(Yeri gəlmişkən, bir daha özümdən sitat gətirməməyə söz verirəm. Çünki əsas sözdü…)
Söz sahibinin böyük şəhərlərdə yazıb-pozmasıyla əyalətdə bu taleyi daşıması ayrı-ayrı şeylərdi. Yəni əl boyda bir məkanda vuruşduğun tərəflə hər an üz-üzəsən. Hansı küçədən keçirsən keç, mütləq hər gün içindəki kini gizlətməyə ehtiyac duymayan sifətlərlə rastlaşacaqsan. Güclü tərəf olan onlar səni qarışqa kimi əzməkdən özlərini birtəhər saxlayıb əhvalını və ananın (əgər yaşadığı gizli həyəcanlardan ürəyi partlayıb hələ ölməyibsə) səhhətini soruşacaqlar. Sənin gündəmdən xəbərsiz əyin-başını açıq iztehza ilə süzüb, əlindəki bazar deyil də, yüngülcə “yazar” zənbilini rentgen aynası kimi “çək-çevir” edəcəklər.
Bu yoxlanışlardan hər dəfə sonra özünü kirayə köşələrində səni sevə-sevə gözləyən bir mələyə çatdıracaqsan ki, ürəyin köksünü yarıb çıxmasın. Onun özünü dondurub sənin varlığına köçən həyatına bircə damcı rahatlıq qata bilmək üçün qurduğun xəyallarla beləcə uzun-uzun illər yaşayacaqsan. Və həmin mələyin həmin xəyalları da götürüb getdiyi bir gün… ona yaşatdığın zillətlərə görə bütün dünyaya lənət oxuyacaqsan.
Təkrar-təkrar özümdən yazdığımdan özümdən təkrar-təkrar zəhləm gedir. Amma bu taleyi mən də olmasam, əyilməyi bacarmayan başqa biriləri yaşayacaqdı. Ancaq onlardan zəhləm getməyəcəkdi, əksinə, sadəcə var olduqları üçün sevəcəkdim onları və sevirəm də… Bilirəm, hər şeyə rəğmən məni də sevənlər var, yoxsa bunca yükün altında çoxdan əriyib getmişdim. Bu da doğrudur ki, bərk cisimlərdən olmadığıma görə çoxdan əriməyə başlamışam, amma son ümidin eşqinə hələlik özümdən bəzi nişanələri qoruyub saxlamışam…
Yerdən və göydən məngirlənmiş Qəbələdə adımın yazıldığı qapqara qrafa məndən ötrü təzə şey deyil. Bundan yararlanıb həyatımı dözülməzə qədər ağırlaşdıran xırda məmurciyəzlərdən incimək kimi gülünc halım da yoxdu. Əksinə, manqurtlaşdırılmış opponentlərimi başa düşməyə çalışıram, çünki başqa cürünü gözləmək bu biçarələrə həddindən artıq haqsızlıq olardı. Haqsızlıq çox ağır şeydi, hətta ən itirilmiş adamlara qarşı yönələndə belə onların da bundan qorunmaq haqqı yaranır.
Bura vətəndir…
Bütün sənədlərlə eyni qəza vəziyyətində olan dörd mənzildən birinin sakiniyəm. Dördlükdən yalnız mən müqavilə şərtləri altında yaşayıram. Divar qonşumun (otağın biri hətta taxta arakəsmə ilə ayrılıb) tam mülkiyyətçi kimi yaşadığı damın altında mən ikinci dərəcəli vətəndaş sayılıram. Keçmiş polis olan qonşumun hakimiyyətlə aramızdakı “özəl” münasibətdən necə ustalıqla faydalanmasından danışmaq artıqdır. Məlum, polis millətinin belə vəziyyətlərdə bütün istedad və bacarığı üzə çıxır. Üstəlik, qocaman binada əsas imtiyazlar ona məxsusdur.
Təsəvvür edirsinizmi: Ötən il damımızın qonşu tərəfinin üstü dəyişdirilərkən yerə atılan qalaq-qalaq örtük materialları heç bir xəbərdarlıqsız onların həyətinə deyil, bizim başımıza tökülür. Damın üstündəki təlimatlanmış sərxoş fəhlələr mənim dramatik monoloqumdan ayılan kimi olsalar da, artıq gec olur. Hərçənd özümü saxlaya bilməyib başçıya zəng vururam, təbii ki, o zaman başçı yerində tapılmır, amma səsimdə nə varmışsa, hətta köməkçi buna biganə qala bilmir, on beş-iyirmi dəqiqədən sonra damdəyişənlərin “prorab”ı bizə gəlib çıxır (damların üstü ümumqəbələ abadlıq proqramına gərə dəyişilirdi). Hər şey o qədər açıq-aşkar ortadaydı ki, hətta iqtidar elçisi də əlini sallayıb gedə bilmir. Fəhlələrə təpinir, onları üzr dilətmək üçün ara qapıdan bizim tərəfə keçirmək istəyir. Ayıq-sayıq sabiq polis də mehriban qonşuluq səhnəsi nümayiş etdirməyə çalışır. Ətrafımdakı saxta tiplərdən xilas olmaq üçün evə keçib qapını bərk-bərk bağlayıram. Hadisə yerindəki “kişilər” mənim “xeyrimə” nəticəsiz danışıqlar aparıb qaldıqları yerdən davam etmək üçün dağılıb gedirlər. Damın içini və həyətdəki pilləkənə qədər “ucalmış” nəhəng zibilliyi hissə-hissə daşıtdırmaq üçün iki aylıq əlillik pensiyam son manatına qədər xərclənir. Artıq adi həyat normama çevrilmiş belə hadisələr o qədərdi ki…
Qonşum və qonşumkimilər bizim kimilərə qarşı törətdikləri istənilən hərəkətdə özlərini hər hansı cəzadan sığortalanmış hesab edirlər. Nəticə etibarı ilə düzgün qərardır. 2009-cu ildə faciələrimin və əlillik önrümün başlanğıcı olan dəhşətli qəzanı törədən sürücü kimi. Paytaxt xəstəxanasında can çəkişdiyim zamanlarda cəmi bircə dəfə mənə dəyməyə gəlmiş “qəza qohumlarım”dan qalstuklu bir nəfər tanışlıq verəndə “sizi vuran igidin dayısıyam”, demişdi…
Insani bir quruluşa, humanist və ədalətli qanunulara köklənən son ümidimiz bu dəfə də əldən getsə, bizi vuran “igidlər” artıb çoxalacaq. O zaman bu ümidi bizdən alan hər hansı müxalif qüvvə mövcud rejimdən daha acımasız olduğunu ortaya qoyacaq. Həm də hakimiyyətə məğlub olduğu üçün deyil, çoxdan gözlədiyimiz bu oyanışın faciəli süqutuna görə…
Seçkiyə sayılı günlər qalır…