Türk-müsəlman xalqlarının birliyi arzusu
Ötən əsrin əvvəllərində, Rusiyada bolşevik inqilabı uğrunda gərgin mübarizə getdiyi bir zamanda, bu mübarizənin ön sıralarında yer alan şəxslər arasında tatar millətçisi Mirseyid Sultanqaliyev də vardı. O dövrün fəal mübarizlərindən olan və öz millətinin də xilasını bu inqilabda görən Sultanqaliyev Orta Asiya türk müsəlman xalqları içindən çıxan ilk bolşeviklərdən olub. O, bütün Qafqaz və Orta Asiya regionunda qısa müddətdə kommunistlərin liderinə çevrilə bilmişdi.
Mirseyid Sultanqaliyev 1882-ci ilin iyulun 13-də Başqırdıstanın Kırımsakal qəsəbəsinə bitişik Elimbetova kəndində anadan olub. Ilk təhsilini atasından alan Sultanqaliyev sonra Kazan şəhərində Tatar Pedaqoji Institutuna daxil olur və oranı bitirdikdən sonra bir müddət müəllimliklə məşğul olur. O, eyni zamanda Ufa bələdiyyə Kitabxanasında da işləməyə başlayır. Burada o, solçu Islam milliyyətçiləri və inqilabçılarıyla əlaqələr qurur.
M.Sultanqaliyev müxtəlif qəzetlərdə yazılarla çıxışlar edir. 1915-ci ildə yenidən müəllimlik peşəsinə qayıdan M.Sultanqaliyev Azərbaycana gəlir və Bakıda bir tatar məktəbində müəllim işləməyə başlayır. Bakıda baş verən ictimai-siyasi fəaliyyəti yaxından izləyən M.Sultanqaliyev Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur və fəal şəkildə milli hərəkata qoşulur.
1917-ci ildə Rusiya inqilabı başlayarkən M.Sultanqaliyev Bakıda idi və o, inqilabdan sonra Bütün Rusiya Müsəlmanları Konqresində iştirak etmək üçün Moskvaya çağırılır, orada baş katibliyə seçilir. Bu konqresdən sonra Kazana qayıdan M.Sultanqaliyev burada Molla Nur Vahidovun təşkilatlandırdığı Müsəlman Sosialist Komitəsinə qatılır. 1917-ci ildə Rus Kommunist Partiyasına üzv olur və bolşeviklərlə fəal əlaqələr qurmağa başlayır.
“Vikipedia”da siyasi xadim haqqında verilən məqalədə bildirilir ki, hətta M.Sultanqaliyev imperiya daxilində əzilən türklərin azadlığa qovuşması üçün Qızıl Orduda xidmət edən türkləri çar hökumətinə qarşı təşkilatlandırmağa başlayır.
1918-ci il mayın 10-16-da Moskvada Tatar-Başqırd Cümhuriyyətinin Qurucu Məclis hazırlıq toplantısı keçirildi. Bu özlüyündə böyük tarixi hadisə sayıla bilərdi. Tatar-Başqırd Burjua milliyyətçiləri Əhməd Zəki Vəlidi Toğan və Sədri Maqsudi Arsal bölgə muxtarlıq istəkləri ilə bağlı Leninlə razılığa gələ bilmək üçün mübarizə aparırdı. M.Sultanqaliyev türk-müsəlman xalqların bölünməsinə qarşı idi.
Türklərə qarşı başlanan repressiya
Molla Nur Vahidov və Sultan Qaliyev 1918-ci ilin yayında, 17-20 iyunda Kazanda Müsəlman Bolşeviklərin Bütün Rusiya Konqresini topladılar. Müstəqil dövlət qurma istəyinin müzakirə edildiyi bu konqresdə S.Qaliyev bütün türk və müsəlman xalqların Birləşmiş Cəbhəsi modelini müdafiə etdi.
Burjua millətçisi Zeki Velidi Togan qrupu isə Türk xalqlarının ayrı-ayrı federativ dövlətlər qurması fikrini müdafiə etdilər. Ağlar və çex legionları 1918-ci ilin avqustunda Kazan şəhərinə hücum etdilər. Həmin vaxt Moskvada olan Molla Nur Vahidov Tatar Qızıl alayının başına keçərək Kazana yollandı. Döyüşlərdə əsir düşən Molla Nur edam edildi.
M.Sultanqaliyev 1923-cü ilin aprel ayında maneələrə baxmayaraq, Rusiya Kommunist Partiyasının 12-ci partiya konqresinə qatıldı və orada çıxış etdi. Qısa bir müddət sonra isə Kommunist Partiyasının 4-cü konfransı təşkil edildi və bu konfransdan sonra M.Sultanqaliyev həbs edildi. Onun həbsi xalqa aylar sonra bəyan edildi. Həmin tədbirdə, Rus Kommunist Partiyası Mərkəzi Komitəsinin bölgə və cümhuriyyətlərin məsul əməkçiləri ilə Moskvada Iosif Stalinin rəhbərliyi ilə təşkil edilmiş IV konfransda bəyan edildi. M.Sultanqaliyev Kommunist Partiyası içində nüfuz və etibar qazandığına, inqilab üçün gördüyü xidmətlərə görə həbsdən azad edildi. Bundan sonra M.Sultanqaliyevin fəaliyyəti gizli, çətin və təhlükələrlə zəngin olub.
Rus imperiyasının cəngində əzilən türksoylu xalqların hüquq və haqlarını müdafiə edən M.Sultanqaliyev Sovet dövlətinin iddia etdiyi kimi “bərabərliyə” tək sözdə deyil, əməldə də nail olmaq üçün mübarizəyə başlamışdı. O, Sovet və Kommunist Internasional siyasətini təhlil edən, ona şəxsi fikir bildirən ilk şəxs kimi tanınır. Bu ilk təhlillər birinci növbədə əsarət altındakı xalqların imperializmə qarşı qurtuluş mücadiləsi və dünya inqilabı kimi mövzuları əhatə edirdi. M.Sultanqaliyev çalışırdı ki, imperializm üzərində qələbə çalmaq üçün onların diqqətini Şərqin əsarət altındakı xalqlarına yönəltsin. Bu məqsədlə əsarətdə olan xalqların imperializmə qarşı ilk ortaq toplantısının təşkil edilməsinə xüsusi önəm vermiş və bu ideyanı dəstəkləmişdir.
Böyük aldanışın sonu-güllələnmə…
1920-ci il 1-8 sentyabr tarixlərində Bakıda keçirilən Birinci Şərq Xalqları Qurultayının fikir baxımından ortaya atılmasında Sutanqaliyevin xüsusi rolu var. M.Sultanqaliyev imperiya daxilində əzilən xalqların xilas və qurtuluşunu məhz onların mübarizəsi sayəsində mümkün olacağını qeyd edirdi.
Milli mübarizədə M.Sultanqaliyevin bir sıra dostları və həmfikirləri, xüsusilə də, Mustafa Sübhi qətlə yetirildi. Mustafa Sübhi Bakıda keçirilən Şərq müsəlmanlarının birinci qurultayında iştirak etmiş, başqan seçilmişdi. Yoldaşlarının qətlinə hökumətin, rəsmi dairələrin bir reaksiya verməməsi M.Sultanqaliyevi özündən çıxarmışdı. Bununla bağlı yeganə xatirə və tənqidi yazını da o, özü yazmışdı. Şərq Müsəlmanlarının birinci qurultayında qərara alınmışdı ki, bu tədbir hər il təkrarlansın. Ancaq növbəti il qurultayın toplana bilməməsi, orada qəbul edilən ideyaların həyata keçirilməməsi Sultanqaliyevin düşüncələrinin alt-üst olması demək idi. O, daxilən bütün ruhuyla bu toplantının gələcəkdə Türk müsəlman xalqlarının həmrəyliyi və azadlığa qovuşmasına aparan yol kimi görürdü.
1923-cü ildən başlayaraq, Sultanqaliyev fəaliyyətini gizli davam etdirmişdir. Daim təqiblər və təhlükələrlə üz-üzə olsa da, düşüncə və ideyalarından vaz keçməmiş, onlar uğrunda mübarizəsini davam etdirmişdir. Sultanqaliyev müxtəlif xalqların inqilabçı ziyalılarıyla görüşür, fikir və ideyalarıyla onları mənəvi baxımdan təşkilatlandırırdı. Bu məhdud şəraitdə onun bacardığı son işi idi.
XX əsrin 30-u illərinin ağır repressiya maşını M.Sultanqaliyevdən də yan keçmədi. M.Sultanqaliyev də digərləri kimi anti-inqilabçı, burjua millətçisi damğasıyla günahlandırılaraq, 1940-cı il yanvarın 28-də Levortovo həbsxanasında o dövrün milli təhlükəsizlik orqanı sayılan “KQB” adlanan qurumun əliylə acımasızca güllələnərək qətlə yetirildi.
Ancaq aradan 50 il keçəndən sonra Sovet Ali Məhkəməsinin 1990-cı il aprelin 30-da çıxardığı qərarla M.Sultanqaliyevə bəraət verildi.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir