Hakimiyyət dövlət maraqlarını satıb

İqtidar günahlarını müxalifətin üzərinə atır 

Seçkilər yaxınlaşdıqca hakimiyyət təmsilçilərinin müxalifətin ünvanına səsləndirdiyi müxtəlif ittihamlar da artmaqdadır. Milli Şuranın fəaliyyətindən narahatlıq keçirən iqtidar əsasən bu qurumu müxtəlif dairələrlə iş birliyində günahlandırır. Əvvəl Qərblə işləməkdə ittiham edilən Milli Şura sonra Rusiya ilə birgə antiAzərbaycan fəaliyyəti aparmaqda, daha sonra isə qurumun rəhbəri erməni lobbisi ilə işbirliyində ittiham olundu.

Lakin maraqlıdır ki, müxalifəti müxtəlif dairələrlə birgə fəaliyyətdə günahlandıran iqtidar özü məhz həmin dairələrlə yaxınlaşmaqda həvəsli görünür. Xüsusilə Rusiya prezidenti Putinin Bakı səfərindən sonra hakimiyyət dairələrinin bu ölkəyə yaxınlaşmaqda meylli görünməsi, həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın Əliyevi növbəti dəfə Azərbaycan prezidenti görmək istəyini dilə gətirməsi buna misaldır. 

Siyasi ekspertlər son aylarda Azərbaycan hökumətinin apardığı siyasətin onun necə ikiüzlü xarakterli olduğunu ortaya qoyduğunu deyir. Bir müddət əvvəl müxalifəti Qərb stukturlarına işləməkdə, ölkədə sabitliyi pozmaq üçün Qərblə siyasi alverdə ittiham edən Ilham Əliyev Brüsselə gedib hakimiyyətini qorumaq məqsədi ilə TAP layihəsi ilə bağlı razılıq verdi. Daha sonra hökumətmeylli media və hakimiyyət nümayəndələri Milli Şuranı Rusiyaya işləməkdə ittiham etdilər. Bunun ardınca Putinin Azərbaycana səfərin təşkil edib münasibətləri normallaşdırmaq üçün canfəşanlıq etdilər. 

Daha sonra isə siyasi rəqiblərini ermənilərlə əməkdaşlıqda ittiham edən hakimiyyət Serj Sərkisyanın dəstəyini gördü. Ermənistan prezidenti məhz Ilham Əliyevi Azərbaycanın dövlət başçısı görmək istədiyini dilə gətirdi. 

Ekspertlərin sözlərinə görə, bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan hökuməti özünün atdığı addımlarda müxalifəti ittiham etməklə diqqəti yayındırmaq istəyir. Öz çirkli əməllərini, təslimçi mövqeyini müxalifətin adı ilə bağlamaq istəyir. Ancaq artıq hər kəsə bəllidir ki, iqtidar bütün məsələlərdə dövlətin maraqlarını hakimiyyət maraqlarına satıb.

Fizzə