İcra başçılarının yerdəyişməsi islahat yox, ölkəni bir rəngə boyamaqdır
İlham Əliyev rüşvətxorları korrupsionerlərə əzdirməkdə davam edir. Xırda məmurların rüşvət ittihamı ilə həbs edilməsini korrupsiyaya qarşı mübarizə kimi təqdim edən makrotalançılar “islahatlar” pərdəsi altında vəzifə dəyişirlər. Ilham Əliyev bu dəfə də ona olan ən son damla ümidi puç elədi. Məlum oldu ki, ondan hər hansı real islahat gözləmək sadəcə, sadəlövhlükdür. Ən yaxşı halda isə, Ilham Əliyevdən deyil, Allahdan əl üzməmək. Elə buna görə də müxtəlif rayonların icra başçılarının yerinin dəyişdirilməsi bir tərəfdən ikrah hissi yaratsa da, başqa tərəfədən hakimiyyətin dünyanı bürüyən sosial narazılıqlara reaksiyasının yerində olmadığını göstərdi. Məlum oldu ki, Ilham Əliyev və onun administrasiyası bütün fürsətlərdə parçalanmış qrupların bir-birinə hücumu üçün cəhdlər göstərir. Yəni, ortada stabil siyasi strategiya və ya böhrandan çıxmaq üçün sağlam vahid mövqe yoxdur.
Sumqayıt Gəncəyə döndü…
İlham Əliyevin təyinatları Hitlerin “almanların köçü” siyasətinə bənzəyir. Adolf belə düşünürdü ki, ölkənin dörd bir yanında yaşayan almanlar bir-birinə inteqrasiya etməli, vahid alman qanı yaranmalıdır. Bu siyasətin nəticələri və Fürerin (qatıb qarışdırmağın) son aqibəti barədə yazmağa ehtiyac yoxdur.
Ilham Əliyev Gəncənin icra başçısını Sumqayıta təyin edib. O da öz növbəsində MIS rəisinin üstünə qışqırıb və ikincinin ürəyi gedib. Korrupsiyaya qarşı mübarizə çərçivəsində icra başçılarının yerini dəyişmək o deməkdir ki, Ilham Əliyev ölkənin hər yerini eyni cür xaraba qoymaq istəyir. Talançılığın vahid formasını yaradır. Nə fərqi var ki, Eldar Əzizov tortu Gəncədə bişirtdirir, yoxsa Sumqayıtda?! Əsas oxşarlıqdı ki, o da bütün ölkənin eyni dərəcədə ac olmasıdır.
Gəncəni Yevlaxın taleyi gözləyir…
Məşhur Azərbaycan filmində nənə nəvəsinə deyir: “Necə ki instituta getmisən, elə də işə gedəcəksən”. Elmar Vəliyev də necə ki Yevlaxı “yarıdıb”, indi də Gəncəni “yarıdacaq”. Azərbaycanda icra başçılarının, müəssisə rəhbərlərinin gördükləri ən yaxşı iş Heydər Əliyevə heykəl qoymaqdır. Bütün ölkə də heykəlləşdirilib. Yeni heykəllərin qoyulması üçün yeni şəhərlərə ehtiyac var. Yeni şəhərlər isə yeni korrupsiya obyektləri və yenidən korrupsiyaya qarşı mübarizə şousu deməkdir. Bir sözlə Ilham Əliyevin son “islahat”ları o deməkdir ki, bu ölkədə hər şey yeni korrupsiya dövriyyəsi üçün planlaşdırılır.
Sumqayıt kimi mədəni…
Mədəniyyət və Turizm Nazirliyində “yerdə qalan məsələlər” üzrə müavin olan Vaqif Əliyev hələ özünə otaq tapa bilmir. Sumqayıtı bərbad günə qoyub, indi də mədəniyyətimizi bihuş etməyə gedib, deyəsən. Bu da Ilham Əliyevin islahatlarının vəd etdiyi gələcək…
Goranboyda özünü öldürən baş həkimin xanımı acı şəkildə icra başçısına deyib ki, sən ondan bu qədər pul istəməsəydin, o özünü öldürməzdi. Indi Ilham Əliyevdən gözlənilən odur ki, bir dənə də iri “balığı” tutsun… Okeanda kilkə ovuna son! Korrupsiya balinalarının bu cür hücumu siyasi ekologiyanı ciddi şəkildə zədələyəcək. Bir sözlə, sistem özünün erroziyasına start verdi.
Seymur Həzi