Gənc fəalın anası maraqlı bir faktın üstünü açdı
“Bəxtiyar Hacıyev əqidəsindən dönən deyil. Bir pedaqoq kimi, onun ağıllı gənc olmasına şübhəm yoxdur. Onun heç bir günahı yoxdur və həbsi siyasi baxışları ilə bağlıdır. Fəxr edirəm ki, Bəxtiyar kimi oğul böyütmüşəm”. Bu sözləri “Yeni Müsavat”ın Gəncədə müxbirinə həbsdə olan gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin anası deyib.
Solidə Mövlayeva bildirib ki, Bəxtiyar Hacıyev hakimiyyətin qəzəbinə Harvard Universitetinə daxil olandan gəlib: “Ona oxumasına şərait yaratmaq əvəzinə sıxışdırmağa başladılar. Bir müddət sonra onu “susmayaq.biz” saytı yaratdığına görə həbs etdilər. O zaman ona 15 sutka vermişdilər. Lakin bizdə olan məlumata görə, onu o zaman prezident İlham Əliyevin göstərişi ilə 2 gün sonra Apelyasiya Məhkəməsindən azad etdilər. Bundan bir az sonra – 2007-ci il fevralın 2-də – Gənclər Günündə prezident İlham Əliyev fəal gənclərlə görüş keçirərkən Bəxtiyarı da o qrupda qəbul edib. Bunu biz indiyədək demək istəmirdik. Lakin istədim bu faktı da cəmiyyət bilsin. Həmin vaxt gənclər İlham Əliyevlə şəkil çəkdirib, Bəxtiyara zarafatla deyib ki. polislər səni saxlayanda bu fotonu göstərəsən”.