Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin türmədən göndərdiyi o məhşur açıqlama ilə yəqin ki, tanışsınız. Illərdir ki, onun hüquqlarını müdafiə edən, bu yolda inanılmaz təyziq və represiyyalara məruz qalmış professor Cəmil Həsənli ilə 8 ildir ki, onu həbsdə çürüdən rejimin başında duran prezident arasında “seçim edən” sabiq nazir… üstünlüyü ikinciyə verir…
Fərhad Əliyev haqqında çox yazılıb, çox deyilib. Kimisi onun xəyanətə qurban getdiyi, kimisi Kəmaləddin Heydərovun, kimisi Bəylər Əyyubovun, başqa biriləri isə Ramiz Mehdiyevin qəzəbinə gəlməsi haqqında əfsanələrə üstünlük verir. Bəziləri isə, onun məhz “Hamı yerli mal alsın, xeyir Vətənə qalsın” şüarının güdazına getməsinə daha çox inanırlar. Bəri başdan deyim ki, bu da nisbətən ağlabatan fərziyyələrdən biridir. Bir gün gedəcəkləri üçün məmurlar pullarını havaya sovurmaq istəmirlər. Odur ki, adi bel sapını, hətta yuxa yaymaq üçün oxlovu belə xaricdən alırıq. Mən hələ corabı, dəftər-qələmi demirəm…
F.Əliyevin həbs edilməsinin əsas səbəblərindən biri kimi də onun türk olduğunu irəli sürənlər olsa da, bu o qədər də inandırıcı görünmür. Başda əli dubinkalı Ramil Usubov olmaqla, iqtidarda kifayət qədər türk əsilli(!) məmurlar var və xalqla davranışda nəinki başqalarından fərqlənmirlər, hətta çox vaxt qeyrilərini ötüb keçirlər. Nə isə, keçək mətləbə.
…8 il həbsdə yatasan, indiyə qədər sənə qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmayasan, çıxmağına il yarım qalmış, səni müdafiə edəni qoyub, həbsdə çürüdəni dəstəkləyəsən. Oxşar məntiqlə, gərək Rəsul Quliyev indi Ilham Əliyevin vəkili olmalıydı, Hüseyn Abdullayev də Almaniyadan birbaşa Naxçıvana getməli idi.
Rejim inanılmaz çabalar sayəsində, Azərbaycanı 66 il(!) əvvələ, 1937-ci ilə sürükləyir…
Bu gün Azərbaycanda millətin təəssübünü çəkən ziyalılarla rejimin əl quzusu kimi bəslədiyi ziyalıların (mərhum Əbülfəz Elçibəy onlara “zənbil ziyalıları” deyirdi – X.Ə.) mübarizəsi üslub və xarakter baxmından buna əyani sübutdur…
…Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Böyükağa Talıblı… saymaqla qurtarmaz. Onlar haqqında donos yazanları rejim tədris vəsaitlərində gənc nəslə korifey kimi təqdim edir. Bilirsiniz niyə?
Məqsəd onların müasirlərinə mənəvi stimul yaratmaqdır. Yəni sən şər, böhtan at, gələcəyin üçün də güldən-çiçəkdən, erməniyə nifrətdən bir-iki cızmaqara et, imkan düşəndə də barıtı az eləmək şərti ilə bir az gileylən, incimərik.
Iki gün əvvəl mətbuatda deputat yazıçı Hüseynbala Mirələmovun bir müsahibəsi gözümə sataşdı. Düzü, başlıqdakı “dəniz kənarını hasarlayanlar” ifadəsi məni cəlb etdi. Azərbaycanda uşaqdan-böyüyə hər kəs Xəzərsahili ərazilərin kimlər tərəfindən hasarlandığını gözəl bilir. Azərbaycan şəraitində buna üsyan edən deputat, üstəlik, YAP funkisioneri bunu etməzdən əvvəl hər şeylə vidalaşmalıdır, axı…
Sən demə, başlıq blef imiş, deputat yol kənarına hasar çəkən bələdiyyələri tənqid edirmiş. Özü də ad çəkməmək şərti ilə. Bu rejimin imkan verdiyi “standart tənqid paketi”dir. Kənara çıxmaq olmaz. Deputatın azad fikirli ziyalılara, müxalifətə ünvanladığı təhqirlərin sayı-hesabı isə, yoxdur. Onları sadalamaq fikrindən uzağam, ancaq həmkarı (o da özünü yazıçı hesab edir – X.Ə.) Rüstəm Ibrahimbəyov haqqında dediyi bir cümləni nəzərinizə çatdırmaq istəyirəm:
“Mən Rüstəm Ibrahimovu böyük yazıçı hesab etmirəm”… Necə deyərlər “no comment”.
Istər 1937-ci ildə, istərsə də 2013-cü ildə eyni missiyanı yerinə yetirən “ziyalılar” bunu vətəndaş mövqeyi kimi qələmə verirdilər. Yəni Xəzər dənizinin sahilini dədə malı kimi hasara alanlara etiraz edən ziyalılar Vətənə xəyanət edirlər. Çəpiş ətini ceyran kababı kimi xalqa sırıyan deputat, YAP funkisioneri isə onları “ifşa” edir. Faciədir, deyilmi, əziz oxucu…
Rejimin başqa bir ziyalısı, “professor” Nizami Cəfərli oxşar mövzuya münasibəti ilə bizi nə az, nə çox düz 66 il əvvələ apardı, buyurun:
“Belə çıxır ki, Rüstəm Ibrahimbəyov Rusiya agentliyinə müsahibəsində Azərbaycan xalqının üzünə tüpürə (??? – X.Ə.), Azərbaycan hakimiyyətini hər cür olan və olmayan əməldə ittiham edə bilər və bu, normaldır?”.
Sizi bilmirəm, mən bu “professor”un hüquq mühafizə orqanlarında işləməməsini son 20 ildə başımıza gələn ən xoş hadisələrdən biri kimi qiymətləndirirəm…