“İlham Əliyev gündəmi dəyişmək üçün Qarabağ problemini və korrupsiya ilə mübarizəni ortaya atıb”
“Əliyev xanədanlığının dillərə dastan sərvətlərinə toxunmadan – balığın başına neştər vurmadan korrupsiya ilə mübarizə inandırıcı ola bilərmi?”
Türkiyənin tanınmış “Radikal” qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub. Fəhim Taştəkinin qələmə aldığı “Qafqaz ərəb alovuyla yanırmı?” başlıqlı məqalədə ərəb dünyasında baş verənlərin Azərbaycana təsirlərindən bəhs edilir. Müəllif yazır ki, ərəb ölkələrində püskürən üsyanın alovu Rusiyanın təsiri altında olan dövlətlərdə tərpənişlər yaratmağa başlayıb. Xüsusən Azərbaycan və Ermənistanda müxalifət inqilab arzusundadır: “Ermənistanda keçmiş dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxaliflər martın 1-də ilk cəhdlərini etdilər. Amma mitinqə qatılanların sayı 10 mini keçmədiyi üçün inqilab ümidlərinə qar yağdı. Ter-Petrosyan şansını martın 15-də bir daha sınayacaq. Azərbaycanda isə ərəb dünyasındaki kimi inqilab arzulayan azəri gənclər “Facebook”dan 11 mart çağırışı ediblər və tədbirə “Böyük Xalk Günü” adını veriblər. Gənclər Hüsnü Mübarəkin istefasının ay dönümündə Bakıdakı “Azadlıq” meydanında prezident İlham Əliyevə etiraz etmək istəyirlər.
Dünənə qədər bu cür cəhdləri keçmiş sovet üsulları ilə boğan rejim bu dəfə həyata keçirdiyi önləyici tədbirlərlə təhdidləri ciddiyə aldığını nümayiş etdirir. Etirazların təşkilatçılarından olan Cabbar Savalanlı Sumqayıtda qondarma bir ittihamla həbsə atılıb. Polis onun üzərindən narkotik tapıb. Müxalifət də narkotiki polisin qoyduğunu deyir. Ardından ikinci “Facebook” fəalı Bəxtiyar Hacıyev həbs edilib. Ona da bir ittiham tapıblar: Hərbi xidmətdən yayınma. İstintaq zamanı işgəncəyə məruz qalan Harvard təhsilli, 29 yaşlı Hacıyev deputatlığa namizəd olub. Bu həftə onun Səxavət Soltanlı, Dəyanət Babayev və Raşadət Axundov adlı üç “Facebook” yoldaşı da həbs edilib.
İqtidaryönlü “qaynar.info” saytında isə gənclərin “Facebook”dakı erməni dostlarının siyahısı yayımlanıb. Məqsəd gənclərin düşmənlə işbirliyində olduğu rəyini yaratmaqdır. Universitetlərdə müəllimlər tələbələrə “aksiyalardan uzaq durun!” təmbehini ediblər. Yəni meydana getsəniz, qovulacaqsınız. Müxalif mətbuatı recimin önləyici addımlarının bununla bitmədiyini, hökumətin polis və əsgərləri üsyanı yatırmaq üçün səfərbər etdiyini deyir”.
Müəllif yazır ki, ölkənin başçısı İlham Əliyev isə siyasi gündəmi dəyişmək üçün Qarabağ problemini təkrar ortaya atmağa çalışır. Həmçinin ərəb üsyanından dərhal sonra korrupsiya ilə mübarizə proqramına başlayıb: “Korrupsiya keçmiş sovet ölkələrinin ən aktual problemidir. Ölkədə bir çox şey rüşvətlə əldə olunur. Balıq başdan iylənər azərilərin də ən çox istifadə etdiyi ifadədir. Əliyev xanədanlığının dillərə dastan sərvətlərinə toxunmadan – yəni balığın başına neştər vurmadan korrupsiya ilə mübarizə inandırıcı ola bilərmi? Müxalifət bunu baş korrupsionerin ayaqda qala bilmək üçün kiçik korrupsionerləri udmasından başqa bir şey deyil”.
Sonda müəllif yazıb ki, Azərbaycandakı “Facebook” gəncliyi klasik inqilab modellərini devirib. Və təşkilatsız, partiyasız, proqramsız iniqilab olmaz deyənləri təəccübləndirib: “Artıq “qətiyyən olmaz” sözü öz aktuallığını itirib”.