.
Qızlarınızı təhsildən məhrum edib onlar hələ beşikdə ikən cehiz tədarükü görməkdən vaz keçin. Bu utanca, bu rəzalətə son qoyun.
Unutmayın: günümüzdə bilgisiz, təhsilsiz bir qızın ən gözqamaşdırıcı cehizi belə cır-cındırdan, dəmir-dümürdən, taxta-tuxtadan başqa bir bir məna ifadə etməz.