Siyasi dələduzlar hansı arqumentlə Cəmil Həsənliyə qarşıdır?
Cəmil Həsənli Milli Şuranın namizədi kimi tanınanda mən yalançı vətənpərvərlərin, saxta millətsevərlərin halına acıdım. Onların bazarı pis bağlandı. Rüstəm Ibrahimbəyov bu zümrə üçün ağ çörək üstündə yağ misalındaydı. Sifətlərinə millət təəssübkeşi maskası taxıb müxalifəti öz aləmlərində yıxıb kəsirdilər.
Milli Şuranı az qala, rus ordusunun bir taboruna tay tuturdular. Ermənipərəstin biri olmuşduq, az qala…
Və bu an Cümhuriyyətin nadir araşdırmaçılarından, milli dəyərlərin qətiyyətli müdafiəçisi Cəmil Həsənli meydana çıxır.
Erməni qırğınlarını tədqiq edən bir alim, ziyalı…
Köhnə bayatılar Cəmil müəllimi görcək mənasız oldu. Pərtlik yaşayan əks cəbhədəki maskalılar isə hər belə faktdan dinə-imana gəlsəydi, nə vardı ki…
Indi onlar təzə dəst-xətt tapıblar.
Bəs bilməzsinizmi, Cəmil müəllim yaxşı adamdı, gözəl insandı, qüvvətli alimdi, fəqət siz bilmirsiniz, onun siyasi bacarığı, siyasi təcürübəsi, xarizması yoxdur. Belə adam necə uğur gətirə bilər?
Iş ki bu həddə çatıb, onda biz görünən dağa bələdçilik edək.
Əziz oxucu və seçici, Cəmil Həsənlinin elm və dərrakə sahibi olduğunu heç kim mübahisələndirmədiyindən biz məhz onun siyasi yönünə baxaq. Cəmil Həsənli hələ sovet zamanında ölkədə yeganə siyasi proqram olan “Planetimizin mənzərəsi” verilişinin aparıcılarından biri olub. Ölkədə əksəriyyət üçün siyasətin qapısı bağlı olanda o, siyasətlə məşğul olub, siyasi təhlillər, şərhlər edib.
Xalq hərəkatının vüsət aldığı vaxtlarda biz Cəmil müəllimi siyasi hadisələrin mərkəzində görmüşük.
Əbülfəz Elçibəy prezident olan zaman ona müşavirlik edib.
10 ildən artıq Milli Məclisin deputatı olub. 15 ildən artıq AXCP sədrləri Elçibəyin, sonra isə Əli Kərimlinin müavini olub. Cəmil Həsənli Ziyalılar Forumunun yaradıcılarından və liderlərindəndir. Bütün bunlar bir insanın siyasi kimliyini təsdiqləmirsə, daha nə deyəsən? Belə inkarçılar üçün yəqin siyasətçinin qulağında “yarlıq” olmalıdır ki, onlar oxuyub inansın.
Əlbəttə, Cəmil Həsənli barəsində deyilən bu uydurmaların heç bir həqiqət yükü yoxdur. Biz Cəmil Həsənlini qiymətləndirərkən müqayisə obyekti seçməliyik və indiki halda, bu obyekt onun rəqibi Ilham Əliyevdir.
Indi gəlin, tam qərəzsiz düşünək; Ilham Əliyev prezidentliyə namizəd olarkən onun bioqrafiyası siyasi cəhətdən çoxmu zəngin idi? Biz Ilham Əliyev siyasi meydana atılanda onun haqqında Qərb mətbuatında yazılanları xatırladıb könül bulandırmaq istəmirik. Onu xarakterizə edən ən yumşaq ifadə alverçi imicilə bağlı idi. Hə, bir də onun siyasətçi oğlu olması…
Ilham Əliyev də müəllim olub, amma siz hələ onun indiki geniş imkanlarına baxmayaraq, bir etibarlı şəxsdən Əliyevin gözəl pedaqoq olmasıyla bağlı rəy eşidə bilməzsiniz. Buna görə də bütün qərəzsiz təhlillər Cəmil bəyim rəqibini məğlub edəcəyini şərtləndirir.
Qətiyyətlə onu da yazmaq olar ki, bu seçki öz xarakterinə görə əvvəlkilərdən daha rahat olmalıdır. Bu seçki seçim etməkdə vətəndaşa heç bir tərəddüd buraxmır.
Məsələ bu qədər sadədir:
Cəmil Həsənli el oğludur, Ilham Əliyev tiranın;
Cəmil Həsənli zəhmətkeşdir, Ilham Əliyev korrupsioner;
Cəmil Həsənli öz məqamını dürüstlüklə qazanıb, Ilham Əliyev saxtakarlıqla;
Cəmil Həsənli el üçün ağlayan gözdür, Əliyev elini pis günə salıb, onun pis güzəranına gülümsəyən;
Cəmil Həsənli məzlumun yanındadı, Ilham Əliyev zülmün;
Cəmil Həsənlinin silahı qələmidir, Ilham Əliyevinki isə polis dəyənəyi…
Indi gəl, bu asanlıqda seçimi eləyə bilmə.
***
Cəmil bəyin namizədliyi ilə bağlı gündəmə düşən xəbərlərdən biri də keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin türmədən yolladığı məktubdur. Bu məktubda Fərhad Əliyev kəndçisi, uzaq qohumu, ən vacibi onun həbsindən sonra hüquqlarının müdafiəçisi olan Cəmil Həsənlini yox, Ilham Əliyevi dəstəklədiyini yazıb.
Zindan necə bir yerdir, biz bilirik. Ona görə bəlkə də Fərhada fikir verməmək olardı.
Ancaq heç nə demədən də keçmək olmaz, belə hallar qarşısında susqun qalmaq pis vərdişlərin yaranmasına səbəb olur. Odur ki yazıram: Fərhad müəllim, Ilham Əliyevi sənin kimi iradəsiz adamı həbsdə çürütdüyünə görə mən də dəstəkləyirəm.
Səninlə eyni taleyi yaşayan qoca və xəstə Əli Insanovun mətanətli duruşuna bax, xəcalət çək. Istəsən, heç xəcalət də çəkmə, kitab oxu. Məsələn, Seyyid Qütubun həyatını oxu.
Fərhad müəllim, söz vaxtına çəkər, 1966-cı ilin 21 avqustunda əqidəsinə görə Misir diktatorunun zindanına salınan Seyyid Qütuba məhkəmə edam cəzası kəsdi. Diktator Camal Əbdül Nasir onu əfv etməyə razılaşmışdı. Tək bir şərti vardı, Seyyid Qütub siz yazan məktubdan birini yazmalıydı. O isə əfv ərizəsi yerinə bunları yazdı: “Mən Allah yolunda gördüyüm iş üçün əsla üzr istəmərəm. Namazda Allahın birliyinə şəhadət edən barmağım əsla bir tağutun hökmünə yarayacaq tək bir hərf belə yazmayacaq”.
Seyyid bu sözlərindən 5 gün sonra dara çəkildi. Sizi isə şükr, asmaq istəyən yoxdur.