«Insan gərək yarınanda da müəllimlik ləyaqətini, insafı unutmasın»
Elmələr Akademiyasının vitse-prezidenti, millət vəkili Isa Həbibbəyli “Kaspi” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan xalqı Rüstəm Ibrahimbəyovu nə siyasətçi, nə də yazıçı kimi qəbul etmir və bu adamın Azərbaycanda müsbət imici yoxdur. Onun müxalifət düşərgəsində olmağı, müxalifətin xalqdan uzaq düşməsinin göstəricisdir.
Cəmil Həsənli haqqında isə bunları söyləyib: “Cəmil Həsənli siyasi fəaliyyətlə deyil, elmlə məşğul olsa, daha yaxşı olar. Cəmil Həsənli müxalifət düşərgəsində Rüstəm Ibrahimbəyovun nə rəqibi, nə də əvəzedicisi kimi də güclü görünmür. Cəmil Həsənli öz siyasi həyatını və siyasi keçmişini yaşamış adamdır. Cəmil Həsənlinin özünün də üzv olduğu Milli Şuranın, eləcə də Ziyalılar Forumunun bütövlükdə Azərbaycan cəmiyyətində nüfuzu yoxdur”.
Tanınmış ziyalı Kamil Vəli Isa Həbibbəylinin fikirlərinə münasibətində bildirdi ki, Isa Həbibbəylinin fikirləri siyasi intriqadan başqa bir şey deyil və ziyalı adına yaraşmır: “Isa Həbibbəyli Rüstəm Ibrahimbəyovun yaradıcılığından bixəbərdi, əks halda bu cür danışmazdı. Onun pyeslərini, hekayələrini oxumağı Isa Həbibbəyliyə tövsiyyə edərdim. Rüstəm Ibrahimbəyov ”Ultimatum” pyesini yazıb, Azərbaycan Xalq Cümhuriyyətinin haqqını ortaya qoyanda, Isa Həbibbəyli namizədlik dissertasiyası yazırdı. Hamının sevə-sevə baxdığı “Bir cənub şəhərində” filmi var ki, Azərbaycanda neorealizmin ifadəsidir və dünya standartlarına cavab verən bir filmdir. Bu filmin də ssenari müəllifi Rüstəm Ibrahimbəyovdur. Rüstəm Ibrahimbəyov nəinki Azərbaycanın, dünyanın ən yaxşı kinematoqraflarından biridir. Onun aldığı mükafat da bunu sübut edir. Dünyanın ən peşəkar kino xadimləri arasında sorğu aparsaq, Rüstəm bəyin adı o sorğuda mütləq var”.
Kamil Vəli onu da əlavə etdi ki, insan gərək yarınanda da müəllimlik ləyaqətini, insafı unutmasın: “Mən Isa Həbibbəylini bu haqsız fikirləri ifadə etməkdə qınayıram. Cəmil Həsənli haqqında mənfi fikir bildirmək heç kimə başucalığı gətirməz. Cəmil Həsənli dünyada tanınmış, hörmət edilən bir ziyalıdır. Mən Isa Həbibbəylini orta səviyyəli ədəbiyyatçı hesab edirəm və məsləhət görürəm ki, başını aşağı salıb işiylə məşğul olsun”
Ilham Hüseyn