“Der Tagesspiegel” gənclərin həbsindən və hakimiyyətin inqilab qorxusundan yazıb
“Azərbaycan rəhbərliyi nümayişlərə dair çağırışlara qarşı sərt reaksiya verir”. Bu barədə yazan Almaniyanın “Der Tagesspiegel” qəzeti Azərbaycanda son günlər gənc fəalların bir-birinin ardınca müxtəlif bəhanələrlə həbs olunmasından bəhs edən məqaləsinə “Facebook inqilabı ərəfəsində qorxu” başlığı qoyub. Qəzet müxalifətçi gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin həbsindən bəhs edərək yazır ki, hakimiyyətin bu addımı “Facebook” səhifələrində gənclərin daha da fəallaşmasına səbəb olub. İndi “Facebook” səhifələrində B.Hacıyevlə bağlı belə fikirlər yayılır.
“O, siyasi əsirdir”, “Sistem onu qəhrəmana çevirir”, “Bir gün bu hakimiyyət öz-özünü dağıdacaq”, “Bu, sonun başlanğıcıdır”. “Bütün bunlar gənc fəalın həbsi ilə bağlı çoxsaylı reaksiyalardan ancaq bir neçəsidir. 28 yaşlı Hacıyev daha 5 fəalla “Facebook” səhifələrində gəncləri martın 11-də nümayişə çıxmağa çağırıb. Onun çağırışında hakimiyyət kəskin tənqid olunur və ərəb ölkələrində gənclərin necə etiraz aksiyaları təşkil etməsindən danışılır. Bir çox diplomlu və gənc azərbaycanlı ərəb ölkələrində hadisələrin necə cərəyan etməsini böyük gərginliklə və diqqətlə izləyir” deyə, alman qəzeti yazır.
Məqalədə deyilir ki, belə gənclərin əksəriyyəti narazıdır və ölkədəki avtoritar hakimiyyət, hər yerə yayılmış korrupsiya qarşısında özləri üçün hər hansı perspektiv görmürlər. Qəzet yazır ki, Tunis və Misirdəki inqilablar bu cür gəncləri hamıdan çox həvəsləndirib. Hakimiyyət isə bu fəallaşmaya qarşı olduqca əsəbi reaksiya verir. “Der Tagesspiegel” xatırladır ki, B.Hacıyev doğma şəhəri Gəncədə həbs edilib. Rəsmi olaraq onun həbsinə əsas kimi hərbi xidmətdən yayınması göstərilir. Lakin vəkili deyir ki, gənc fəala həbs olunarkən “Facebook” fəaliyyəti ilə bağlı suallar veriblər: “Hacıyev ötən ilin noyabrında keçirilən parlament seçkilərinə qatılıb və bir çox müxalifət namizədləri kimi mandat qazanıb, lakin seçkilərin nəticələri saxtalaşdırılıb. Daha sonra o saxlanılıb və yaşayış yerini tərk etməmək şərti ilə buraxılıb”.
Qəzet B.Hacıyevin son bir neçə həftədə həbs edilən ikinci gənc fəal olduğunu xatırladır. Yazır ki, bir ay əvvəl AXCP fəalı Cabbar Savalanlı narkotik saxlamaq ittihamı ilə həbs edilib. Lakin onun da “Facebook” səhifəsində hakimiyyət əleyhinə çıxışlarına görə saxlanıldığı bildirilir. “Hər iki həbs Azərbaycanda bloggerlər Emin Milli və Adnan Hacızadənin məsələsini xatırladır. Onların həbsi geniş beynəlxalq diqqətə və narahatlığa səbəb olmuşdu. Bloggerlər 17 aylıq həbsdən sonra Almaniya Bundestaqının deputatlarının ABŞ prezidenti Barak Obamaya müraciətləri sayəsində azadlığa buraxıldılar. 2007-ci ildə həbs edilən müxalif jurnalist Eynulla Fətullayevin azadlığa çıxmasına isə heç Avropa İnsan Haqları Məhkəməsinin onun barəsində çıxardığı qərar da kömək edə bilmir. Azərbaycan hakimiyyəti çoxdandır müxalifətçi siyasətçiləri və jurnalistləri sıxışdırıb sıradan çıxarmaq yolunu seçib. Hələ ehtiyatları kifayət qədər olan neftdən əldə edilən gəlirlər hesabına gənclərin bir çoxuna xaricdə və ölkədə oxumaq üçün təqaüdlər ayrılır. Buna baxmayaraq, bir çox tələbələr xaricdə oxuyub ölkəyə qayıdandan sonra məhdudlaşdırılan vətəndaş azadlıqları, özbaşınalıq, korrupsiya və klançılığı görərək özlərini daha çox sıxılmış hiss edirlər” deyə, qəzet yazıb.
“Der Tagesspiegel”ə görə, aydındır ki, prezident İlham Əliyevin ölkədə korrupsiyaya qarşı kampaniya başlatması ərəb ölkələrində baş verən hadisələrlə bağlıdır. Lakin hökumət bu kampaniyaya münasibətdə vətəndaşların skeptik yanaşmasını aradan qaldıra bilmir, çünki korrupsiyaya görə işdən azad edilənlər ancaq bir neçə aşağı rütbəli məmurlar olur. “Ona görə də vacibdir ki, neft gəlirləri daha ədalətli və effektiv xərclənsin. Ekspertlər hesab edirlər ki, Azərbaycanda neft bumu yaxın bir neçə ildə öz apogeyinə çatacaq və sonra gəlirlər azalmağa başlayacaq. Blogger Adnan Hacızadə kimi azərbaycanlılar narahatdırlar ki, o zaman iqtidar öz hakimiyyətini saxlamaq üçün tənqidçilərə qarşı daha güclü təzyiqlər edəcək. Ona görə də nə qədər adamın martın 11-də küçələrə çıxmağa hazır olduğu məsələsi hələ açıq qalır” deyə, məqalədə bildirilir.
“Yeni Müsavat”,
Başlıqlar “Azadlıq”a məxsusdur