Həyat yoldaşı Rəfiqə Təbrizli: «Sirus Təbrizlinin heç bir şikayəti olmayıb»
Azərbaycan xalq hərəkatının fəallarından olmuş məşhur ictimai-siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, bu haqda ilk xəbəri www.azadliq.info yayıb.
Sirus Təbrizli Nabrandakı bağ evində vəfat edib.
Mərhumun həyat yoldaşı Rəfiqə Təbrizli “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, Sirus Təbrizlinin heç bir şikayəti olmayıb: “Elə yuxuda keçinib. Hər gün dənizdə çimirdi, gəzirdi. Biz iyul ayından Nabrandayıq. Qonaqlarımız, uşaqlarımız gəlmişdilər, onlar getdilər, biz ikimiz qaldıq. Qapını açdıq ki, uzanmış vəziyyətdədir. Eynəyi gözündə, oxuduğu kitab da düşüb sinəsinin üstündə… Sonuncu oxuduğu kitab Putinlə bağlı idi – ”Yesli bı ya bıl russkiy çar…”. Ölümü ilə də o, heç kimi incitmədi”.
Mərhumun meyiti tibbi müayinədən keçmək üçün dünən günorta saatlarında Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya birliyinin Quba rayon şöbəsinə gətirilib. Bununla bağlı ANS-ə açıqlama verən Qubanın tibb eksperti Çingiz Isgəndərovun sözlərinə görə, mərhumun nəşi məhkəmə tibbi müayinəsindən keçirilib: “Məhkəmə tibbi müayinəsi zamanı onun bədənində hər hansı bir xəsarət və zorakılıq aşkar edilməyib. Daxili müayinə zamanı onun ürək-qan-damar sistemində kəskin qan-damar çatışmazlığı aşkar edilib. Ilkin səbəb olaraq göstərmək olar ki, ölümə səbəb də kəskin qan-damar çatışmazlığı olub”.
Sirus Təbrizlinin qızı Sevinc Təbrizli atasının ölümü ilə bağlı bunları deyib: “Bircə onu deyə bilərəm ki, yalnız anamız onun yanında olub. Bizlər Sirus Təbrizlinin nə qədər dövlətinə və vətəninə bir sadiq insan olmasını dəyərləndirə bilmədik. Bircə ona heyfslənirəm, başqa heç nə deyə bilmirəm. Bundan artıq danışmaq istəmirəm”.
Tibbi müayinədən sonra S.Təbrizlinin cənazəsi ailə üzvülərinin və yaxın dostlarının iştirakı ilə Bakıya gətirildi. Göy məsciddə nəşi yuyulduqdan sonra Bilgəhdəki bağ evinə aparıldı.
Sirus Təbrizli bu gün saat 13:00-da dəfn olunacaq. Ancaq onun harada dəfn olunacağı məlum deyil.
Mərhumun dostu vəkil Aslan Ismayılov “Facebook” səhifəsində bunları qeyd edib: “Bir çox insanlar mənə zəng edib Sirus Təbrizlinin harada dəfn ediləcəyini soruşurlar. Harada dəfn olunacağını bilmirəm. Bildiyim odur ki, çoxlarından fərqli olaraq məhz Sirus Təbrizlinin Fəxri xiyabanda dəfn olunmağa haqqı var”.
“Mən onun ölümünə təəssüflənirəm. Bu xəbəri eşitmək mənim üçün ağır oldu” – bunu Modern.az saytına açıqlamasında “91-lər” hərəkatının üzvü, keçmiş deputat Şahlar Əsgərov deyib.
Sirus Təbrizlinin Azərbaycan ictimai-siyasi tarixindəki fəaliyyətini qiymətləndirərkən qeyd edib ki, o, tanınmış jurnalist və ictimai xadim olmaqla yanaşı, Azərbaycanın azadlığı uğrunda da fəal mübarizə aparıb. “Bu acı xəbəri üzüntü ilə qarşılayıram. Bu saat danışmaq mənim üçün çətindir. Sirus Təbrizlinin tarixdə yadda qalan əməlləri olub. Allah rəhmət eləsin!”.
Ötən gün “Azadlıq”ın əməkdaşı həm Göy məsciddə, həm də Sirus Təbrizlinin bağ evində olub. Yaxınlarının “Azadlıq”a verdiyi məlumata görə, idmanla həddindən artıq çox məşğul olurdu: “Müayinə olunub, bilinəcək nədir, nə deyil. Evində olub, axşam çörəyini yeyib, səhər də… Allah işidir də. Ürəyindən şikayətlənirdi. Infarkt keçirdiyini deyə bilmərik, ancaq ürəyindən şikayətlənirdi”.
Ramin DEKO