Partiyanın Ismayıllı şöbəsinin müşavirəsinə imkan verilmədi; şöbənin sədri həbs olundu
Dünən Ismayıllıda AXCP-nin yerli şöbəsinin müşavirəsi keçirilməliydi. Müşavirə partiyanın Ismayıllı şöbəsinin sədri Sadiq Umudlunun evində keçirilməsi planlaşdırılmışdı. Bu məqsədlə partiya rəhbərliyindən AXCP sədrinin müavini Gözəl Bayramlı, Ali Məclis sədrinin müavini Iradə Əliyeva, Gənclər Komitəsinin sədr müavini Nihad Hüseyn və partiyanın Qadınlar Şurasının üzvü Nüşabə Atakişiyeva Ismayıllıya getmişdi. Lakin başqa rayonlarda olduğu kimi, Ismayıllıda da polis qüvvələri prosesə cəlb olunaraq, müşavirəyə imkan verilməyib.
Bu barədə “Azadlıq”a məlumat verən Gözəl Bayramlı bildirib ki, müşavirədə iştirak məqsədilə dünən Ismayıllıya gedərkən rayona çatmağa az qalmış prosesə polis müdaxiləsi haqda xəbər tutublar. Məlum olub ki, yerli şöbənin sədri Sadiq Umudlu polis şöbəsinə aparılıb. Ona bildirilib ki, ya müşavirə təxirə salınmalı, Bakıdan gələnlər yoldan geri qayıtmalıdır, ya da o, həbs olunacaq: “Biz rayona çatanda Sadiq Umudlu polis şöbəsində idi. Polis rəisinin özü rayonda olmadığından bütün bu baş verənlər onun müavini Şöhrət Kərimov və əməliyyatçı Vahid Məhərrəmovun nəzarəti altında həyata keçirilirdi. Biz gedənə qədər toplantıya gəlmiş adamlara qarşı zorakılıq eləmişdilər. Rayon şöbəsindən digər şəxslərlə əlaqə saxladıq, danışıqlardan sonra belə qərara gəldik ki, Sadiqin azadlığa buraxılması üçün toplantını təxirə salaq”.
Partiya rəhbərliyinə daxil olan şəxslər rayonu tərk edəndən sonra Sadiq Umudlunu buraxıblar. Gözəl Bayramlı deyir ki, bütün bunlar hakimiyyətin AXCP-dən qorxduğunun göstəricisidir: “Bu, polisin AXCP-nin fəaliyyətinə növbəti müdaxiləsi idi. Məlum olduğu kimi, bundan əvvəl də bir neçə rayonda bənzər yollarla AXCP-nin tədbirlərinə polis müdaxiləsi olub. Bütün bunlara görə məsuliyyət birbaşa hakimiyyətin üzərindədir. Hakimiyyət müxalifətin fəallaşmasından qorxur, təşvişə düşür. Təsəvvür edin, bazar günü olmasına baxmayaraq, polis qüvvələri ayağa qaldırılmışdı. Halbuki, YAP kimi AXCP-nin də yerli şöbələrinin toplantılarına imkan verilməlidir. Imkan verilmirsə, deməli, hakimiyyət çəkinir”.
Informasiya şöbəsi