Korrupsiya və Rüşvətxorluq idarəsinin qaynar xəttini öyrənib hal-əhval tutmaq istəyirdim. Axtarış verəndə möhtəşəm bir tədbir meydana çıxdı:
“APA-nın məlumatına görə, tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi Inam Kərimov, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 2011-ci ilin birinci yarım ili ərzində”… görülən işləri sadalayıb məhdud köşə imkanımı xərcləmək istəmirəm. Diqqəti çəkən daha maraqlı məqamlar var. Məsələn:
“Korrupsiya ilə mübarizə sahəsində ölkə başçısı Ilham Əliyevin imzaladığı fərman və sərəncamlardan danışan I.Kərimov ötən dövr ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində əlavə ştatların yaradıldığını, idarə əməkdaşlarının əmək haqlarının artırıldığını və yaxın zamanlarda Korrupsiyaya Qarşı Mübarizə Idarəsi üçün yeni binanın tikilərək istifadəyə veriləcəyini qeyd edib”. Hələ bu harasıdır, qulaq asın: ÿ
“Tədbirdə çıxış edən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində idarənin imkanlarının genişləndiyini bildirib. Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə əməliyyat-axtarış aparmaq səlahiyyətinin verildiyini vurğulayan K.Əliyev bütün bunların onların fəaliyyətinin genişlənməsinə xidmət etdiyini deyib. Azərbaycanın korrupsiyaya qarşı mübarizədə dünya ölkələri arasında öncül sıralarda olduğunu qeyd edən idarə rəisi ölkənin qavrama indeksinin səviyyəsinə görə Rusiya və bir çox MDB ölkələri ilə müqayisədə irəlidə olduğunu vurğulayıb”. Yazının tarixi 2011-ci ilə təsadüf edir. Son illər üçün ətraflı bir məlumat tapa bilmədiyimdən əlimizdəki faktlarlarla kifayətlənəkmi?:
“Korrupsiyaya Qarşı Mübarizə Idarəsində əlavə ştatların yaradıldığını, idarə əməkdaşlarının əmək haqlarının artırıldığını və yaxın zamanlarda Korrupsiyaya Qarşı Mübarizə Idarəsi üçün yeni binanın tikilərək istifadəyə veriləcəyini qeyd edib”. Aman allahım, niyə? Elmi-tədqiqat institudurmu rüşvər idarəsi? “Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində” yüksək şəraitlə təmin olunan əməkdaşların məhsuldar işləməsi üçün bol xammal da lazım deyilmi? Bu xammalın korrupsiya, rüşvət və AzTV demişkən, digər neqativ hallar olduğunu nəzərə alsaq, idarənin geniş tədqiqat imkanları yaranır. Həm də bu mübarizə yarışmasında ölkəmiz “dünya ölkələri arasında öncül sıralarda” imiş. Nədə əcaba? Korrupsioner, rüşvətxor ovundamı? Belə getsə ölkəmizə bu şöhrəti qazandıran səbəbkarların daha da çoxaldılması üçün “adama bir korrupsiyaçı (rüşvətxor) yetişdirək!” şüarıyla xalqı səfərbər etmək də olar. Dünya ölkələri qoy paxıllıqdan partlasınlar. Hələ acıqla ştatları getdikcə artan rüşvət zəhmətkeşlərinə yaşayış evləri də tikəcəyik. Bəlkə menyuda fəxri addan-zaddan da oldu…
APA-nın təxminən həmin zamanlarda istinad etdiyi başqa bir tədbirdə baş prokuror bildirib ki:
“Qaynar xəttə daxil olan 1200 müraciətin 237-si müsbət həllini tapıb, 7 nəfər barəsində cinayət işi başlanıb, 7 nəfər isə artıq həbs olunub”.
Bəs 963 müraciətin taleyi necə olub ki, müsbət həllini tapmayıb? Onlar mənfi yolla həll ediləcəkmi? Yəqin həmin müraciətlər günün tələbinə uyğun gəlməyib. Yazılmamış qanunları və senzuranı aşan xəbərlərlə qaynar xətti tüstülədiblər. Amma necəgəldi olmaz ki, bu iş! Şikayət etdiyin adamı gərək öyrənəsən: Haranın harasıdır, nəyin nəsidir, kimin kimidir? Yoxsa qaynar xətt adamın əlini elə yandırar ki, bir də ömür-billah telefon götürə bilməzsən. Yox illah ki, kampaniyaya qoşulmaq istəyirsən, ifşa ediləsi sıradan o qədər yiyəsiz adamlar var ki… Həbs olunan 7 nəfər kimi. Böyük fiqurların vurulması böyük adamların işidir. O da ki, lazım gəlsə…
Indi mən bunları niyə yazdım deyə ortaya bir sual çıxır. Cavab verirəm: Çünki Azərbaycan Respublikası Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına və üstəgəl baş prokurorun yanındakı eyni adlı idarəyə qarşı haqsızlıq baş verir. Biz bu taleyüklü məsələnin gündəmdən düşməməsi üçün əlimizdən gələni etmirik. Hansı ki, məhz bu sahədəki misilsiz əməllərimizə görə adımız dünya dövlətləri arasında öncül sıralardadır.
Olmazmı peşəkar kadrlar yetişdirmək üçün ali məktəblərdə bu iş üzrə ixtisas kursları təşkil edilsin? O zaman inkişaf etməkdə olan dünya bizim təcrübəmizdən asanlıqla istifadə edə bilər.
Ən əsası ölkəmizdə rəsmi olaraq Milli Korrupsiya və Rüşvətxorluq günü elan olunmalıdır.