“Həyatı anlayanda həyatdan köçür insan!”. Bəli, yaddaşımda belə misra ilişib qalıb. Özüm də bilmirəm haradandır. Bəlkə də nə vaxtsa oxuduğum bir ortabab şeirdəndir? Bəlkə də hansısa diqqət çəkməyən mahnıdandır?
Nə isə. Xatırlaya bilmirəm. Bəlkə də bu da həyatın bir ironiyasıdır. Onu anlamaq üçün qalın-qalın kitablara, mücərrəd sxemlərə üz tuturuq. Amma sonda bəlli olur ki, axtardığımız həqiqət çox sadə bir misrada ifadə olunub.
Elə bir misarada ki, onu dilə gətirməyi də özümüzə yaraşdırmırıq. Axı necə yaraşdırasan ki, Nobel mükafatlı yazarların kitablarında eşələnərkən birdən aid bir şairin də kitabını da tələsik vərəqləyirsən və düşünürsən ki, axı bu adi şair nə yaza bilər?
Amma illər keçir, məlum olur ki, əsl yazmalı şeyi elə məhz həmin o adi şair yazıb, bizim kiçik diqqətimizi belə əsirgədiyimiz hansısa adi bir şair. Bunu başa düşəndə gec olur, nə o şairi tapmaq olur, nə də itirilmiş vaxtları geri qaytarmaq. Onda bütün için yanıb tökülür və özün-özünə düşünürsən ki, necə olub ki, mən bu sadə həqiqəti əvvəl başa düşməmişəm, necə olub ki, həmin bu misranı əvvəllər görməmişəm?
Burada bir primitiv zərb-məsəli xatırlamaqdan başqa çarə qalmır. Bəlkə də onun da primitivliyi simvolikdir, çünki primitiv yaşanmış həyatın başqa nəticəsi, yekunu olmur, onun nəticəsi, ümumiləşməsi də primitiv olur. Qərəz, gəlin xatırlayaq həmin zərb-məsəli: sonrakı peşimançılıq fayda verməz.
Bəli, siyasətdən yazmaq istədiyim növbəti yazı belə lirik girişlə başladı. Baxıram, hamı ağzı köpüklənə-köpüklənə öz həqiqətlərinə inandırmaq istəyir səni. Görürsən ki, danışdıqları cəfəngiyyatdır, bir çürük qoza da dəyməz, amma danışır. Demək istəyirsən ki, qardaşım, sənin-mənim həqiqətim olmur, həqiqət bir olur, ya onu dilə gətirməyə cəsarətin çatır, ya da başqaları kimi yalan danışırsan.
Bəlkə də bizim ən böyük səhvimiz bu olub ki, siyasətdə həqiqət axtarmışıq. Bəlkə də siyasət başlayan yerdə həqiqət qurtarır. Bilmirəm. Amma anladığım budur ki, bizim arxasınca getdiyimiz adamlar minlərin rəğbətinin bir neçə adamın müti “sədaqət”inə dəyişdilər.
Sədaqət sözünü ona görə dırnaqda yazıram ki, onu da görmüşük. Onu da görmək bizə qismət oldu. Bəziləri bir vaxt ağzı köpüklənə-köpüklənə isbat etmək istədiyi şeyləri elə ağzı köpüklənə-köpüklənə də inkar etməli oldular. Ona görə də daha “köpüklü həqiqətlər”ə inanmırıq.
Hər dəfə də özümüzə sual veririk ki, axı niyə belə olur? Amma cavab sadədir: başqa necə olmalı idi ki? Təsəvvürümüzdə özümüz üçün bütlər yaratmışdıq və həmin o bütlərdən elə bütlərə layiq də davranış gözləyirdik. Amma məsələ də elə bundadır ki, onlar büt deyildilər, kiçik, xırda Nəsrullahlar idilər. Onları biz bu səviyyəyə qaldırmışıq. Bəlkə də onların heç bir günahı da yoxdur. Onlar da adi adamlardır, milyonlardan biridir. Sadəcə, biz həyatda öz yolumuzu açmaq əvəzinə onların bizim üçün yol açmasını istəmişik. Bəlkə onların iddialarını da biz yaratmışıq.
Halbuki həyatda hər birimiz öz yolumuzu, irizimizi tapa bilərdik. Onlara güc verən bizim zəifliyimiz olub. Onları qaldıran bizim enişimiz olub. Bunu başa düşmək üçün bir ömür çox deyildimi? Axı bunu bir günə, bir aya da başa düşmək olardı!
Bütün həyatımızı oduna çevirəndən sonra durub axmaqcasına hələ bir “Mən bunu başa düşdüm!” də deyirik. Nəyi başa düşdün? O şeyi ki, onu bəlkə də dünyanın ən avara adamları bircə günün içində başa düşmüşdülər? Sən nəyi başa düşmüsən? Onu ki, özündən mif yaratmısan, sonra da həmin o miflərin boş şey olduğunu dərk etmisən?
Gülməli deyilmi? Həmişə zəiflər özünə büt axtarır. Həmişə zəiflər dünyanı kiminsə kölgəsində yaşamaq istəyir. Həmişə zəiflər öndə gedən yox, arxada gələn olurlar.
Bunu başa düşmək üçün bir ömür çox deyilmi? Bəlkə də sənin mifə çevirdiyin insanlar da yazıqdırlar. Bəlkə də onlar da tək qalanda için-için sızıldayır və axı “Mən bunu bacarmıram!” deyirlər. Kim bilir? Bəlkə onlar da ən yaxınlarına “Bunlar məni böyük adam, hər şey qadir bir şəxs bilirlər, amma mən belə deyiləm, belə doğulmamışam!” deyirlər? Kim bilir?
Bəlkə onlarda heç günah yoxdur? Bəlkə bir daha özümüzə özümüzü şikəst etdiyimiz üçün bir sual verməliyik: axı kimdir müqəssir?