«Yumurta etirazına» görə Sahib Kərimova beş sutka həbs cəzası verildi
Şəki şəhər məhkəməsi AXCP sədrinin müşaviri Sahib Kərimovun 5 gün azadlıqdan məhrum edilməsi haqda qərar verib. Iki nəfər polis əməkdaşı S.Kərimovun üzünə durub ki, guya o, ictimai yerdə dövlət əleyhinə təbliğat aparırmış. Məhkəmə də “ictimai yerlərdə dövlət əleyhinə çağırış” ittihamı ilə beş sutkalıq həbs qərarını çıxarıb.
Qeyd edək ki, Şəki şəhər Polis Idarəsinin əməkdaşları Sahib Kərimova yaxınlaşaraq onlarla getməyini istəyiblər. AXCP sədrinin müşaviri bunun səbəbini soruşduqda polislər “rəis tapşırıb, səninlə görüşmək istəyir” deyərək onu zorla polis maşınına oturdaraq, şöbəyə aparıblar.
Sahib Kərimov həbs edilərkən onun yanında olmuş AXCP-nin Şəki təşkilatının üzvü Əli Abdullayev “Azadlıq” radiosuna açıqlamasında hadisənin necə baş verdiyini danışıb: “Biz təxminən on adam, əlimizdə yumurta Şəkidə gəzişirdik. Biz etiraz əlaməti olaraq yumurta götürmüşdük. Axı prezident yumurtadan yox, Qarabağdan, korrupsiyadan danışmalıdır. Bu vaxt polis bizi saxladı. Polis rəisinin müavini Niyazi Məmmədov yaxınlaşdı ki, rəis sizinlə görüşmək istəyir. Dörd saat gözlədik.
Sahib Kərimovun məhkəməsində bizi içəri buraxmadılar. Amma qapıdan eşitdim ki, polis ifadə verir. Deyir ki, Sahib Kərimov guya əlində yumurta atıb-tutmaqla kənardakılara işarə verirdi, dövlətçiliyə qarşı nəsə hazırlayırdılar. Belə gülünc məhkəmə idi”.
Əli Abdullayevin sözlərinə görə, “11 Mart – Böyük Xalq Günü” ilə əlaqədar dünən Şəkidə polis nəzarəti gücləndirilib. Xüsusən də məscid ətrafına 70-80 polis əməkdaşı toplanıb.
Şəki Şəhər Polis Idarəsindən isə Sahib Kərimovun saxlanmasının səbəbilə bağlı məlumat vermək istəməyiblər.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə hadisədən xəbərsiz olduğunu bildirib. Bu haqda yalnız martın 12-də məlumat verə biləcəyini deyib.
İnformasiya şöbəsi