Qubad Ibadoğlu: «Artım əsasən sosial-iqtisadi amillərlə bağlıdır»
Ölkənin mənzil bazarında bu ilin əvvəlindən başlayan qiymət artımı iyul ayında da davam edib. “Əmlak Bazarı Iştirakçıları” Ictimai Birliyindən “Trend”ə bildirilib ki, bu, 2013-cü ilin iyul ayında paytaxtın ilkin mənzil bazarında aparılan növbəti araşdırmalardan sonra məlum olub.
Ilkin mənzil bazarı iyulda da aktivlik və qiymət artımı ilə davam edib. Ucuz yaşayış mənzillərinin satış həcmində və qiymət indeksində artım müşahidə edilib. Mənzillərin satışında, əsasən də ucuz mənzil bazarında aktivlik meylləri artıb. Iyul ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə bir kvadratmetr üzrə orta qiymət göstəricisi ötən aydakı 884,1 manata qarşı 0,3 faiz artaraq 886,5 manat təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,6 faiz, ötən ilə nisbətdə isə 11,3 faiz artımla yadda qalıb. Qiymətlərdə 2008-ci ilin sentyabr ayı – böhran dövrüylə müqayisədə 25,8 faiz azalma müşahidə edilsə də, bu ilin əvvəlilə müqayisədə 5,6 faiz artım müşahidə edilib.
Görəsən, əmlak bazarındakı qiymət artımı kirayə evlərin qiymətinə necə təsir edəcək? Axı əmlak bazarındakı qiymət artımı kirayə bazarını da arxasınca aparır. Adətən, kirayə evlərə tələbələr və gənc ailələr daha çox müraciət edir. Kirayə ev bazarında qiymətlərin artması tələbələrin oxumaq imkanlarını xeyli azaldır və onları təhsili buraxaraq iş arxasınca qaçmağa məcbur edir. Bu baxımdan, kirayə evlərin qiymətinin artmasının səbəbi nədir?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu deyir ki, bahalaşma əsasən sosial-iqtisadi amillərlə əlaqəlidir. Ekspertin sözlərinə görə, kirayə ev verən insanlar aldıqları pulun hesabına öz xərclərini, yəni, yaşayış həddini təmin edə bilmədikləri üçün təklif etdikləri kirayə haqqını artırmağa başlayırlar: “Bütövlükdə iqtisadiyyatda qiymətlər artır. Ən çox qiymət artımı ərzaq bazarı və xidmət sektorundadır. Bundan sonra isə əmlak bazarı gəlir. Əmlak bazarında kirayə haqqı qeyd etdiyim amillərə görə artır. Eləcə də, əmlak bazarında kirayə ev verən ayrı-ayrı subyektlərdir. Digər tərəfdən, əvvəllər kirayə təklif olunan evlər hazırda qalmayıb. Bu evlər əsasən şəhərin mərkəzində, xüsusilə də sökülən ərazilərdə idi. Indi oralarda parklar salınıb və insanlar köçürülüb. Potensial kirayə təklifi kimi çıxış edən ərazilər indi yoxdur”.
Qubad Ibadoğlu kirayə ev bazarında belə məcburi qiymət artımının ümumi qiymətlərin bahalaşmasına təsir göstərdiyini söyləyir. Bir sözlə, ümumi xərclərin artımı qiymətlərin bahalaşmasına gətirib çıxarır. Bu vəziyyət isə hələ ki, davam edəcək.
Nigar