Siyasət olmayan ölkədə seçkiyə inananlar üçün…
Bir ölkədə ki, özünü bir nömrəli siyasətçi sayan adam ən uğursuz proqnozlarının düz çıxması ilə xoşbəxt olur, o xalqın nələr yaşadığını düşünmək, anlamaq elə də çətin deyil. Illərdir bizim apardığımız mübarizənin necə olacağı barədə beynində qırışlar yerinə mamırlar yataq salmış mamont dərili insanlar proqnoz verirlər və onlar deyən düz çıxır.
Çünki siyasətçimiz də onların dediyi düz çıxanda özünü uğurlu sayır. Nəticəni görməklə onu dəyişdirmək istəməyin arasındakı həyat fəlsəfəsi bu spesifikanı yaradır. Heç bir yenilik üçün çalışmayan “müdrik” özü onsuz da bilir ki, yeni heç nə də olan deyil. Əslində, hər şeyi bir məsələdən aydınlaşdırmaq, anlamaq olur. Azərbaycanda cəmi bir pəncərədən baxmaq kifayətdir ki, bütün ölkəni görəsən. Bu, məmurun pəncərəsi də ola bilər, fəhlənin də, Ali Baş Komandanın da…
Kartof haqqında nəğmə
Ötən ilin ən maraqlı hadisələrindən idi, Cəlilabadda kartof əkib, amma sata bilməyənlər ona nəğmə qoşmuşdular. Minlərlə ton məhsul yağışın, selin-suyun altında qalıb məhv oldu. Fermerlər isə balası ölmüş ana kimi nalə çəkib mələyirdilər. Ağı deyirdilər. Bu il isə o torpaqlardan şənlik səsləri gəlməsə də, heç nalə də gəlmir. Çünki bu il onlar monopoliya ilə mübarizə çərçivəsində kartof əkmədilər. Indi bazarda Iranın inək yemi olan kartofunun alternativləri yoxdur. Bu ölkədə hər kəs sadəcə, bəd nəticəni görür və onu proqnozlaşdırırsa, necə ola bilər ki, nəticə xoş olsun, pozitiv olsun. Bu ölkədə bazarlar sadəcə, bir monopolistdən alınıb başqasına veriləndə yanır. Amma od tutub yanan qiymətlər vətəndaşı yandırdımı ki, yerindən tərpənsin.
Dədə Qorqud həqiqəti
Əgər Iç Oğuzla Dış Oğuz bir-birinə girməsəydi, yağı düşmən bundan istifadə edib Oğuz torpaqlarını tutmasaydı, hamı inanardı ki, Kitabi Dədə Qorqud bir nağıldır. Amma onun bir tarix olduğu bizə bu gün 1400 il əvvələ kimi yaşadığımıza dair faktları çatdırmasıdır. Biz indi də bir-birimizi qəhrəmanlıqla qırırıq ki, düşmənlərimiz bundan yaxşı istifadə etsinlər. Tarix qarşısında fenomenoloji borcumuz sanki hər şeyi neqativə kodlamaqdır. Çünki əksəriyyət qorxur ki, “yaxşı olacaq” vədini verər, yaxşı olmasa, yalançı çıxar. Amma bu ölkəni belə adamlar dəyişə bilməyəcəklər. Çünki “ya biz yaxşı olacağıq, ya da öləcəyik” deyən hələ ki, yoxdur. Ona görə də hər kəs burada bir başqasının planından danışır. Daxili Qoşunlarda, polisdə, xüsusi xidmət orqanlarında işləyənlər öz yaxınlarını yanlarında işə düzəldirlər ki, gələcəkdə Əliyevlər ailəsinə xidməti davam etdirsinlər, əlləri çörəyə çatsın. Çünki onlar da yaxşı heç nə gözləmirlər. Çünki hardan baxırsan bax, qarşındakının əlini ləyaqətindən üzdüyünü görürsən. Buna görə də heç nə yeni deyil, hər şey qoxumuş və köhnədir. Hələ də bizim psixologiyamızın hakim deyimi “məni boğan bir qaşıq suya sel deyərəm”dirsə, biz yaşadığımız cəhənnəmi özümüz yaratdığımızı niyə dərk etmirik? Niyə biz anlamırıq ki, bu ölkənin bu hala gəlməsində Ilham Əliyevlə şərikik. Biz “oğrunun günahı yoxdur?” ritorikası ilə özümüzü duruya çıxarmağa çalışırıq, amma unuduruq ki, bu bataqlıqda yaşamağa hazırıq artıq. Ona görə də məhz biz mal sahibi olsaq da, günah məsələsində oğru ilə şərikik. Ofşorlardakı 48 milyardın onu xərcləyə bilməyən əfəl sahibləriyik…
Vəziyyəti ölüm dəyişəcəksə…
Biz tarixdən dərs almamağa israr edirik. Iki ayağımızı bir başmağa dirəyib deyirik ki, hər şey yaxşı olsun, amma bu “yaxşı olmaq” prosesi də elə olsun ki, hər şey gül qoxusu versin. Kim görüb ki, bataqlıqdan çıxan qızılgül ətri versin? Bizim qoxumuz beyin partladır bəylər, qıraqdan bunu daha asan hiss etmək olur. Bu ölkədən azca qırağa çıxan bunu hiss edir. Erməni sarımsağı, gürcü çaxırı da bizim bu eybəcər bataqlıq qoxumuzu öldürmür. Bu qoxudan qurtulmağın yolu üçün vicdanımızı dartıb o bataqlıqdan çıxarmalıyıq öncə. Boğulmamaq üçün ayaqlarımızın altına atdığımız vicdanımızı. Vicdanı ölmüşlər təbii ki, bioloji davam üçün instinktiv olan hər şeyə gedər. Amma unuduruq ki, bu vəziyyəti dəyişmək üçün ölüm bizə kömək edəcəksə, dünyanın ən mütərəqqi yolu məhz ölümdür.
Siyasət yoxdur, amma seçki var…
Ilham Əliyev bu ölkəyə seçki ilə rəhbər gəlməyib. Onun keçirdiyi oyun da seçki ola bilməz. Mütləq bu tamaşada bir rol almaq lazımdır, yoxsa deyərlər ki, artistləri yoxdur. Bu nə düşüncədir, bu nə fəlsəfədir? “Mən demişdim ki, pis olacaq” – bu nə siyasətçilikdir? Yaxşı olmaq üçün nələr etdin bəs? Bunu deyən yoxdurmu? Zaqatalada Əbülfəz Qurbanlıyla şəkil çəkdirən gəncləri polisə çağırırlar, Lənkəranda Yadigar Sadıqovla bağlı baş verənlər və onun niyə həbs edildiyi kimə aydın deyil ki? Bəs daha nə olmalıdır ki, biz bu ölkədə siyasətin olmadığını görək, anlayaq, hayqıraq. Yaxşı, siyasət yoxdursa, biz seçkini necə başa düşürük. Bizim işimiz öncə siyasəti təşkil etmək deyilmi? Biz illərdi demirikmi, əsas məsələ yeni siyasi şəraitdir? Amma siyasi şərait Ilham Əliyevin texnoloqlarının xırda oyunlarını B variantı kimi cəmiyyətə sırımaq deyil. Yeni siyasi şərait xalqı siyasətə qoşmaqdır, qələbənin və uğurun yeni siyasi prosesin başlamasında, Əliyevlərin təyin etdiyi seçki təqvimlərində olmadığını aşılamaqdır. Bunu etməyə gücümüz yetməlidir. Məhz o an biz biləcəyik ki, yeni siyasi şərait var.
Pozitivə köklənmədiyimizdən işığı tuneldə görməyəcəyimizdən qorxub gözümüzü açmadığımız üçün vəziyyəti dəyişə bilmirik. Əslində isə, bu hakimiyyət Rusiyanın ipi ilə asılıb, Qərbin taburetkası üstündə rəqs edən adama bənzəyir. Hanı bu taburetkaya toxunub, dövləti bu ikili asılılıqdan qurtaran milli iradə, birlik? Bunu göstərək, cənablar!