Gülağa Aslanlı: «Prezidentliyə namizəd olan şəxs təbliğatın icazə verilmədiyi dövrdə heç bir təbliğatla məşğul olmamalıdır»
Anar Məmmədli: «Bununla bağlı qeydiyyatdan keçmiş digər namizədlər məsələ qaldıra bilər»
Bəlli olduğu kimi, dövlət başçısı Ilham Əliyev artıq rəsmən qeydiyyatdan keçərək prezidentliyə namizədliyi irəli sürülüb. Lakin il boyu təbliğat aparatının işləməsinə baxmayaraq o, namizədliyi irəli sürüləndən sonra da bölgələrdə səfərdə olur və müxtəlif obyektlərin açılışında iştirak edir. Bir namizəd kimi, prezidentin bu addımı Seçki Məcəlləsi və qanunvericiliyə uyğundurmu?
Müsavat başqanının müavini Gülağa Aslanlı söyləyir ki, normal və demokratik ölkələrdə namizədliyi irəli sürülən prezident və baş nazir seçki kampaniyası dövründə öz səlahiyyətlərini dayandırır. Gülağa bəy həmçinin əlavə edir ki, prezidentliyə namizəd olan şəxs xüsusilə təbliğatın icazə verlimədiyi dövrdə heç bir təbliğatla məşğul olmur: “Amma Azərbaycanda tamamilə bunun əksini görürük. Seçki kampaniyası başlayan dövrdən Ilham Əliyev əhalinin əməkhaqlarının 10 faiz qaldırılması barədə sərəncamlar verir. Əlbəttə, əhalinin maaşlarının artırılmasının əleyhinə deyilik. Lakin bu addımların hazırkı dövrdə atılması, televiziyada I.Əliyevin görüşlərinin yarım saat verilməsi, təbii ki, Seçki Məcəlləsinə ziddir və Mərkəzi Seçki Komissiyası bu barədə tədbir görməlidir”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikrincə, cəmiyyət bu məsələylə ilk dəfə deyil ki, rastlaşır. Belə ki, bu problem neçə illərdir ölkədə yaşanır: “Azərbaycanda prezident seçkiləri zamanı namizəd qeydə alınandan sonra onun fəaliyyətinin seçkiqabağı təşviqat kimi qimyətləndirilməsiylə bağlı MSK fəaliyyətsizlik nümayiş etdirir. Bu məsələylə bağlı qeydiyyatdan keçmiş digər namizədlər məsələ qaldıra və MSK-ya müraciət edə bilərlər. I.Əliyev dövlət başçısı və eyni zamanda, prezidentliyə namzəddir, onun verdiyi bəyanatların nə dərəcədə seçkiqabağı təşviqata aid olub-olmadığını MSK araşdırmalı və qiymət verməlidir”.
Nigar