Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli təsdiq olundu. O artıq rəsmən prezidentliyə iddialıdır.
Bundan sonra işləmək qalır. Qarşıqa kimi əzmlə işləmək.
Yaxşı bir məsəl var, deyir, tənbələ iş buyurursan, o deyir: “gəl sənə məsləhət verim”. Indi gözəl bir məqam yetişib; Azərbaycan adlı ölkədə zülmün, zillətin yenilməsini istəyən hər kəs, dəyərli bildiyi məsləhətləri sadəcə deyib durmamalıdır, onu bacarığı çərçivəsində işə salmaq üçün də çalışmalıdır.
Cəmil bəyin şansları çox böyükdür, ən ciddi fakt isə onun rəqibinin – Ilham Əliyevin xalq qarşısında bütün etimadını itirməsidir. Bununla belə passiv etirazçılır vəziyyətin dəyişməsi üçün heç vaxt səbəb ola bilməz. Kütləvi narazılıqların, etirazların hərəkətə keçməsi lazımdı. Bu isə özünü aktiv seçki təbliğatında, seçki prosesində göstərməlidir.
Bəzən eşidirəm: Cəmil Həsənlini Azərbaycan seçicisi yaxşı tanımır.
Mən bu fikirdən hirslənib, Cəmil Həsənli kimi ziyalısını tanımayan insan ən azı bunu dilə gətirməyə utanmalıdır – yaza bilərəm, ancaq bu yaxşı səslənməz. Ümumiyyətlə, tarix də, nəzəriyyədə göstərir ki, seçicinin hədələnməsi, onunla yuxarıdan aşağı davranış tərzi ilə rəftar etmək səhvdir, sonu faciədir.
Hətta müqəddəs kitablarda belə peyğəmbərlərə tövsiyyə olunur ki, xalqla danışanda yumşaq ifadələr seçsinlər.
Qaydırıq Cəmil Həsənlinin tanınmamasına. Düşünək ki belədir…
Fəqət, Azərbaycan seçicisi Cəmil Həsənlini tanımasa da, onun dəyişmək istədiyi insanı – Ilham Əliyevi ki, lap əla tanıyır!
Deyəcəksiniz, axı Ilham Əliyevə rəqib olan adamlar təkcə Cəmil Həsənli deyil, bunun hafiz Hacıyevdən, Qüdrət Həsənquliyevə qədər nə boyda sırası var. Gəlin, xalqımızın müdrikliyinə inanaq, namizədlərin cəmi bircə çıxışı bəs edəcək ki, ən hazırlıqsız seçici belə bilsin, Ilham Əliyevi yenmək istəyən kimdi, ona yenilib təbrik etməkdən ötəri əlləşənlər kimlərdi.
Fərz edək ki Cəmil Həsənlini tanıyan azdı…
Bəs siz mənə deyin, bu ölkədə Əli Kərimli də az tanınır?
Isa Qəmbər, Lalə Şövkət, Mirmahmud Mirəlioğlu, Rəsul Quliyev… bunları da tanıyan yoxdu?
Azərbaycanın ən tanınmış və nüfuzli hüquqçuları, söz adamları, ziyalıları, din xadimləri Milli Şurada Cəmil Həsənlinin namizədliyinə “hə” deyiblər.
Azərbaycanın dünyada tanınmış ən parlaq şəxsiyyətlərindən olan Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov Cəmil Həsənli üçün xeyir-dua verib.
Bu qədər adamın sözü etibarlı deyilmi?
Mən Isgəndər Həmidovun bir çıxışını xatırlayıram. 1992-ci il seçkisində belə bir söz işlətmişdi: mənim kimi ipə-sapa yatmayan adam Elçibəyin namizədliyinə razı olmuşamsa, demək, bu adam namizədliyə layiqdir, sözü, şəxsiyyəti möhtəbərdi.
Indi vəziyyət daha asandır, ən müxtəlif xarakterli, platformalı ictimai-siyasi xadimlər Cəmil Həsənli üzərində dayanıb. Onların seçimi heç kor-koranə də deyil. Cəmil Həsənlinin bioqrafiyası Azərbaycanın uğurudur.
Gerçək elm adamı olan, ziyalı mövqeyi ilə seçilən, siyasi səbatsızlıqdan uzaq olan bu insanı seçki yarışından da alnı açıq, üzü ağ çıxarmaq bizim öhdəmizdədir.
Bir az minnət qoymaq kimi çıxmasın, Cəmil Həsənli bu günə qədər əlindən gələni xalq üçün edib, indi bizim növbəmizdir. Həm özümüzü, həm də Cəmil bəyi qazandırmalıyıq.
Ustad Əli Şəriəti yazırdı: “Haqqı bərqərar etmək mümkün deyilsə, batili ifşa, rüsvay etmək olar. Beləliklə, həqiqəti həmişə diri saxlamaq olar…
Həqiqətsevər olaq.