8 Martı da birtəhər yola verdik. Ona görə belə deyirəm ki, bu ölkədə bayramı yola vermək özü də böyük igidlikdir. Nə demək olardı qadınlarımıza? Volter ərz edirdi ki, həyatda o kəslər qalib gəlir ki, onları qadınlar müdafiə edir. Hə, doğrudan da belədir. Amma söz sarıdan bir qədər kasadıq, hərçənd ki, bir vaxtlar B.Okucava buyururdu ki, bəlağətli, pafoslu sözlərə xəsislik etməyin. Nə deyək? Onu deyək ki, ömrümüzü mənalı mübarizədə, döyüşdə keçirmək əvəzinə, parlaq mübarizədə və döyüşdə ölməli ikən, həyatı siqaret sümürə-sümürə nərd taxtası arxasında heç etdik? Onu deyək ki, onların bu dünyaya gətirdiyi məsum körpələr üçün nə təhlükəsiz vətən, nə ədalətli quruluş, nə də bir firavan həyat qoyub gedə bildik… Bəli, deməyə söz yox. Amma elə o da var ki, ağllı insanlar “qadın ürəyi okeandır” – deyiblər, okean isə hər şeyi özündə əritmək gücündədir. Daha nə demək olar? Bir daha deyirəm ki, artıq sözümüz də tükənibdir, bu rejim bizləri lap lal etdi.
Davam edir həbslər!
Bəli, sanki elan olunmamış fövqəladə vəziyyətdir, bir gün birini tutur, sabah o birisini saxlayırlar. Amma təəccüblənməyə dəyərmi? Bu ölkədə fövqəladə vəziyyət fövqəladə vəziyyətə çevrilib, adidən də adi olub. Təxminən bir on il bundan əvvəl yazmışdım ki, bu ölkədə soyuq vətəndaş müharibəsi gedir. Ilk baxışda heç nə yoxdur, zahirən hər şey sakitdir. Amma soyuq müharibə elə beləcə olmurmu? Onun barrikadaları ürəklərdən keçir, insanlar bircə-bircə ürəklərini tutaraq bu dünyaya “əlvida!” – deyirlər. Tutulanlar, təqib edilənlər də gənclərdir. Bu isə o deməkdir ki, meydanda gənclikdir, hə, daha meydanı onlara etibar etmək olar. Nədənsə “Ovod” romanı yadıma düşdü. Heç özüm də bilmirəm nədən? Bəlkə yazının əvvəlində dediyim pafosa elə özümüz də ehtiyac duyuruq? Bəli, bu 21-ci əsr və onun nano-psixologiyası! Artıq lap yorub bizi!
Beynəlxalq hüquq nə vaxt humanistləşəcək?
Bir gözüm elə Liviyadadır, son xəbərlərə baxıram, görüm vəziyyət necədir? Bəli, Qəzzafi görünməmiş zorakılığa əl atdı. Etiraz edən insanlara qarşı nə az, nə də çox, aviasiyadan istifadə etmək! Bir dəfə demişdim, indi bir daha da təkrar edirəm: ötən əsrin birinci yarısında Ispaniyada baş vermiş böyük vətəndaş müharibəsindən sonra belə hal yadıma gəlmir! Bəli, tanklar olub. Ruslar dəfələrlə etiraz edən dinc əhaliyə qarşı tankların gücündən istifadə ediblər. Budapeşt, Praqa, Bakı, Tbilisi və Vilnüs – kim bunları unuda bilər? Amma aviasiya lap ağ oldu – Qəzzafi özünün psixologiyasında problemlər olduğunu özü təsdiq etdi. Dünya da durub sakitcə baxır. Mənə belə gəlir ki, belə hallar üçün xüsusi humanitar hüquq işlənməlidir. Bəli, hansısa despot, hansısa müstəbid dinc əhaliyə qarşı ən müasir silahlardan istifadə edəcək və dünya da susub duracaq! Bu, humanist məntiqlə uzlaşırmı? Bəziləri ərz edir ki, sadə liviyalılar da müdaxilənin əleyhinədir. Bəs onda elə Qəzzafinin müzdlu afrikalılardan istifadə etməsi hansı məntiqə uyğundur? Bunun özü müdaxilə deyilmi? Düzdür, elə siyasətin məntiqi budur ki, o heç vaxt formal məntiq çərçivələrinə sığmır. Amma despotlar, müstəbidlər üçün bir çərçivə düşünməyin vaxtıdır – bunu da 21-ci əsr tələb edir, özünün nano-məntiqi ilə!
Kiçik sözardı
Bu həbslər dalğası nə ilə bitəcək? Hər şey addım-addım başqa ölkələrin təcrübəsini xatırladır. Əvvəlcə avtoritarizmə qarşı ciddi etiraz hiss olunmur. Sonra etirazlar dalğası başlayır və tədricən hər şey zor müstəvisinə keçir. Öncə bu müstəvidə avtoritar hakimiyyət daha güclü görünür, ancaq bu müvəqqətidir. Sonda etirazlar avtoritarizmin zorakı üsulları qarşısında nəinki geri çəkilmir, hətta ona üstün gəlir. Əvvəldə məntiqdən danışdım. Sadəcə, başa düşə bilmirəm, məlum yolu təkrar etməyə nə ehtiyac var? Xüsusən də nəzərə alanda ki, bu yolun sonu elə artıq görünməkdədir və bu son yaxşı heç nə vəd etmir! Bəli, siyasi mərəzlərdən biri də ulduz xəstəliyidir, “siyasi ulduzlar” reallıq hissini itirirlər, hətta belə bir sadə həqiqəti də unudurlar ki, bütün yollar gec-tez bir mənzil başına aparıb çıxarır…