Dövlət başçısı bir tərəfdən qiymət qaldıranları sərt tənqid edir, digər tərəfdən isə orden verir
İlham Əliyev Bakı Şəhər Icra Hakimiyyətində keçirdiyi müşavirədə son günlər yumurtanın bahalaşmasına toxunub. Dövlət başçısı artıq “yumurta müşavirəsi” kimi dillər əzbəri olan bu toplantıda bahalaşmanın süni yaradıldığını deyib və bunu edənləri vicdansız adlandırıb. Yumurta müşavirəsindən sonra yumurtanın qiyməti kəskin şəkildə aşağı düşüb.
Sahibkarlardan aldığımız məlumata görə, martın 9-da bir qutu yumurtanın 73 manat olduğu halda, ötən gün qiymət əvvəlcə 40, daha sonra isə 25 manata enib. Bu fakt bir daha göstərir ki, qiymət artımı süni şəkildə yaradılıb. Hakimiyyətdəki oliqarxlar “antikorrupsiya şousu” çərçivəsində cüzi şəkildə itirdikləri pulları bu yolla geri qaytarmağa çalışırlar. Lakin Ilham Əliyevin “yumurta müşavirəsi”ndə səsləndirdiyi fikirlərin səmimiliyi şübhə doğurur. Çünki dövlət başçısı özü də yaxşı bilir ki, qiymət artımının arxasında hakimiyyətdəki monopolist məmurlar dayanır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, nəqliyyat naziri Ziya Məmmədov və digər məmurlar demək olar ki, bütün sahələri inhisara alıblar və bazarda istədikləri qiyməti diktə edirlər. Ilham Əliyevin nəzərinə bir fakt: Sahibkarlar deyir ki, Azərbaycanda yumurta və toyuq təchizatını əsasən “Giləzi” broyler həyata keçirir. Bu quşçuluq təsərrüfatının da Bəylər Əyyubova məxsus olduğu deyilir. Bu faktı Ilham Əliyev də bilməmiş deyil. Bilir, amma bunun qarşılığında Bəylər Əyyubovu “Vətənə xidmətə görə” ordeni ilə təltif edir. Bir gün sonra isə yumurtanın qiymətini artıranları vicdansız adlandırır. Dövlət başçısının məntiqi başadüşülən deyil.
Yeri gəlmişkən, Ilham Əliyevin “yumurta müşavirəsi”ndən sonra qiymətlər aşağı salınsa da, yumurta qıtlığı yaranıb. Sahibkarlar bildirir ki, topdansatış məntəqələrindən yumurta ala bilmirlər: “Deyirlər yumurta yoxdur. Hətta toyuq əti də yoxdur”.
Sumqayıtlı sahibkarların “Azadlıq”a verdiyi məlumata görə, şəhərdə bu işlə Maqsud adlı bir şəxs məşğul olur. Həmin şəxsin Bəylər Əyyubovun yaxın çevrəsinə daxil olduğu deyilir. Sahibkarlar bildirir ki, Ilham Əliyevin müşavirəsindən sonra bu şəxs yumurta və toyuq satışını dayandırıb: “Ancaq öz adamlarına satır. O da ki, çox az miqdarda. Başqa sahibkarlara isə nə yumurta, nə də toyuq satılır. Bütün malları anbara yığıb gözləyir. Açıq-aşkar sabotajla məşğuldur. Ona bu əməlinə görə irad bildirəndə, Ilham Əliyevin müşavirəsini ona xatırladanda deyir ki, mən heç kimi saymıram. Kimə istəyirsiniz şikayət edin”.
İnformasiya şöbəsi