Sumqayıt oliqarxlarının yaxınları hədəfə götürülüb
Taksi sürücüsü icra başçısını necə əsəbiləşdirib?
Sumqayıtın yeni icra başçısı Eldar Əzizovun sələfi Vaqif Əliyevin komandası ilə işləmək niyyətində olmadığı barədə məlumat vermişdik. Bildirmişdik ki, Eldar Əzizov bir neçə gün əvvəl keçirdiyi müşavirədə Vaqif Əliyevin fəaliyyətini sərt tənqid etməklə buna işarə vurub. Müşavirədən bir gün sonra yeni icra başçısı müavinlərindən birini – Akif Quliyevi vəzifəsindən azad etməsi onun komandanı yeniləməkdə israrlı olduğunu göstərir.
Oxucuların diqqətinə çatdıraq ki, Akif Quliyev dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyevin qardaşıdır. Akif Quliyevin işdən çıxarılması xəbərindən sonra Eldar Əzizovun daha bir müavinini tutduğu vəzifədən azad etməsi barədə məlumat yayılıb. Bu şəxs isə Akif Zeynalovdur. Akif Zeynalov Abşeronun icra başçısı Zakir Fərəcovun qudasıdır. Yeri gəlmişkən, o, həm də Şamaxıda həbs edilən bələdiyyə sədri Mürvət Zeynalovun qardaşıdır.
Lakin Eldar Əzizov bununla kifayətlənməyib. Məlumatlara görə, yeni icra başçısı Sumqayıt mənzillərin uçotu, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin rəisi Gülsarə Əhmədovanı və Ticarət Departamentinin rəhbəri Vilayət Quliyevi də vəzifəsindən azad edib. Həmçinin Memarlıq və Şəhərsalma Idarəsinin rəisi Məmli Quliyevdən möhürü alıb.
Məmli Quliyev Vaqif Əliyevin ən etibarlı kadrı sayılıb və Sumqayıtda sabiq icra başçısının “metrə” ləqəbi qazanmasında onun da mühüm rolu olub. Yəni, Vaqif Əliyevin göstərişi ilə Sumqayıtda, demək olar, gözə dəyən ərazilərin satılmasını məhz Məmli Quliyev həyata keçirib. Gülsarə Əhmədovaya gəlincə, o, Əbdürrəhman Vəzirovun dövründən bu vəzifədə çalışırdı.
Eldar Əzizovun keçirdiyi müşavirə ilə bağlı da maraqlı məlumat yayılıb. Müşavirə iştirakçılarından biri “Bizim yol” qəzetinə bildirib ki, yeni icra başçısı iclasa mülki formada gələn hüquq-mühafizə orqanlarının rəhbərlərini geri qaytararaq formalarını geyinmələrini tələb edib. Buna görə iclas bir neçə saat ləngiyib. Eldar Əzizov Rəyasət Heyətində nə müavinlərinin, nə də hüquq-mühafizə orqanlarının rəhbərlərinin əyləşməsinə icazə verib. O, ayağa qaldırıb həbslə hədələdiyi büdcə təşkilatlarının rəhbərləri haqqında şəhər prokuroru Dağlar Zeynalova göstəriş verirmiş.
Toplantıda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sumqayıt mərkəzinin rəisi Ağarza Əhədovun çıxışı zamanı isə maraqlı hadisə baş verib. Ağarza Əhədov ünvanlı sosial yardımın vaxtında verildiyini söyləyərkən, tədbir iştirakçılarından biri “xeyr, əvvəlcədən 6 aylığı verməsək, ala bilmirik” deyib. Ağarza Əhədovun bu replikaya cavabı belə olub: “Bu, 2 ay əvvəl belə idi, indi hər şey qaydasındadır”. Eldar Əzizov və müşavirə iştirakçıları bunu gülüşlə qarşılayıb.
Məlumatlara görə, yeni icra başçısının əsas hədəfi Sumqayıtda “Univermaq Zaman” kimi tanınan sahibkar Zaman Isgəndərovun, “Qaçqınkom” sədri Əli Həsənovun və Bəylər Əyyubovun nəzarətində olan kürd qruplaşmasıdır.
Müşavirədə əsasən bu şəxslərə yaxın məmurların tənqid edilməsi də bunu göstərir.
Bu arada məlumat almışıq ki, Eldar Əzizovun Sumqayıtda “başmaq seyri”nə çıxması bir taksi sürücüsünün həbsinə səbəb olub. Məlumatlara görə, icra başçısı taksilərdən birinə əyləşərək sürücünün Sumqayıta yeni rəhbər təyin olunması ilə bağlı fikrini öyrənmək istəyib. Eldar Əzizov onu tanımayan sürücüyə deyib: “Deyirlər Sumqayıta yeni icra başçısı təyin edilib, görəsən necə olacaq?” Sürücünün cavabı sərt olub: “Köhnə icra başçısı nə… yedi ki, təzəsi də nə… yesin”. Sürücünün bu cavabı Eldar Əzizovu bərk əsəbiləşdirib və o, taksini şəhər polis idarəsinə sürdürüb. Sürücü yalnız orada bilib ki, onunla danışan yeni icra başçısı imiş. Məlumatlara görə, həmin sürücü inzibati qaydada cəzalandırılıb. Bu hadisə Sumqayıtda dillər əzbəridir. Sürücü ilə icra başçısının dialoqunu bir-birinə gülə-gülə danışan sumqayıtlılar Eldar Əzizovla bağlı yeni maraqlı hadisələr gözləyirlər.
İnformasiya şöbəsi