Gəncliyin «11 Mart»dan başlayan etiraz dalğası Əliyevlər rejiminə son qoymaqda israrlıdır
“11 Mart – Böyük Xalq Günü” adlı “Facebook” qrupunda üzvlərin sayı artmaqda davam edir. Hazırda qrup üzvlərinin sayı 4200-ü keçib. 11 martın, tarix olaraq geridə qalmasına baxmayaraq, qrupda fəal müzakirələr gedir. Gənclər növbəti aksiyalar haqda fikirlərini bölüşürlər. Artıq istifadəçilər martın 14-də BDU qarşısına aksiya təyin etmək təklifini müzakirəyə çıxarıblar.
“11 Mart – Böyük Xalq Günü” qrupunun qurucusu və idarəedicilərindən olan Həbib Müntəzir növbəti aksiyaları real sayır. Bloqçu “Azadlıq”a açıqlamasında “11 Mart”ın Azərbaycan hakimiyyətini qorxuya saldığını bildirib: “11 Mart” hərəkatı olaraq, bizlər ilk addımı atdıq və bu bir başlanğıc idi. Sonun başlanğıcı… Iki həftə ərzində təşkil olunmuş bir “Facebook” səhifəsi sayəsində 18 illik rejimi qorxuya saldıq. Əleyhimizə telekanallar, media vasitəsilə şər-böhtan kampaniyası başladıldı. Deputatlar və “ziyalı” adlandırılanlar sayəsində bizlərə “erməni mənşəli” belə deyildi. Universitetlərdə gənc tələbələri hədələdilər, martın 11-də bir çox universitetlərin qapıları bağlandı. Şəhərin ən işlək iki metro stansiyası – “Sahil” və “28 May” qapadıldı. Bölgələrdə həbslər oldu, gənclər təhdidlərlə üzləşdi. Internet-klublar qapadıldı, polis nəzarətinə götürüldü. Bütün bu təzyiqlər, rejimin özünü itirməsi onu göstərir ki, “11 Mart” aksiyasının başlanğıcı uğurlu oldu və bunun davamı mütləq olacaq”.
“11 Mart” aksiyası zamanı həbs olunan dostlarının azadlığa çıxması üçün çalışdıqlarını deyən Həbib Müntəzir onu da bildirib ki, dünyanın müxtəlif ölkələrində “11 Mart”a dəstək tədbirləri keçirilir, həbsdəki gənclərin buraxılması tələb olunur: “Müxtəlif beynəlxalq təşkilatlara, insan haqları qurumlarına müraciətlər hazırlanır, məlumatlar verilir. Tez bir zamanda gənclərimizin həbsdən azad olunmasına nail olmağa çalışırıq. Bundan sonrakı mərhələdə hansı addımların atılacağı, nə kimi tədbirlərin görüləcəyini isə qısa zamanda ictimaiyyət və media ilə bölüşəcəyik”.
Natiq