«Evsiz qalanlara isə yalnız daşın və sementin pulu veriləcək»
Məlum olduğu kimi, ölkə başçısı Ilham Əliyev evlərin qeydə alınması mexanizminin hazırlanmasına dair göstəriş verib. Xatırladaq ki, təxminən bir il əvvəl də bu məsələ gündəmə gəlmişdi. O zaman hava şəraitinin pisləşməsi səbəbindən paytaxtın işıqsız qalması qanunsuz tikililəri gündəmə gətirdi. Belə ki, yarımstansiya yaxınlığında inşa edilən qanunsuz evlər təmir briqadalarının həmin əraziyə daxil olmasına problem yaratmışdı.
Problemin araşdırılması zamanı məlum oldu ki, qaz xətləri, yüksək gərginlikli elektrik xətləri keçən, metro stansiyalarının tikiləcəyi ərazilərdə, Neft Şirkətinə məxsus ərazilərdə, mühafizə zolaqlarında, dəmir yolu xətlərinin və magistral yolların yaxınlığında on minlərlə belə yaşayış evi var. Hətta ötən il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin araşdırmasında məlum olub ki, belə evlərin sayı yarım milyona yaxındır. Bəs dövlət başçısının tapşırığı yerinə yetirilərkən bu evlərin aqibəti necə olacaq?
“Əmlak Bazarı Iştirakçıları” Ictimai Birliyinin icraçı direktoru Ramil Osmanlı Nazirlər Kabinetinin müvafiq göstərişi əsasında aidiyyəti qurumlar, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC, Nəqliyyat Nazirliyi, Azərenerji ASC, “Azəriqaz” Istehsalat Birliyi, Azərsu ASC araşdırma həyata keçirməli idi. Artıq bu evlərlə bağlı Nazirlər Kabinetinin qərarının olacağı da gözlənilir.
Ekspert həmin evlərdə yaşayan şəxslərin köçürülməsi məsələsinə baxılacağını da qeyd etdi: “Əldə etdiyimiz məlumatlara görə, qanunsuz tikililərin sahiblərinə kompensasiya ödənilməli və onların köçürülməsi məsələsinə baxılmalıdır. Prezidentin tapşırığı var ki, tikdiyi evin sənədinin olub-olmamasından asılı olmayaraq heç kim yaşadığı yerdən kompensasiya ödənilmədən çölə atıla bilməz”.
Lakin əldə etdiyimiz digər məlumata görə, evlərinin sənədləri qaydasında olanlar köçürülmə zamanı tam kompensasiya alacaq. Yəni bura həm torpağın, həm də tikinti materiallarının pulu daxildir. Sənədləri qaydasında olmayanlara isə yalnız tikinti materiallarına görə kompensasiya ödəniləcək.
Fizzə