Azad İsmayılov: «Sizinlə belə danışmaq lazımdır. Ölməsəniz, susmursunuz!»
Moskva, 1988-ci il. 3 noyabr…
Məhkəmə iclasında fasilə elan olunur. Məhkəmənin növbəti iclası noyabrın 10-da keçiriləcək.
Proses iştirakçıları zaldan çıxarkən münaqişə yaranır. Ismayılovun atası zalda səs-küy salan ermənilərlə mübahisə edir. Səbri tükənmiş Azad kişi üzünü ermənilərə tutub deyir: “Sizinlə belə danışmaq lazımdır. Ölməsəniz, susmursunuz!”.
Dava düşməsin deyə mülki geyimli milislər erməniləri sakitləşdirir, beş azərbaycanlını zaldan çıxarırlar. Milislər gələndə 30-40 erməni məhkəmə qarşısında qışqırır, yarım saat sonra çəkilib gedirlər.
Moskva, 1988-ci il. 10 noyabr…
Vəkil Ruştuni Müslümzadənin məhkəməyə şahid qismində dəvət edilməsi ilə bağlı vəsatəti təmin edilmədiyi üçün SSRI Ali Məhkəməsinin sədri V.Terebilovun və SSRI Ali Məhkəməsinin üzvü R.Brizenin adına Dağlıq Qarabağ Muxtar Vilayətindən daxil olmuş teleqramı oxumaq üçün söz istəyir.
Teleqramda deyilir: “1988-ci il may ayının 21-də Azərbaycan KP MK-nın plenumunda Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi C.Müslümzadə Sumqayıt hadisələrinə görə respublika rəhbərliyini günahlandırıb. Bundan əvvəl C.Müslümzadə Azərbaycan KP MK bürosunda şəxsi məsələsi müzakirə edilərkən bu barədə daha geniş məlumat vermişdir. Onun çıxışı ilə stenoqramda tanış olmaq mümkündür. Biz bu plenumun iştirakçıları kimi C.Müslümzadənin çıxışlarına diqqət yetirməyinizi xahiş edirik. Sizdən xahiş edirik ki, bu məsələyə məhkəmə iclaslarında aydınlıq gətirəsiniz”.
Q.Poqosyan, Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi;
Z.Movsesyan, Stepanakert Şəhər Partiya Komitəsinin birinci katibi;
V.Qriqoryan, Martuni Rayon Partiya Komitəsinin birinci katibi;
Q.Baqiryan, Hadrut Rayon Partiya Komitəsinin birinci katibi;
Ə.Vartanyan, Mardakert Rayon Partiya Komitəsinin keçmiş birinci katibi;
S.Petrosyan, Martuni Rayon Partiya Komitəsinin keçmiş birinci katibi.
Ərizəyə C.Müslümzdənin ünvanını əlavə edirik: 370010, Bakı şəhəri, Nizami küçəsi, 54. Telefon: 92-59 01, “IVEKS” kooperativi.
Vəkil Ruştuni:
– Teleqramın məhkəmənin gedişində mühüm amil olacağını nəzərə alaraq xahiş edirəm ki, bu teleqramı Əhmədov və digərlərinin cinayət işinə tikəsiniz. Və C.Müslümzadənin ifadə vermək üçün məhkəməyə şahid qismində gəlməsini təmin edəsiniz.
İlyas İsmayılovun etirazı…
Bakı, 2001-ci il. 2 mart…
Bəlkə də bu teleqramı şərh etməyə ehtiyac olmazdı. Əgər 23 il əvvəl, elə bu gün də Müslümzadə, Azərbaycanın digər partiya, sovet, təssərrüfat rəhbərləri Sumqayıt hadisələrinin məsuliyyətini dərk etsəydilər. Hadisədən 23 il sonra 1988-ci ildə respublika prokuroru olmuş (hazırda millət vəkilidir) Ilyas Ismayılov bizə zəng edib çox qəribə sual verir: “Nəyə görə mən Əhməd Əhmədovun ailəsindən üzr istəməliyəm?” – deyir. Çox möhtərəm Ilyas Ismayılovun dediklərindən belə çıxır ki, respublika prokurorluğundan onun imzası olmayan heç bir sənədə görə məsuliyyət daşımır: “1988-ci ilin axırlarında Əhməd Əhmədovun valideynlərinə ölüm hökmünün dəyişdirilməsi haqqında məktubu kim hazırlayıbsa, kim imza atıbsa, o da üzr istəməlidir”. Azərbaycanda heç bir hüquqi təhsili olmayan hər kəs yaxşı bilir: həmin illərdə məhz baş prokurorun xəbəri olmadan, Moskvadan hökmün dəyişdirilməsi haqqında sənəd almadan heç kim bu məktubu yaza bilməzdi. Cənab millət vəkilinin bizimlə telefon söhbətindən belə çıxırdı ki, Əhmədovun valideynlərinə yazılmış məktuba görə o heç bir məsuliyyət daşımayıb və daşımır. Biz də bir ailənin faciəsi ilə oynayanların nə günah sahibi olduqlarını respublika prokurorluğunun o vaxtkı rəhbərlərinin vicdanlarının müzakirəsinə buraxırıq. Amma Əhmədovun valideynləri Telli ananın, Iman kişinin ömrünə “sifarişlə yalançı sevinc” yazan, yaxud yazdıran adamlar bütün halda günaha batıblar.
“Telefonları nazir müavinin razılığı ilə kəsmişdik”
Moskva, 1988-ci il, 10 noyabr…
Şahid A.Arakelyanın ifadəsindən:
– Mən Azərbaycan Politexnik Institutunun tələbəsiydim. Mənim üçün bu hadisələr fevralın 22-23-də başlamışdı. Fevralın 20-də səhər saat 7:30-da avtovağzala gəldim, Bakıya instituta getmək istəyirdim. Avtovağzalda əlində zopa olan çoxlu əsgər vardı. Saat səkkizdə avtobusa minib Bakıya yola düşdüm. Mənimlə bir qrupda Sumqayıtdan Cabbarov da oxuyurdu. Axşam dərsdən sonra Sumqayıta qayıtdıq. Hadisə günləri Sumqayıtda çox sayda hərbi texnika vardı. Onlar daha çox şəhər partiya komitəsinin binasını qoruyurdu.
Şahid M.Ömərovun ifadəsindən (Sumqayıt şəhər rabitə qovşağının rəisi, mühakimə olunanlardan heç kimi tanımır):
– Fevralın 25-də telefonlar həddindən artıq yüklənmişdi. Bu səbəbdən şəhərdə 300-400 nömrə sıradan çıxmışdı. “Rabitə haqqında” qanuna və nazirin sərəncamına görə belə vəziyyətdə telefonların bir çoxunu bağlamağa icazə verilir. Fevralın 29-da mən nazirlə əlaqə saxlamaq istədim. Bu, mümkün olmadı. Mən idarə rəisinə zəng etdim. O, təlimata görə tədbir görməyi tövsiyə etdi. Bundan sonra biz telefonları kəsməyə başladıq. Biz yalnız milisin, partiya, sovet və digər hüquq-mühafizə orqanlarının telefonunu kəsmədik.
Zərərçəkənlərin vəkili Şapoşnikovanın suallarına cavab verən şahid deyir:
– Fevralın 27-də məni şəhər partiya komitəsinə çağırdılar. Şəhər XDS Icraiyyə Komitəsinin sədri Təvəkkül Məmmədov və ikinci katib Mələk Bayramova mitinq keçiriləcək meydanda mikrofon qurmaq əmri verdilər. Biz mikrofon quraşdırdıq, amma ondan istifadə olunmadı. Fevralın 28-də də mikrofon quraşdırdıq. Mitinqdə nə danışıldı, kim çıxış etdi, mənim xəbərim yoxdur.
Zərərçəkən C.Ambarsumyan şahidin üzünə bozarır. Onun yalan danışdığını deyir. Şahid fevralın 27-də mitinqdə mikrofondan danışıldığını söyləyir.
Prokuror söz alaraq deyir:
– SSRI prokurorluğu Sumqayıtın erməni sakinlərindən həmin günlərdə telefonlarının kəsilməsi barədə şikayət ərizəsi alıb. Yoxlamalar aparılıb, telefonların təlimata uyğun qapadıldığı sübut olunub. Rabitə qovşağında heç kim məsuliyyətə cəlb olunmayıb.
Prokuror:
– Sizi kim xilas etdi?
Şahid A.Qukasyan:
– Mühakimə olunanlardan heç kimi tanımıram. Fevralın 29-da Sumqayıt şəhər evlər idarəsinin müdiri Təhməzov bizə gəldi. Evdən çıxmamağı məsləhət gördü.
“Sizi xilas edənlər hansı millətdən idi?”
Prokuror şahidin sözünü kəsir:
– Sizi kim xilas etdi? O hansı millətdən idi?
Şahid:
– Azərbaycanlı!
Prokuror:
– Siz kimin evindən tanışınıza zəng etdiniz?
Şahid:
– Azərbaycanlı ailənin evindən!
Prokuror:
– Sizə baş verə biləcək hadisələr barədə kim əvvəlcədən məlumat verdi: Azərbaycanlı?
Şahid:
– Bəli.
Prokuror:
– Belə çıxır ki, siz çətin məqamda başqalarına deyil, azərbaycanlılara müraciət etmisiniz.
Zalda narazılıq yaranır. Ambarsum Qalustyan: “Qəhrəman millətdir”, – qışqırır.
Hakim ondan zaldan çıxmasını tələb edir.
Bu vaxt bir gənc qadın yerindən durub deyir:
– Mən Anait Bayanduram, Ermənistan Yazıçılar Ittifaqının üzvüyəm. Mən məhkəməyə inanmıram. Buna görə də zalı tərk edirəm.
Onun ardınca başqa erməni çıxış edir:
– Mən Maro Markanyan, Ermənistan Yazıçılar Ittifaqının üzvüyəm. Mən də məhkəməyə inanmıram. Bu, məhkəmə deyil, tamaşadır. Mən prosesin dayandırılmasını tələb edirəm.
Zalda olan zərərçəkənlər də ayağa durub zalı tərk etmək üçün qapıya sarı gedirlər. Hakim zalda qalanlara yerlərini tutmağa çağırır.
Prokuror Qukasyandan soruşur:
– Siz Azərbaycan xalqı ilə bu hadisələri törədən xuliqanlar arasına bərabərlik işarəsi qoyursunuz?
Şahid:
– Mən bir söz deyə bilmərəm, bütün bunları xuliqanların etdiyini də təsdiq edə bilmərəm. Amma bütün bunlar ermənilərə qarşı təşkil olunmuş aksiya idi.
Vəkil Yaşin:
– Mən bilmək istərdim. Siz uzun illərdir ki, Sumqayıtda yaşayırsınız. Buna qədər hüquqlarınızı məhdudlaşdıran hallar olubmu?
Şahid:
– Düzünü deyim? Olub!
***
Şahid M.Kərimov: Tədris metodiki kabinetin müdiri. Mühakimə olunanlardan heç kimi tanımır.
Vəkil Ruştuni:
– Siz Saqatelyana ermənilərin siyahısını hazırlamaq haqqında tapşırıq vermisiniz?
Kərimov “yox” cavabı verir.
Moskva, 1988-ci il, 11 noyabr
Şahid V.Məmmədov. 11 nömrəli MIS-in rəisi, mühakimə olunanlardan heç kimi tanımır:
– Bütün mənzil istismar sahələrinin rəislərini Şəhər Icraiyyə Komitəsinə dəvət etdilər, fevralın 29-da axşama qədər orda oturduq. Sonra biz tankın üstündə oturub, bankları, rabitə və digər obyektləri əsgərlərə göstərdik.
Vəkil:
– Siz istintaq orqanlarının icazəsi olmadan cinayət dəlillərini yandırıb basdırmısınız?
Bu barədə istintaqa Təhməz Təhməzov məlumat vermişdi.
V.Məmmədov:
– Biz istintaq orqanlarından xəbərsiz heç bir dəlil yandırmamışıq. Azərbaycan KP MK-nın şöbə müdiri Hənəfiyevin sərəncamı ilə dəlilləri toplayıb yandırmışıq, yerinə qum tökmüşük.
Şahid A.Dadaşov. 12 nömrəli MIS-in baş mühəndisi, mühakimə olunanlardan heç kimi tanımır, V.Məmmədovun dediklərini təkrar edir.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala