«Dövlət xaricdəki diplomatlarının maddi vəziyyəti ilə bağlı vahiməli iddiaları niyə araşdırmır?»
Vaxtilə Heydər Əliyevə lobbiçilik etmiş, amma son vaxtlar hakimiyyətin ünvanına səsləndirdiyi kəskin tənqidlərlə diqqəti cəlb edən türkiyəli professor Yəhya Daşdələnin “Azadlıq”a növbəti müsahibəsini təqdim edirik:
– Doktor, Azərbaycanda iqtidarın müxalifətə münasibətini hansı rejimlərlə müqayisə etmək mümkündür? Müxalifətə düşmən kimi yanaşma tərzi tarixin hansı dövründə qalıb?
– Dünya tarixində müxalifətin olmadığı bir ölkədə, əlbəttə ki, demokratiya yoxdur. Azərbaycanda müxalifətə qarşı komik bir siyasət tətbiq edilir, müxalifət maddi və mənəvi cəhətdən iflasın astanasına gətirilir. Parlament tək səsli bir orkestrdir, azadlıqlar mümkün olduğu qədər məhdudlaşdırılıb, sadəcə, alqış çalan bir cəmiyyət yaratmaq istəyirlər. Bunun adı “Hipnoz siyasəti”dir. Orada müasir üsuli-idarəyə və millətin hakimliyinə qətiyyən əhəmiyyət verilmir. Bu iqtidar yerində qaldığı müddətdə Azərbaycanda fəlakətlər bitməyəcək. Biz bir çox siyasi məsələlərə aydınlıq gətirməliyik ki, bəlkə bu, “yatan-gəzən” diktatura rejiminin rejissorları səhvlərini anlayıb xalqdan üzr istəyər və haqq etmədikləri yerlərdə oturmaqdan vaz keçərlər. Mənim üzərində durduğum məsələlərin hamısı tarixi vəsiqədir. Insan bəzən elə şeylərlə qarşılaşır ki, artıq heyrət də edə bilmir. Məsələn, Azərbaycan Kars vilayətinə baş konsul təyin edir. Baş konsul orada özünə etibarlı adamlar axtarır. Təsadüfə baxın ki, Karsda çıxan “Öndər” qəzetinin sahibi ilə tanış olur. O adam mənim qardaşımın oğludur. Baş konsul ona deyir ki, ağzı bütöv bir adam tapaq, konsulluğa bina kirayələyərkən biz də öz payımızı ordan alaq. Qardaşım oğlu Öndər mənə zəng edib bu barədə xəbər verdi. Və əlavə etdi ki, Ankaradakı səfirə də məlumat verəcəyəm. Mən dedim ki, boş yerə əziyyət çəkmə. Rüşvət bunların peşəsidir. “Öndər” qəzeti Karsda çıxır, həm Türkiyənin, həm də Avropanın bir çox yerindəki abunəçilərə göndərilir.
Azərbaycan səfiri pullarını hansı banka əmanət edirmiş?
– Bu cür xəbər və iddialar tez-tez yayılır. Ölkəsini xaricdə təmsil edən diplomatik missiya şeflərinin bu hərəkətləri dövləti gözdən salmırmı? Axı dövlət onlara kifayət qədər yüksək maaş verir, lüks maşınlar alır, yaxşı evlər kirayələyir, xərclərini ödəyir… Bəs, Azərbaycan dövləti onların xaricdəki bank hesablarındakı artımlara nəzarət etmirmi?
– Nədənsə, Azərbaycanın Türkiyədə işləyən diplomatlarının çoxunda dollar xəstəliyi vardı. Onlar diplomatik karyeralarını vətənə xidmətdən çox dollara bağlamışdılar. Bütün qəribə işlər gəlib məni tapır. Azərbaycanın Ankaradakı səfirliyinin olduğu məhəllədə bir bank vardı. O bankın müdiri mənim böyük qardaşımın gəlini idi. O bir gün mənə dedi ki, əmi, sizin bu səfir çox varlı adamdır. Bütün pullarını bizim banka qoyur. Mən sadəcə gülümsədim, çünki əlimdən gələn bir şey yox idi. Məmməd Novruzoğlunun işi-gücü burdan yüksək vəzifəli şəxsləri və ya holdinq sahiblərini Azərbaycana dəvət etdirib öz ayaqlarının altını bərkitməkdən ibarət idi. Azərbaycanla uzaqdan-yaxından əlaqəsi olmayan insanları Bakıya aparıb onlara fəxri doktor ünvanı verdirirdi. Bakıda fəxri doktor ünvanı alanlar daha sonra Azərbaycanın adını belə dilə gətirmirdilər. Əslində, o cür işlər sadəcə, səfirin özünə lazım idi. Ancaq səfir bəy bir dəfə baltanı daşa vurdu. Bakıda keçiriləcək Dünya Azərbaycanlıları Qurultayına mənim adımı verməmişdi. Mərhum prezident Heydər Əliyev dəvət edilənlərin siyahısına baxanda mənim adımı görmür və son dərəcə əsəbi vəziyyətdə “Bir an əvvəl Yəhya bəyi çağırın gəlsin” deyir. Əliyev bu əmri verərkən baş nazirin o vaxtkı müavini Abbas Abbasov da onun yanında imiş. Abbas bəy mənə bu əhvalatı danışanda dedi ki, Yəhya bəy, sənə görə, az qala cənab prezident bu səfiri geri çağıracaqdı. Məmməd Novruzoğlu xarici işlər naziri Həsən Həsənovdan çox qorxur və gecələr gözünə yuxu getmirdi. Əfəndisini məmnun edə bilmək üçün səfir Novruzoğlu onun evinə lazım olan şeyləri (soyuducu, paltaryuyan maşın, elektrikli qaz sobası, elektrik əşyalar və s.) alıb göndərirdi.
Səfir üçün geriyə qayıdış prosesi başlamışdı. Səfirliyin əməkdaşlarına vida ziyafəti verirdi. Orda mənə dedilər ki, səfir Ankaradakı varlıların məhəlləsi olan Bilkəntdə özünə 700 min dollar qiyməti olan bir mənzil alıb. Başqa bir əməkdaş dedi ki, o mənzili səfirə Ihsan Doğramacı hədiyyə verib. Bu necə işdir: bir ölkənin səfiri başqa bir ölkədə o qədər qiymətli bir mənzili öz maaşı ilə necə ala bilər? Əgər almayıbsa, bir ölkənin səfirinə başqa bir ölkə necə mənzil hədiyyə verə bilər? Dünyanın istənilən dövlətinin səfiri ilə bağlı bankda külli miqdarda pul və ya mənzil iddiaları gündəmə gəlsə, o iddialar dərhal araşdırılar və doğrudursa, lazımi cəza verilər.
Səfir Novruzoğlu cibində gəzdirdiyi bir kağızı hamıya göstərib deyirdi ki, əgər məni işdən çıxarsalar, Bilkənt universitetində işləyəcəm. Təkrar edirəm: bu necə dövlətdir? Səfir işdən çıxarılma ehtimalını nəzərə alaraq özünə iş yeri edir və bunun “sənədi”ni hamıya göstərir?! Bu ölkəyə kim güvənib etibar edər?! Əgər universitetdə işləyəcəkdisə, bəs o səfirin bildiyi “dövlət sirləri”nin aqibəti necə olacaqdı? Yoxsa o, “dissident” kimi Türkiyəyə sığınacaqdı? Insan mat-məəttəl qalır.
Onlar bu “təsadüfi adamın” ziyafətlərində nə gəzirdilər”
– Heydər Əliyev sizi özünün Ankaradakı lobbisinin təmsilçisi təyin etməmişdimi? Əgər belə idisə, səfir sizə niyə ögey münasibət bəsləyirdi? Necə düşünürsünüz, səfir sizin barənizdə Heydər Əliyevə mənfi rəy verə bilərdimi? Bu barədə XIN-ə kripto göndərmiş ola bilərdimi? Əgər siz “təsadüfi” adam idinizsə, bunu Heydər Əliyevə və XIN-ə bildirmək səfirin vəzifəsi deyildimi?
– Mən bu iddialara cavab verəcəyəm. Qoyun, gündəliyə gətirdiyim məsələlərlə bağlı hamı danışsın. Bir fakt deyim: Bakıdan Ankaraya bir heyət gəlmişdi. Mən Türkiyədəki Azərbaycan lobbisinin başçısı kimi o heyətə axşam ziyafəti verdim. Orada Türkiyənin önəmli adamları vardı – təxminən 60 nəfər. Hidayət Orucov da o heyətdə idi. Səfirin də, Hidayət bəyin də o ziyafətdə məni tərifləməkdən ovurdları şişmişdi. Soruşuram: mən 2-3 nəfəri təmsil edən “təsadüfi adam” idimsə, diplomatik missiyanın başçısı və dövlət müşaviri o ziyafətdə nə gəzirdilər?
Cəlal Əliyev Daşdələn haqqında nə deyib?
– Siz Azərbaycan Kültür Dərnəyinin idarə heyətində olanda da Bakıdan Ankaraya gedən qonaqlarla görüşürdünüz, elə deyilmi?
– Bəli.
– O görüşlərinizdən maraqlı olanları barədə məlumat verə bilərsinizmi?
– Bir dəfə Elçin Əfəndiyevin başçılığı altındakı bir heyət Dərnəyimizi ziyarət etdi. Elçin bəyin yanında bir rus qadın vardı. Qadın Elçin bəydən soruşdu ki, Yəhya bəydən bizə bir ziyan gələrmi? Elçin bəy dedi ki, narahat olma, Yəhya bəy bizim öz adamımızdır. Rus qadın orda elə bir çıxış etdi ki, otaqda buz kimi hava əsdi. Mən söz alıb qadını o vəziyyətdən xilas etdim. O vaxt heyətdə Ziya Bünyadov da vardı. Kızılay səmtində gəzəndə Ziya bəy yaxasına qızıl ulduz medalı taxmışdı. Mən ona dedim ki, “Ziya bəy, bu medalı taxmağınıza burada yaxşı baxmazlar”. Dedi ki, “mən bu medalı özüm almışam, mənə heç kim heç nə edə bilməz”.
Elçinin bir pyesi Ankarada tamaşaya qoyulmuşdu. Elçin ailəsi ilə pyesin premyerasına gəlmişdi. Tamaşa bitəndən sonra rejissor mənim yanıma gəlib dedi ki, Yəhya bəy, bu əsər qatı Azərbaycan ləhcəsilə yazılıb, ona görə də heç kim heç nə başa düşmədi. Ona görə də 2 gündən sonra pyes repertuardan çıxarıldı.
– İkilikdə söhbətlərinizdə Heydər Əliyev sizə hansısa təlimatlar verirdimi? Ona ən yaxın adamlar sizi necə qiymətləndirirdilər?
– Prezidentin dəvəti ilə Bakıya Füzuli şənliklərinə gedirdik. Təyyarədə prezidentin qardaşı Cəlal Əliyevlə məşhur heykəltəraş Ömər Eldarov da vardı. Cəlal bəy heykəltəraşa dedi ki, Yəhya bəyi tanıyırsanmı? O da məni tanıdığını dedi. Cəlal bəy dedi ki, Yəhya bəy prezidentin ən yaxın dostudur. O, bir qəhrəmandır…
P.S. Doktor Yəhya Daşdələnlə müsahibənin gələcək bölümlərində onun Heydər Əliyevlə olan münasibətinin gizli səhifələrinə işıq tutacağıq və bu məqamlarla bağlı şərhləri oxuyacaqsınız.
“Azadlıq”