Həyatımda dəyişiklik olsun deyə poliklinikaya üz tutdum. Həkim dəyişiklik olsun deyə dedi ki, qan təzyiqim, qan dövranım, qanımın faizi, ürəyimin döyüntüsü, beynimin fəaliyyəti, böyrək, ciyər və sair orqanlarımın durumu normadan qat-qat aşağı, qat-qat yuxarı və sair dəyişik vəziyyətdədir. Bahalı firma dərmanlarıyla dolu ressepti alıb yazılanları köhnə sovetdənqalma ucuz məhsullarla dəyişmək üçün aptekə getdim. Dəyiş-döyüşlə qiymətləri yarıdan aşağı salmışdım ki, əczaçı soruşdu: “Siz sağalmaq istəyirsiz, ya yox?” Özümü sındırmayıb tez cavab verdim: “Əlbəttə, niyə istəməyim ki? Amma bir az dəyişiklik də olsun istədim”. Əczaçı yaxındakı qəbristanlığı göstərib gülümsədi:
– Onda başlamışkən bir ora da müraciət edin, əməlli-başlı dəyişiklik olsun…
***
Minlərlə hektarların bu bölgəyə heç bir dəxli olmayanlara peşkeş edildiyi Qəbələdə mənim cəmi-cümlətanı 80 kvadrat metrlik kupçalı bir torpağım vardı, yəni var və bəlkə də yoxdu… Dörd il əvvəl birillik yataqdan sonra əlimdə iki dəmir əsa gəzməyi öyrəndiyim zamanlarda həmin torpağın köhnəlmiş ictimai binanın gözünə qatılıb yağmalandığını eşitdim. Amma artıq həyatın bitdiyi yerdəydim: Mənim qəzadan sonrakı möhtac, şikəst görüntüm anama ölüm yatağında ikiqat əzab verirdi – onu rahat ölməyə qoymurdu, qoymadı da. Müəmmalı qəzanın beynimdə yaratdığı onda hələ öyrəşmədiyim artıq isə həyat tərzimə çevrilən gurultudan hər an dəli olacağım anı gözləyirdim. Üstəlik, bu halımda əlimdən gedən sevimli varlığın üzünə yalandan gülümsəmək də vardı. Çünki o, kənddən ayrılaraq ikimizin birgə yaşadığımız otuz il boyu mənim üzümə hər şey qaydasındaymış kimi həmişə gülümsəmişdi. Bütün ehtiyac və sıxıntılara rəğmən öz bapbalaca vücuduyla məni diz çökməyə, sınmağa qoymamışdı… Bilirəm bu insani cümlələr indi çəkəcəyim misalın yanında çox yersiz görünəcək, belə şeyləri anlamaqdan məhrum naxoşların yanında özümüz yersiz-yurdsuz göründüyümüz kimi.
Dörd il sonra…
Bir neçə ay əvvəl əlimdəki sənədləri yenidən Qəbələ hökumətinə yollayıram. Cavab gəlir ki, idarənin adını düz yazmamışam. Sən demə, rayondakı tikinti və memarlıq şöbəsi icra hökümətinə tabe olmayıb müstəqil idarəymiş. Mən avam da məktubu icra hökümətinə yazmışam. Nə gözəl, axır ki, ölmədik ölkədə demokratik idarə üsulu da gördük. Bunun dadını dərhal çıxartmaq üçün məktubu tövsiyyə olunan ünvana göndərirəm. Cavab gəlir ki, flan sənədi də göndərin. Sevə-sevə, deyirəm, baş üstə! Zərfin içinə tələb olunan sənədi qoyub, üstünə də kəşf elədiyim müstəqil idarənin adını qəşəngcə yazıb gözləyirəm. Cavab gəlir ki, flan sənədin flan sənədini də göndərin. Mənim kupçam üçün həmin sənəd mövcud deyil…
Top məndə qalır və məcburən şifahi atışmaya keçirik. Təxminən deyirəm ki, qardaşım, məni ələ salmısan, əccəb eləmisən, haqqındır. Amma əlimdəki kupça kabinetinizdən asdığınız şəklin sayəsində bizləri ayaqlamaq fürsəti əldə etdiyiniz prezidentin təsdiq etdiyi qanunla şəxsi mülkiyyət sənədidir. Bu adam deyir ki, kupçaynan işimiz yoxdu, amma içindəki torpaq qeyri-qanunidir. Niyə? Çünki həmin yer sonradan əmələ gələn teretuara düşürmüş. Teretuara iddialı olmaram ki, mən gen dünyada. Amma yenə də xatircəmlik üçün soruşuram ki, hamısı düşürmü teretuara, onca kvadrat da olsun, qalmırmı? Qalmır, deyir, hamısı teretuara düşür. Bəs indi nə olacaq?- deyə soruşuram. Heç nə, deyir, artıq bu torpağı unudun getsin. Yüzlərlə sizin kimiləri necə unudublarsa, siz də eləcə…
Onda mən bu dialoqun telefonda getdiyinə min şükür edib əlimdəki stəkanı başıma çəkirəm. Soyuq su belə vaxtlarda yaxşı kömək eləyir. Müsahibimə də bu ucuz və sərfəli xidməti göstərə bilmədiyimə üzülərək nöqtəni qoyum deyəndə Cəvahir xala gəlib çıxır:
– A bala, göydəki zilkopterlərin səsindən cücələrim perikib sənin parkına uçublar. Bir az otların arasında gəzsinlər, dəyişiklik olsun, sonra həyətə apararam. Nə deyirsən, qalsınlarımı?
– Nə demək, Cəvahir xala, qurban deyilmi bütün teretuar onlara.
– O da təzə çıxdımı, a bala, festival kimi bir şeydimi?
– Hə, Cəvahir xala onun kimi bir şeydi, amma səsi çıxmır.
– Çıxar bala, bizm kişinin zurnası salamatca qalır hələ, rəhmətlik, indi çalmasın, toylada çalardı. Verək uşaqlara bir səs çıxartsınlar. Saksafondan, sikripkadan, kontrabas deyilən o böyük nədir… ondan yorulanlar gəlib dinləyərlər, biz də savab qazanarıq. Nə də olsa dəyişiklik olar…
– Kimə, Cəvahir xala?
– Onlara. Bizə dəyişiklik bəs olmadımı? Məsələn, sənin torpağını əvvəl park elədilər, indi teretuar oldu, sonrası nə olacaq, allah bilir. Bunun zurnası uzundu hələ…