Vaxta ki, oxuyanlar azalıb və yaxud sayğac xəsislik eləyir, onda bizə də azsaylı oxucularımızın qədrini daha çox bilmək qalır. Məsələn, mən bu köşəni məxsusi olaraq hər şeyə rəğmən oxu sayını sıfıra enməyə qoymayan əziz oxucularımla bölüşmək istəyirəm. Necə deyərlər, kasıbın olanından…
Bəri başdan deyim ki, Qəbələyə yenə prezidentin və hətta prezidentlərin gəlişi gözlənilir. Mənim sürətimlə bu köşə gedib qəzetdə yerləşənə qədər bəlkə gəlib-getmiş olacaqlar. Təbii ki, formaca bu səfər də həmişəki səfərlərdən fərqlənməyəcək. Belədirsə, ki yüz faiz belədir, onda mən bu səfərin bitməsini gözləməyib əvvəlki qeydlərimi təkrar yazmağa başlayım. Doğrudan da, yeniləməyin nə mənası? Gəlirlərsə, deməli, uşaqlar məktəbə, gəlinlər doğuşa, xəstələr həkimə və sairələr və sairələrə, həmçinin ölülər qəbristanlığa vaxtında yetişməyəcəkdir.
Rəhmətlik ölüdən savayı hər kəs ləngimənin əzab-əziyyətini çəkəcək, amma kimsə səsini yüksəltməyəcəkdir. Hadisənin məhz bu günə düşdüyü üçün təbii ki, ölünün yiyələri yerli hakimiyyətin yanında xəcalətli qalacaqlar. Nə də olsa kəndin bayram ovqatının pozuimasına səbəb olublar. Və yaxud da olmayıblar. Sevinib fəxr eləyəcəklər ki, rəhmətlik ölü məhz belə bir əlamətdar gündə dünyasını dəyişib. Yalnız yas əhli şeypurlu polislərin keşik çəkdikləri yolu keçmək üçün mərhumu bir neçə saat gözlədəcəklər. Amma olsun, hara tələsirlər ki? Qəbiristanlığın qapısı hər zaman xalqın üzünə açıqdır.
Yazımın bu şirin və ləzzətli yerində gördüm həyətdən nəsə qəribə səslər gəlir. “Ay adam kimsən” soruşmağımla torbasından bayraq asılmış bir dilənçi halsız-halsız pilləkəndə oturub təmiz bizim dildə: “Sən o ağ saçlarının hörmətinə, maa bir onluq ver, bir qısmat çörək yeyəcəm”, dedi.
Bayrağa zənnlə baxdığımı görüb, “Qorxma bacı, isveçrəliyəm, bir loxma çörək dalınca neçə illərdir qürbətdə sürünürəm”, dedi.
– Bala, bu bayrağı torbaya taxıb o boyda dövləti niyə biabır eləyirsən? dedim, – Üstəlik, biz bir onluğa on gün dolanırıq, bir qismət çörəyi mən sənə evimdə də verə bilərəm. Buyur, qonağımız ol.
Sarışın isveçrəli yuxarı qalxıb qəribə nəzərlərlə ətrafa göz gəzdirdi. Yeməkdən əvvəl duş qəbul etmək istəyəndə, “bizdə gündüz su nə gəzir”, dedim, üstəlik, hamamımızın da qonaq qabağına çıxılası olmadığını başa saldım. Onda dilənçi qonaq çarəsiz oturdu. Dünəndən üstündə əsdiyimiz bozbaşdan çəkib qabağına qoyanda matdım-matdım üzümə baxıb, “meyvəni unutmusuz” dedi.
– Hə, meyvəni çoxdan unutmuşuq, yəni həyətdə olmayanda bazardan meyvəni yalnız xüsusi günlərdə alırıq”, deyə onu yola verməyə çalışdım. Amma kimə deyirsən, isveçrəlinin sarışın sifəti həyəcandan qıpqırmızı qızardı. Heç demə bunlar yeməkdən əvvəl cürbəcür meyvə yeyərlərmiş ki, həzmi yüngülləşdirsin. Bunun daha zarafatı yoxdu, deyə evdəki ölülük-dirilik iyirmi manatla uşağı marketə göndərməyə məcbur oldum. Həmin əsnada uşaq həvəsə gəlib alman dilində bu isveçə nəsə dedi, o da uzun-uzadı buna cavab verdi. Bir azdan gördüm uşaq dolu zənbillə sevinə-sevinə gəlir. Son dəfə belə bir zənbil həmin uşağın ad günündə evə girmişdi. Dişim bağırsağımı kəsə-kəsə pulun qalanını soruşanda uşaq dükana daha üç manat verəcəyimiz olduğunu bildirdi. Heç demə Isveçrədə nahar öynəsinə özəlliklə önəm verirlər, yenə sağ olsun bizim isveçrəli, vəziyyətimizi nəzərə alıb hələ bir az qənaətlə tərpənib.
Dilənçi qonağın hesabına mədəni və zəngin bir nahar süfrəsi əmələ gətirdik. Söhbət əsnasında bizim gədənin məvacibinin qədərini biləndə yazığın matı-mutu qurudu. Mənim pensiyamı da öyrənəndə kişinin gömgöy gözləri yaşla doldu. Bir kasa bozbaşı zəhrimara döndərməsin deyə başladım ölkəmizi bu isveçrəliyə tərifləməyə. “Bunlar müvəqqətidir, xalqın vəziyyəti bu gün-sabah yaxşılaşacaq” deyə ona ürək-dirək verdim. Isveçrəli xeyli fikrə gedib, “Sən mənim axirət dünya bacımsan, amma bu nağılları öz xəyalpərvər xalqına danış”, dedi. Gedərkən qonağım:
– Nə yaxşı ki, məni evinizə qədər gətirdiniz, bu yaxşılığınızı heç vaxt unutmaram,- deyəndə məni də ağlamaq tutdu: “Neylədik ki, a qardaş, halal xoşun olsun”, dedim. Bu dəfə qonaq ədəbi dilimizdə: “Daha neyləyəcəkdiniz ki, – dedi,- gözümü açdınız, yoxsa sizin bu AzTV-yə uyub, nə sizi tanıyacaqdım, nə də özümüzü” deyərək yenidən kövrəldi…