Müxalifət Qəzzafiyə canını qurtarmaq üçün şans verdi
Diktatorun soyqırım törətdiyini isbatlayan videokadr və fotoşəkillər yayımlandı
Liviyada Müəmmər Qəzzafiyə sadiq əsgərlərlə müxalifət təmsilçiləri arasında silahlı qarşıdurmalar dünən də davam edib. Diktatorun əmrində vuruşan əsgər və muzdluların paytaxt Tripoliyə yaxın Zaviyyə şəhərinə nəzarəti ələ keçirməsi barədə xəbərlər yayılıb. Zaviyyə şəhəri Liviya diktatorunun son qalası olan Tripolinin müdafiəsi üçün strateji əhəmiyyət daşıyır.
Qəzzafi yaşayış binasını bombalatdı
“Associated Press” agentliyinə danışan Qəzzafi əleyhdarlarından birinin sözlərinə görə, diktatorun əsgərləri üsyançıların nəzarətindəki Zaviyyə şəhərinin bir hissəsini ələ keçirib. Diktatorun sadiq əsgərləri şəhərdəki hərbi bazaya nəzarəti bərpa edib. Şahid bildirib ki, müxalifətin Tripoliyə daxil olmasını ənəglləməyə çalışan Qəzzafinin tankları və hərbi maşınları Zaviyyə şəhərində dolaşır.
Bundan başqa dünən Müəmmər Qəzzafinin əmrindəki silahlı qüvvələr yenə də neft limanı Ras Lanuf şəhərindəki müxalifətçilərin məskunlaşdığı düşərgələrə hava zərbələri endirib. Diktatora bağlı qüvvələr şəhərdəki ikimərtəbəli yaşayış binasına da bombalayıb. Hava hücumu nəticəsində ölən və yaralananlar barəsində dəqiq məlumat yoxdur.
Üsyançılar Zenten şəhərini ələ keçirdi
Qızğın silahlı qarşıdurmların yaşandığı bölgədə Tripolidən 120 km qərbdə yerləşən Zenten şəhərinin nəzarəti isə müxalifət təmsilçilərinin əlinə keçib. Sənədli film çəkmək üçn şəhərdə olan fransız vətəndaşı telefonla “AFP” agentliyinə verdiyi açıqlamasında Qəzzafi tərədarlarının Zentendən çıxdığını və üsyançıların qələbələrini qeyd etdiyini söyləyib.
Müxalifət diktatora təminat verdi
Müxalifət Müəmmər Qəzzafinin özünün və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunacağı təqdirdə istefaya gedəcəyi haqda açıqlamasına münasibət bildirib. Benqazi şəhərində müxalifətin qurduğu müvəqqəti keçid hökuməti bəyanat yararaq Qəzzafinin 3 gün ərzində istefaya gedəcəyi və ölkəni tərk edəcəyi təqdirdə diktator haqqında hüquqi tədqiqat aparılmayacağını açıqlayıb.
Qəzzafinin qan donduran vəhşiliyi
Qətərin “Əl Cəzirə” kanalı Müəmmər Qəzzafinin xalqa qarşı silah işlətmək əmirlərinə tabe olmadıqları üçün öldürülən əsgərlərin qətlə yetirilməsinin videogürüntülərini yayımlayıb. Videokadrların paytaxt Tripolidə çəkildiyi bildirilib. Qəzzafinin əmrinə tabe olmayan əsgərlərin qətliamından qurtulmağı bacaran şahidin sözlərinə görə, diktatora sadiq silahlılar xalqa qarşı güc işlətməkdən imtina edən əsgərlərin hərəkət etməmələri üçün ayaqlarını bağladıqdan sonra başlarından güllə ilə vuraraq öldürüblər.İngiltərədə nəşr olunan “The İndependent” qəzeti isə Benqazi şəhərindəki hərbi bazada Qəzzafinin əmrlərinə tabe olmayan əsgərlərin öldürüldükdən sonra yandırılıldığını bildirib. Qəzet dəhşətli olayla bağlı fotoşəkilləri də yayımlayıb.
Obamdan Qəzzafiyə sərt ultimatum
ABŞ prezidenti Barak Obama Liviya hakimiyyətinə növbəti dəfə xəbərdarlıq edib. O, Avtsraliyanın baş naziri Culiya Gillardla Vaşinqtonda birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, Liviya hakimiyyəti törətdiyi zorakılıqlara görə cavab verməli olacaq:“Mən polkovnik Qəzzafinin əlaltılarına aydın şəkildə izah etmək istəyirəm. Onlar məsuliyyətə cəlb olunacaqlar. ABŞ yolverilməz qəddarlıqla üzləşən Liviya xalqı ilə çiyin-çiyinə dayanacaq”.Ağ ev rəhbəri bildirib ki, NATO Liviyadakı hadisələrə reaksiya verməyin bütün variantlarını, o cümlədən hərbi yolları nəzərdən keçirir. O, ABŞ-ın da bütün cavab variantlarını nəzərdən keçirdiyini və Liviya xalqına əlavə 15 milyon dollarlıq humanitar yardımın ayrılmasına göstəriş verdiyini bildirib.
Qəzzafinin pərdəarxası “silahı”
42 il ölkəni dəmir yumruqla idarə edən Müəmmər Qəzzafi liviyalıların ona qarşı ayağa qalxmamışdan öncə Qərb dünyasının etimadını qazanmaq üçün külli miqdarda pul xərcləməli və zamanın şərtlərinə uyğun diplomatik addımlar atmalı olub. Diktator məhz bunun sayəsində oğul Corc Buş, Toni Bleyer və Silvio Berluskoni ilə sıx əlaqələr qurmağı bacarıb. Qəzzafiyə sahib olduğu gücü qazandıran şəxs diktatorun iqtidarı sarsıldığı vaxt pərdənin arxasında gözləməyə üstünlük verir.
Diktatorun “brendi”
Liviyanın bir nömrəli casusu Musa Kusa 2003-cü ilin dekabrında Londonda ABŞ və İngiltərə xüsusi xidmət orqanlarının rəsmiləriylə görüşüb. Aparılan danışıqlarda məqsəd Kusanın şefi Qəzzafinin dünya səhnəsindəki imicini yeniləyəcək bir anlaşma əldə etməkdi. Hazırda Liviyanın xarici işlər naziri olan Musa Kusanı Qəzzafinin “brendi” adlandırırlar.
Qəzzafinin sehrbazı
Kusanın Qəzzafinin qədul edilməsini təmin edən ilk şəxs olması onun Qərb siyasi texnologiyalarını yaxşı bilməsindən qaynaqlanır. Kusa taktiki gedişləri gözəl qurur, üzrxahlıqlar hazırlayır, onları müdafiə edir, uzlaşmalar irəli sürür və s. Beləliklə də Musa Kusa Qəzzafi xalqına və ümüumiyyətlə bəşəriyyətə qarşı nə qədər ağır günahlar işlətmiş olsa da onu iqtidarda saxlamağı bacarır.
Maraqlı burasındadır ki, Musa Kusa Qəzzafini qəbul etmələri üçün dünyanın aparıcı siyasi liderlərini də dilə tuta bilib. Onlar arasında İngiltərənin keçmiş baş nazirləri Toni Bleyer və Qordon Braun, Fransa prezidenti Nikola Srakozi, İtaliyanın baş naziri Silvio Berluskoni və hətta ABŞ-ın eks prezidenti oğul Corc Buş da var.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Corc Tenetin sözlərinə görə, Musa Kusa 1988-ci ildə Şotlandiyanın Lokkerbi qəsəbəsi üzərində partladılan və 270 nəfərin ölümünə səbəb olan “Pan American” aeroşirkətinə aid təyyarədəki terror aktına görə birbaşa məsuliyyət daşıyır. Ancaq 2003-cü ildə Londonda aparılan danışıqlarda Qərb xüsusi xidmət orqanlarının Kusanın təklifinə baxışları tamamilə fərqliydi.
Musa Kusanın rəddolunmaz təklifləri
Kusa Londonda danışıqlar masasına elə təkliflərlə əyləşmişdi ki, heç kim bunu rədd edə bilməzdi. Liviyanın neft yataqları tamamilə Qərbin üzünə açılacaq, Avropa Birliyi və Avropa bankları, şirkətləri Liviyanın gəlirlərinə ortaq olacaqdı. Bundan başqa Qəzzafinin nüvə proqramını sonlandırdığı açıqlanacaqdı. Qısası, Kusanın planı hər kəs üçün bir anlam kəsb edirdi. Yəni, Liviya xalqından başqa hər kəs üçün cəzbedici təklif idi.
Ancaq illər sonra Kusanın oynadığı kartlardan inşa etdiyi ev yıxılmağa başladı. 2009-cu ildən xarici işlər naziri olan Musa Kusa bugün yanına çəkdiyi müttəfiqlərin hər saatbaşı Qəzzafi əleyhdarlarının tərəfinə keçdiyinə şahid olur. Üsyanın ilk günlərində ingilis həmkarı Uilyam Hoque ilə telefon əlaqəsi saxlayan Kusa amerikalı rəsmlərin sözlərinə görə, artıq telefonlara cavab vermir.
Daha bir maraqlı məqama diqqət yetirmək lazımdır.ABŞ Xəzinədarlıq Nazirliyi Qəzzafi və yaxınlarının bütün bank hesablarını dondurdu. Ancaq Musa Kusanın varidatına həbs qoyulmadı. Deyəsən Qəzzafinin “brendi” bü gun baş verənləri zamanında bildiyi üçün Qərb dünyası xüsusən də ABŞ-la gizli razılıq əldə edib.
Turan