Əyyub Kərim sabiq deputata maksimum cəza istəniləcəyini bildirir
“Gülər Əhmədova ilə bağlı iş məhkəməyə gedəcək və hesab edirəm ki, prokuror sabiq deputata maksimum cəza istəyəcək”. Bu sözləri “Azadlıq”-a tanınmış hüquqşünas, “Femida-007″ qəzetinin baş redaktoru Əyyub Kərim sabiq deputat Gülər Əhmədova ilə bağlı cinayət işini şərh edərkən bildirib. Əyyub Kərimin fikrincə, sabiq deputat barəsində başlanan cinayət işinə xitam veriləcəyi barədə mülahizələri bölüşmür:
”Gülər Əhmədova Elşad Abdullayevin yaydığı video əsasında həbs edilib. Ona dələduzluq maddəsilə ittiham irəli sürülüb. Arqument gətirilir ki, Elşad Abdullayev bu işdə zərərçəkən kimi tanınmayıb. Digər tərəfdən mandat qalmaqalının əsas qəhrəmanlarından olan Sevinc Babayeva həyatda yoxdur. Iddia edilir ki, bu halda Gülər Əhmədovaya irəli sürülən ittihamın sübut edilməsi müşkülə çevriləcək. Yaxud yaranmış situasiyadan istifadə edilərək sabiq deputat azadlığa buraxılacaq. Bu ehtimalları bölüşmürəm. Arzu Kazımovla bağlı işdə də Elşad Abdullayev zərərçəkən kimi tanınmamışdı. Üstəgəl, Arzu Kazımov zərəri ödəmişdi. Amma bütün bunlar onun azadlığa çıxması üçün əsas olmadı. Gülər Əhmədova isə zərəri ödəməyib. Digər tərəfdən ona Sevinc Babayeva ilə bağlı da ittiham irəli sürülüb. Yəni, Gülər Əhmədova yalnız dələduzluq maddəsi ilə mühakimə olunmayacaq”.
Hüquqşünas əminliklə bildirib ki, Gülər Əhmədova məhkəmə qarşısına çıxacaq: “Mən buna əminəm. Indi Gülər xanım özünü orada necə aparacaq, bu artıq ayrı məsələdir. Amma Gülər Əhmədovaya qarşı irəli sürülən ittihamlar məhkəmədə də müdafiə olunacaq və ona 9-10 il iş istəniləcək. Zərərin ödənilməsinə gəlincə, bu bir az mübahisəli ola bilər. Istintaq hesab edir ki, Elşad Abdullayev həmin pulları rüşvət kimi verib, ona görə də sabiq rektor zərərçəkən kimi tanınmayıb. Amma hər bir halda həmin pullar geri qaytarılmalıdır. Elşad Abdullayevə olmasa da, dövlətə”.
Əyyub Kərim Gülər Əhmədovanın məhkəmədə şok açıqlamalar verib-verməyəcəyi barədə bunları deyib: “Gülər Əhmədova vaxtilə demişdi ki, ağzımı açdırmayın. Ona görə də hər şey ola bilər. Yaxşısı budur hadisələri qabaqlamayaq, gözləyək”.
Azad