Nəslin ən məşhurları
Azərbaycanın məşhur soylarından olan Irəvanskilərin kökləri Irəvan xanlığını təmsil edən görkəmli şəxslərin nəslinə gedib çıxır. Tarixdən məlum olduğu kimi, Irəvan xanları hələ lap qədimlərdən Naxçıvan xanları ilə qohum olublar. Irəvan xanı Hüseynəli xan Qacarın qızı Tükəzban xanım I Kalbalı xanın arvadı idi. Bəzi mənbələrdə səhv olaraq onu Məhəmməd xanın qızı kimi təqdim edirlər. Amma əsl həqiqətdə o, Məhəmməd xanın qızı deyil, bacısıdır.
Həmin faktları Irəvan xanlarının tarixi bioqrafiyasını əks etdirən qalın bir cild halında saxlanan “Məktublar”ından öyrənmək olar. Tədqiqatçı yazar Ə.Çingizoğlu qeyd edir ki, həmin mənbələrdə Məhəmməd xanın anasının Şadlı tayfasından olduğu göstərilib. Irəvanskilərin məşhur nümayəndələrindən biri Məmmədqulu xan Rusiya ordusunun kapitanı olub və 1846-cı ildə vəfat edib. Hazırda Gürcüstanın mərkəzi tarix arxivində Məmmədqulu xanın şəxsi işi saxlanılır. Bu sənəddən məlum olur ki, onun oğlu Möhbalı xan da rus ordusunun giziri imiş. Sənəddə o da qeyd edilib ki, bu sülalənin, demək olar, əksəriyyəti bacarıqlı döyüşçülər kimi tanınmışlar.
Azərbaycanın tarixində önəmli yeri olan Irəvanskilərin babaları, Qacarların bir qolu olaraq uzun illər Irəvan xanlığını idarə etmişlər. Bu nəslin bir çox nümayəndəsi Şərur mahalında və Naxçıvanda yaşayıb. Tədqiqatçılar etiraf edir ki, Tbilisi arxivlərində Şərurda yaşamış Irəvan xanları ilə bağlı hələ tədqiq olunmamış qovluqlar var. Bu qovluqlarda onların yaşadıqları kəndlər haqqında geniş məlumatlara rast gəlinir. 1828-ci ildən sonra Iranın Marağa şəhərinə köçən xanların Rusiya çarına, sonralar isə Qafqaz canişininə yazılmış maraqlı məktubları da həmin qovluqlarda saxlanılır.
Bu soyun tanınmış simalarından bir olan Abbasqulu xan Irəvanskinin adı Naxçıvan tarixinin XIX yüzilliyin ikinci yarısından sonrakı dövrü ilə sıx bağlıdır. Bu dövrün əsas tarixi hadisələrində onun iştirakı ilə bağlı sonsuz faktlara rast gəlmək olar. Bu tarixdə Naxçıvanın müdafiəsində mühüm rol oynayan Abbasqulu xan Irəvanski bacarıqlı və cəsur hərbçi olub. O, 1905-ci ildə xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşub, müsəlmanların Irəvandan köçürülməsinin qarşısını alıb. Bundan başqa, Abbasqulu xan xalqın maariflənməsi işlərində də hər zaman öz maddi yardımını göstərən şəxslərdən olub.
Abbasqulu xan Irəvanski
Tarixi mənbələrdə çıxan təxmini nəticələrə görə, Abbasqulu xan Möhbalı xan oğlu 1830-cu ildə Irəvanda doğulub. O hələ gənc yaşlarından Irəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən biri olub. Həmin dövrün mətbuatına nəzər saldıqda da, 1860-cı ildən etibarən Abbasqulu xanın Irəvan şəhərində gördüyü işlər haqqında ətraflı məlumat əldə etmək olur. Abbasqulu xan dövrünün ziyalısı kimi tanınıb, 1865-ci ildə Irəvan Şəhər Dumasına üzv seçilib. 1865-ci ilə dair bir sənəddəki məlumata görə, o, Irəvan şəhərinin idarə üzvü, 1886-1899-cu illərdə şəhər dumasının qlasnısı, 1904-1906-cı illərdə Irəvandakı rus-tatar məktəbinin nəzarətçisi vəzifəsində işləyib. Onunla bağlı maraqlı məlumatlara “Qafqaz” qəzeti və “Kafkazski kalendar”da daha çox rast gəlmək olar.
Abbasqulu xanın evləndiyi xanımlardan biri Kəngərlilər nəslindən olduğuna görə, onun əsas həyat və fəaliyyəti Naxçıvanla çox bağlı olub. Arxiv sənədlərində nəzər salındıqda, onun bu nəsildən 2 xanımı olduğu yazılıb: Tərlan xanım və Zərrintac xanım. Azərbaycanlı tədqiqatçılar isə onun iki həyat yoldaşının Bilqeyis xanım və Tərlan xanım olduğunu qeyd ediblər: Rusiya Dövlət Hərbi Tarix Arxivində general-leytenant Maqsud Əlixanovun şəxsi işində yazılanlardan isə məlum olur ki, Zərrintac xanımın əvvəlki həyat yoldaşı Abbasqulu xan olub.
Böyük xan və övladları
Bu nəslin tanınmış şəxslərindən biri də Abbasqulu xanın oğlu Böyük xandır. Abbasqulu xan oğluna babası Məmmədqulu xanın adını qoyduğu üçün, onu “Böyük xan” deyə çağırmışlar. Elə arxiv sənədlərində də çox vaxt onun adı Böyük xan yazılıb. Böyük xan Irəvanski Naxçıvan xanlarından Bəhman xan Naxçıvanskinin qızı Tovuz xanımla ailə qurmuş, bu nikahdan onların Nazxanım, Yəməntac, Əfşan, Allahyar, Davud, Nəcəf və Mehdiqulu adında övladları dünyaya gəlmişdir. Ailənin ilk qızı Nazxanım 1912-ci ildə Maku xanı Midhət xanın ömür-gün yoldaşı olmuşdur. Nazxanım Cəmşid Naxçıvanskinin dayısı qızıdır. Onun anası Tovuz xanım tam süvari generalı Ismayıl xanın oğlu Bəhman xan Naxçıvanskinin qızıdır. Bəhman xanın həyat yoldaşı isə general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Çimnaz xanımdır. Nazxanım 1972-ci ildə Tehranda vəfat edib. Ikinci qız Yəməntac xanım isə Bakıda H.Z.Tağıyevin qız gimnaziyasında oxumuşdu. Onun ömrünün çox hissəsi Irəvanda və Naxçıvanda keçmişdir. Üçüncü qız Əfşan xanım da H.Z.Tağıyevin qız gimnaziyasında oxumuşdu. Onun qızı Ismət xanım yazıçı Sabit Rəhmanın həyat yoldaşı olub. Ailənin oğlan övladı Allahyar xan 1919-cu ildə Naxçıvanın müdafiəsində iştirak etmişdir. O, çar hökuməti zamanında Sankt-Peterburqdakı Tibb Institutunu bitirmişdi, mahir cərrah və şərqşünas idi. Onu da bir çox Azərbaycan ziyalıları kimi, 1937-ci ildə güllələdilər. Digər qardaşlar Nəcəf xan Moskvada təhsil almışdı, Davud xan da ali savadlı idi. Böyük xanın üçüncü övladı Mehdiqulu xan qədim dünya tarixi üzrə görkəmli alim olub.
Rəsmi mənbələrdə saxlanan arxiv sənədlərinə görəÿbu nəslin adlı-sanlı şəxsləri sırasında Abbasqulu xanın əmisi oğlu Əli xan Irəvanskiÿdə var. Tarixi faktlara görə, Əli xan Irəvanskiÿ1853-1856-cı illərdə Krım müharibəsində iştirak edib. Yazılı sənədlərdə olan məlumata görə, Əli xan Irəvanski Kərbəlayi Qurbanəlinin qızı ilə evlənib.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan bu nəsil haqqında açılmamış arxiv sənədləri tədqiqatçıların yolunu gözləyir. Şübhəsiz ki, bu sənədlər tam tədqiq olunduqdan sonra həmin dövrlə bağlı tarixin qapalı səhifələri xeyli aydınlanacaq. O zaman məşhur soyun görkəmli simaları haqqındakı faktlar da artacaq və dəqiqləşəcək. Bu faktların gün işığına çıxarılması, şübhəsiz, hər şeydən əvvəl Azərbaycanın tarixi gerçəklərini əks etdirmək baxımından mühüm önəm daşıyır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir