Son zamanlar fövqəlnazirin möhtəşəm fəaliyyəti sayəsində rayonumuzda keçirilən çeşidli festival və tədbirlərdən macal tapıb heç nə yaza bilməmişəm. Üstəlik, qonorara umud olub aldığım borclar da şişib artır. Bu iki münasibəti birləşdirib arxivə göz atanda əlimə belə bir nağıl keçdi:
“Biri vardı, biri yoxdu
Heykəlləri, parkları,
Toqquşan maraqları,
Macəralı gecələri,
Körpüləri, küçələri” – nəyə, kimə xidmət etdiyi bilinməyən bir ölkə vardı. Bu ölkənin xalqı və ölkə olduğu üçün padşahı vardı. Həmin padşah qayçısını götürüb tez-tez ölkəni səyahətə çıxarmış. Bu səfərə aylarla hazırlaşan yerli darğalar tez-bazar tikib ora-burasını bəzədikləri obyektlərin girişinə qırmızı lent bağlayardılar ki, padşah gəlib həmin qırmızı lentləri kəssin. Çox zaman lentini kəsdiyi yerin nə üçün tikildiyini və nəyə lazım olduğunu bilməyən padşah həmin mərasimə uyğun hazırlanmış tamaşanın baş rolunun ifaçısına bənzəyərdi. Aktyor ssenaridən çıxmamaq şərtilə öz oyununa nə qədər rəng qata bilərdisə, həmin tədbirlərdə həmin padşahın gücü, səlahiyyəti də məhz o qədər imiş. Sərbəstlik padşaha yalnız sərvət və mülkiyyət məsləsində verilirdi ki, o da bunu lazımınca qiymətləndirməyi bacarırdı. Bəzən elə olurdu ki, hətta başqa böyük ölkələrin padşahları da bilirdilər ki:
“Uzaq-uzaq diyarlarda
Malı-malı qatan kimdi,
Milyonları yatan kimdi”,
Bilirdilər, amma kimsə səsini çıxartmırdı. Çünki onu da bilirdilər ki:
“Onsuz da bu ulu dünya
Təzadlarla dolu dünya
Bizlərdən yorulub, doyubdu
Tülküyə-çaqqala uyubdu.
O tülkü, o çaqqal cənablar,
Saqqalsız ağsaqqal cənablar,
Allahdan bixəbər hacılar,
Kişi libasında bacılar,
Rəhbərlər, başçılar, təlxəklər
Iblis xislətində mələklər
Xalqından bixəbər deputat
Barmaqda fırlanan bu həyat” – bizim bərkiyib alın yazısına dönmüş qismətimizdi. Bu yazını pozmaq üçün özümüz yuxudan ayılmayınca kimsə bizi ayılda bilməz.
…Yuxumun bu yerində qonşu divarı silkələyib məni oyatdı ki, guya möhkəm xoruldayırammış. Tövbəəstəfürla, bu yaxınlarda kabus görüb həmin divarı döyəcləyərək etdiyim fəryadı “eşitməyən” qonşu zəifcə xorultunu necə eşidibmiş? O gecə səsimə çəpərin o tayından gələnlər olmasaydı mən də bu harayın yuxu olduğunu zənn eliyərdim, amma nə isə ki, yuxu deyilmiş. Bütün bunlara rəğmən o zaman qonşumdan incimədim, çünki qulaq dediyin həmişə darı dəlməz ki… Üstəlik, darı dediyin də bir tərsavand tarlanın məhsulu ola… Nə biləsən nə qələt qarışdırıb, kimin boğazında qalıb yenə? Durub-dururkən adam ağrımaz başına niyə dəsmal sarısın ki? Zatən, kişili-arvadlı, dəsmallı-dəsmalsız başımızı birtəhər girləyirik. Heç olmasa hər xırda məsələyə görə bir-birimizdən inciməyək. Incitmək məsələsinə zatən bizsiz də da yuxarılar baxıb toplu halında payımızı verirlər…
Eh gidi dünya, “niyyətin hara, mənzilin ora”, deyiblər. Əslində mənim məqsədim də hirsimdən yazdığım bu şeiri köşələrin birində əritmək idi. Özü də buna çoxdan əlləşirəm, intəhası şeirdi deyə heç cür əmələ gəlmirdi. Indi mən həmin yazını parçalara ayırıb üstündə izahını da verirəm ki, bəlkə bu şeirin yükü üstümdən götürülə. Niyəsini soruşmayın, çünki:
Nə fərqi varmış ki,
Bizə bu taleyi kim yazdı,
Bizə bu qazanı kim asdı?
Onsuz da bir ümid, təsəlli yeri yox
Daha bir kimsənin kimsədən sirri yox
Soruşma gözümün qarası,
Ay atam, ay adam balası
Möhtəşəm villalar, qəsrlər kimindir?
Düşmən əlindəki əsirlər kimindir?
Bir parça çörəyə tamarzı bu xalqın
Haqqını kim udub talayır,
Kim-kimin əlini,
Zəncirdə itinin dilini yalayır?
Soruşma kim-kimin nökəri, quludur,
Ya hansı eşşəyin çuludur?
Kimlərin əliylə adımız
Seçkidən-seçkiyə
Adam cərgəsinə yazılır,
Özünün əliylə bu xalqın
Əsarət məzarı qazılır!
Soruşma yazan kim, qazan kim,
Soruşma bu nə sirr, nə tilsim?
Ağrıtma başını,
Axıtma gözünün yaşını.
Xəyal qur, fərz elə bizimdir:
Bu torpaq, bu dəniz,
Altı neft, üstü kef ölkəmiz!
Necə ki, xəyallar azaddır.
Xəyaldan o yana yasaqdır…