Departamentin hesabatında Azərbaycan məmurlarıdolayısı ilə narkobiznesdə ittiham olunub
Əlövsət Əliyev: «Korrupsiya narkotiklərə qarşı hüquq-mühafizə orqanlarının effektli iş aparmasının qarşısını alır»
ABŞ Dövlət Departamentinin dünyada narkotik maddələrin istehsalı və onunla mübarizənin vəziyyətinə dair hesabatında Azərbaycan yenə biabırçı yerdə qərarlaşıb. Hesabatın Azərbaycana aid hissəsində qeyd edilir ki, narkotiklərin Azərbaycan ərazisi ilə daşınması hələ də ciddi problem olaraq qalır. Sənədə görə Azərbaycan Əfqanıstan və Irandan Avropa və Rusiyaya narkotik vasitələr daşınan vacib yollardan birinin üzərində yerləşir. Ildən-ilə də narkotik tacirləri üçün Azərbaycanın əhəmiyyəti artır. Çünki Türkiyə və Gürcüstanda sərhəd rejimi gücləndirilir.
Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycan dövləti narkotiklərin tranzitinə qarşı mübarizə aparır. Amma təəssüf ki, hökumətdə, hüquq-mühafizə orqanlarında mövcud olan korrupsiya bu sahədə də ciddi narahatlıq mənbəyi olaraq qalır.
Ekspertlərin fikrincə, Dövlət Departamentinin hesabatında birbaşa olmasa da, dolayısı ilə Azərbaycan məmurları narkobiznesdə ittiham olunub.
Hüquqşünas Əlövsət Əliyevin sözlərinə görə, Azərbaycan Əfqanıstanda istehsal olunan narkotikin təxminən 20 faizinin ötürülməsində tranzit ölkə kimi çıxış edir. Bu narkotik isə Azərbaycana Iran vasitəsilə gətirilir. Gürcüstan və Türkiyədən fərqli olaraq Iranın Azərbaycan ərazisi ilə narkotiklərin Avropaya göndərilməsində xüsusi marağının olduğunu deyən Ə.Əliyev bildirdi ki, Iran narkotik vasitələrin Azərbaycana hava, su və quru nəqliyyatı ilə daşınmasına imkan yaradır: “Bu məqamlar istər beynəlxalq təşkilatların hesabatlarında, istərsə də hüquq-mühafizə orqanlarının sənədlərində əksini tapıb. Təəssüf ki, Azərbaycanda narkotiklərin daşınmasına qarşı mübarizə adekvat deyil. Təhlil olunan faktlara əsasən bunu demək olar. Çünki Azərbaycan ərazisindən çox böyük daşınmaların olması göstərilsə də aşkar olunan narkotik vasitələr qramlarla, maksimum halda kiloqramlarladır. Digər tərəfdən, Azərbaycana narkotik daşıdıqlarına görə Iran vətəndaşlarına verilən cəza çox aşağıdır. Çünki Azərbaycana narkotik daşıyan şəxslər bir müddət saxlandıqdan sonra Irana təhvil verilir. Onlar isə Irana qaytarıldıqdan sonra daha təkmil formada fəaliyyətlərini davam etdirirlər”.
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin zəif olmasının narkotiklərə qarşı hüquq-mühafizə orqanlarının effektli iş aparmasının qarşısını aldığını deyən Ə.Əliyev bildirdi ki, bu baxımdan Dövlət Departamentinin hesabatı obyektivdir. “Azərbaycan narkotiklərin ölkə ərazisindən daşınmasına dair münasibətini dəyişməlidir. Həm Azərbaycan ərazisindən narkotiklərin daşınmasına, həm də ölkə ərazisinə idxalına qadağa qoyulmalıdır”,- deyə Ə.Əliyev qeyd etdi.
Hikmət