Paytaxt sakinləri imza toplayanları görmədiklərini deyirlər
Tanınmış ictimai xadimlərin də qapısını döyən yoxdur
Bu ilin 9 oktyabrında keçiriləcək prezident seçkilərinə namizədlərin sayı artıq 20-ni keçib. MSK-ya müraciət edənlərin hamısının (yalnız Rüstəm Ibrahimbəyovdan başqa – red.) namizədliyi təsdiqlənib. Hər bir namizədə 900 vərəqdən ibarət olan 45 min imza vərəqi verilib.
Nəzərə alsaq ki, parlament seçkilərindən fərqli olaraq prezident seçkilərində seçici bir namizəd üçün imza verə bilər. Bu isə o deməkdir ki, namizədlərin qeydə alınması üçün 1 milyon seçici imza atmalıdır.
Ilham Əliyevin adından istifadə edənlər…
Ölkədə seçicilərin sayı 4 milyondan bir qədər artıqdır. Bu seçicilərin bir qismi isə ölkədən kənarda yaşayır. Rusiyaya və başqa ölkələrə iş dalınca gedən azərbaycanlıların əksəriyyəti seçkilərdən kənarda qalır. Onu da nəzərə alsaq ki, seçkidə iştirak edənlərin böyük bir qismi Bakıda yaşayır. Deməli, orta hesabla, hər iki mənzildən birindən imza alınmalıdır.
Ancaq namizədlərin seçki qərargahlarının çox kiçik qismi imzatoplama kampaniyasında iştirak edir.
Moderator.az-ın məlumatına görə, imza toplaya bilməyən namizədlər YAP-ın namizədi Ilham Əliyevin adından istifadə edir.
Müxalifətdən yalnız Milli Şuranın namizədi Cəmil Həsənlinin və ReAL Vətəndaş Hərəkatının sədri Ilqar Məmmədovun seçki qərargahlarının üzvlərinin Bakıda və rayonlarda imzatoplama kampaniyasında fəal iştirak etdiyi görünür.
Ancaq digər şəxslərin əksəriyyəti sadəcə seyrçi mövqedə dayanıb. Bəzi məlumatlara görə, namizədlərin əksəriyyətinin seçki qərargahlarının üzvləri kampaniyada iştirak etmir. Yerlərdə MIS rəislərinin, bələdiyyə sədrlərinin tapşırığı əsasında onların sənədləri qaydasına salınır. Verilən məlumata görə, hakimiyyət seçkidə öz işini asanlaşdırmaq üçün səsləri parçalamaq naminə daha çox şəxsin iştirak etməsini təmin edir.
“Gəlmirlərsə, deməli imza toplamırlar”
Şəhərin bir neçə yerində sorğu keçirdik. Söhbət etdiyimiz şəxslərin, demək olar, əksəriyyəti qapılarının imza atmaq üçün döyülmədiyini dedi. Metronun “Nizami”, “Gənclik” stansiyasının yaxınlığında yaşayan sakinlər siyahıdakı namizədlərin əksəriyyətini tanımır.
Gülnar Hüseynova qapılarını hələ ki, heç kimin döymədiyini deyir: “Kimsə bizdən imza istəməyib. Birinci kim gəlsə, ona imza verəcəyik”.
67 yaşlı Həmid Cəbrayılov da heç bir namizədin imza vərəqini görmədiyini söyləyir. Adlarını çəkdiyimiz şəxslərin çoxunu tanımadığını deyən müsahibimiz bildirdi ki, seçkidə iştirak etmək fikri yoxdur.
24 yaşlı Zaur Hüseynov isə qapılarının döyüldüyünü, gələnlərin isə Cəmil Həsənlinin seçki qərargahının üzvləri olduğunu dedi: “Gələnlər Cəmil Həsənlinin adamları idi. Ailədə 8 nəfərik. Onun 6 nəfəri seçicidir ki, hamımız da səs verdik”.
Zaur Hüseynov imza vərəqələrinə avqustun 31-də imza atdığını deyir. Nə ondan əvvəl, nə də sonra kimsə imza vərəqələri üçün qapımıza gəlib: “Deyilənə görə, bir seçici yalnız bir nəfərə imza verə bilər. Ancaq kim bilir ki, biz səs vermişik, yoxsa yox. Ən azı qapını döyə bilərlər, sonra bizdən ”imzamızı başqasına vermişik” cavabını eşidə bilərlər. Gəlmirlərsə, deməli, imza toplamırlar”.
“O qədər imkanları var ki, kimə istəsələr, səs yığdıra bilərlər”
Sadə vətəndaşlarla yanaşı ictimaiyyətin tanınmış simaları da qapılarının kiminsə döymədiyini deyirlər.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, nə ondan, nə də yaxınlarından kimsə imza vərəqələrinə imza atmağı xahiş edib: “Mənə çox maraqlıdır, bu qədər namizəd üçün imzalar necə toplanır. Yəqin ki, ”JEK” işçiləri, hərbi hissələrdəki əsgərlərin əlləri ilə bu məsələni çözürlər. Yəni o qədər imkanları var ki, kimə istəsələr, səs yığdıra bilərlər. Dərd bizim dərddir. Cəmil Həsənliyə imza atan şəxslərin sənədləri bir-bir yoxlanılacaq. Hətta imzaları ekspertizaya da verəcəklər. Mənim də narahatçılığım ondandır ki, “JEK” işçiləri mənim adımdan kiməsə imza verərlər. Ona görə də sosial şəbəkələrdə elan etmişəm ki, gəlsinlər səsimizi verək. Nə məndən, nə ailə üzvlərimdən, nə qohumlarından imza istənilib”.
Tanınmış jurnalist Qulu Məhərrəmli də heç bir namizədin imza vərəqinə imza atmadığını söylədi. O, yarızarafat, yarıciddi “Hələlik, belə bir xoşbəxtlik bizə nəsib olmayıb” dedi. Qulu Məhərrəmli tanıdığı adamlardan da kiminsə namizədliyinin qeydə alınması üçün imza vərəqələrinə imza atdığını eşitməyib.
Vəkil Müzəffər Baxışov da ona müraciətin edilmədiyini söylədi: “Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq prezidentliyə namizədin qeydə alınması üçün heç kim mənə müraciət etməyib”.
“Əslində indi hər bir imza uğrundan mübarizə getməlidir”
Köşə yazarı Zamin Hacı imza vərəqəsinə imza atdığını deyir: “NIDA Vətəndaş Hərəkatının fəalları ilə rastlaşmışam. Onlar məndən birləşmiş müxalifətin namizədi Cəmil Həsənlinin qeydə alınması üçün imza alıblar”.
Zamin Hacının sözlərinə görə, başqa namizədlərin seçki qərargahlarının üzvlərindən heç kim onun qapısını döyməyib: “Nə kimsə qapımızı döyüb, nə də yolda qarşıma çıxıb. Çox maraqlıdır ki, əvvəlki illərdə ən azı iki-üç namizədin seçki qərargahının üzvləri ilə rastlaşmışam. Bu dəfə isə bunun əksidir. Qəribəsi odur ki, namizədlərin sayı indi daha çoxdur. Indi hər bir imza uğrundan mübarizə getməlidir. Hər tində adamın qarşısını kəsdirməlidirlər. Ancaq, ümumiyyətlə, görünmürlər”.
Hərbçi jurnalist Üzeyir Cəfərov builki seçkilərdə də bu qədər namizədin qeydə alınmasının yalnız bir məqsəd güddüyünü söyləyir: “Həm Məzahir Pənahovun saxtakarlığına don geyindirmək, həm də televiziyalardakı tənqidlərin qarşısını almaq üçündür. Normalda debatda iki-üç namizəd olmalı idisə, indi 21 nəfər efirə çıxacaq. Arif Quliyevin məşhur misalı ”salam-sağ ol” kimi olacaq. Bununla da məsələ yekunlaşacaq”.
Heç kimin onun qapısını döymədiyini deyən Üzeyir Cəfərov bildirir ki, məmuniyyətlə layiqli namizədə imza verə bilər: “Ancaq heç kim qapımızı döyməyib. Nə də dost-tanışdan hansısa namizədə imza verildiyini eşitmişəm. Əksinə, hökumətin adamlarının müxtəlif adlar altında əraziləri gəzmək və şəxsiyyət vəsiqələri seriyasını soruşmaq mənzərəsi ilə rastlaşmışam: ”Soruşanda özlərini FHN-in işçiləri kimi təqdim ediblər. Guya qaz sayğaclarının təhlükəsizliyi ilə bağlı iş aparırlar. Vəsiqə istəmişəm, imtina edib gediblər. Biz sözlə, Azərbaycanda demokratik seçki keçiriləcəyinə qətiyyən inanmıram”.
Ramin DEKO