Seçim astanasında «dəyər, yoxsa dəyməz?» dilemması
Azərbaycanda yeni dövr üçün hazırlıq gedir. Indiki iqtidar 2-ci Əliyevin 3-cü hakimiyyət dönəminə, müxalifət və ümumilikdə cəmiyyət isə yeni bir sistemin əsasını qoymağa, demokratiyanın önünü açmağa hazırlaşır. Nə baş verəcək? Belə davam etməyin və ya yeni sistemin vəd etdikləri nədir?
Bunu milyonlarla insan düşünür və gözləyir. Planlayanlar isə öz işindədir. Gözlənilməzlik isə hələ ki, gözlənilmir. Hər kəs öz ssenarisinin sonundakı səhnəni təbliğ edir.
20 illik hakimiyyətin formalaşdırdığı qənaət və 20 illik müxalifətçiliyin verdiyi vədlər… Onlar Azərbaycanda nəyin necə ola biləcəyinə təsir edə bilər. Amma bütün qərarları xalq verir. Xalqın əksər hissəsinin mövqeyi kimin tərəfində ola bilər? Və ya kimin tərəfində olsa, vəziyyət necə olacaq? Bütün bunlar bizim yazımızın əsas sualları olacaq.
Müəllimlər nə edəcək?
Indiki rejim davam edəcəyi halda, Azərbaycanda müəllimlərin böyük ordusu saxtakarlıqların kütləvi aləti və qurbanı olmaqda davam edəcək. Təhsilin səviyyəsi dəyişməyəcəyi üçün, onların maaşlarında kardinal dəyişiklik olmayacaq, cüzi artımı isə inflyasiya yuyub aparacaq. Nəticədə onlar yenə də xalqa ən yaxın məsafədə olan seçki saxtakarları olaraq qalacaqlar. Bu mənada, həm maddi, həm də mənəvi vəziyyətləri çətin olacaq. Cəmiyyətə bundan dəyən ziyan isə dəfələrlə artıq olacaq. Çünki təhsilsizlik bütün problemlərin əsas kökü olaraq qalır.
Yeni bir sistemin qurulacağı, demokratiyaya və islahatlar mühitinə keçidin olacağı təqdirdə isə əsas islahatlar yenə təhsildən və müəllimlərdən başlayacaq. Müəllimlərin maaşları artacaq və keyfiyyət üçün attestasiyalar keçiriləcək. Xeyli sayda savadlı kadr maaş problemi həll olunduğu üçün təhsil sisteminə qayıdacaq. Xeyli sayda işsizlikdən müəllim olmuş insan özünü başqa sahələrdə sınayacaq və topluma həqiqi fayda vermək imkanı qazanacaq. Bununla da ölkedə gələcəyin əsas təməl daşlarını qoymaq üçün ciddi başlanğıc ediləcək.
Tibb işçilərinin durumu
Bu gün Azərbaycanda belə bir düşüncə var ki, ölümün başlanğıcı olmasa da, əsas səbəbi Azərbaycan səhiyyəsinin vəziyyətidir. Vəziyyətin bu həddə gəlib çıxmasına onlarla səbəb saymaq olar. Amma unutmaq olmaz ki, əsas məsələ səhiyyə sistemində baş verənlərə hakimiyyətin siyasi münasibətidir. Ona görə də ya Azərbaycan həkimləri, tibb işçiləri növbəti zaman üçün də ölüm qorxusunun əsası kimi qalacaqlar, ya da ölkədə baş verən demokratikləşməyə dəstək verib növbəti dövrdə şəfaət insanları kimi öz peşələrini sevdirmək imkanı əldə edəcəklər. Sirr deyil ki, ölkədə səhiyyənin bu qədər ağır vəziyyətdə olması onsuz da kasıb yaşayan əhalinin başqa ölkələrə üz tutmasına səbəb olur. Bunun nəticəsində də ölkənin milli təhlükəsizliyi ciddi zərbə alır.
Polis kimin nəyidir?
Azərbaycanda hazırkı sistemin əsas dayağının polis orqanları olduğu kimsəyə sirr deyil. Ümumilikdə əməkhaqları elə də yüksək olmayan polis işçiləri sadəcə, Azərbaycan insanlarına divan tutmaq üçün siyasi rejimin əlində alətə çevrilirlər. Kimdir bu əzilən insanlar? Elə həmin polislərin yaxınları. Diqqət etmək lazımdır, görək, hansı polis rəisi öz rayonunda çalışır? Heç biri. Ona görə ki, bu rejimə sərf eləmir. Eyni rayondan olan adamlar pislik eləməyin bir həddini gözləyirlər. Çünki o rayonda onların da qohumları çalışır. Buna görə də demək olar ki, ölkədə şimaldan olanlar cənubda, qərbdən olanlar şərqdə yaşayır. Bunu təşkil etməmişdən əvvəl isə Əliyevlər ölkədə regionçuluq kimi bir bəlanı inkişaf etdiriblər. Hər bir polis rəisi işlədiyi rayondakı insanları əzməyi həm də regional intiqam kimi qiymətləndirir. Bu isə nəticə etibarilə bütün ölkənin insanlarına qarşı repressiyaya səbəb olur. Bu mənada, polis hazırda öz yaxınlarını əzib talayanlar ordusuna bənzəyir.
Bunun əksi olaraq, Azərbaycan polisinin belə bir şansı var ki, yüksək maaşla yalnız cinayətkarlığa qarşı mübarizə aparsın. Insanların gözündə “cibə narkotik atan” kimi yox, bu iyrənc vasitələrin kökünü kəsən kimi tanınsın. Xalq onu sevsin, sahiblənsin. Nəhayət, Azərbaycanda polis hüququn əsas qoruyucusu kimi formalaşsın. Insanlar polisdən pənah aparmağa yer axtarmasınlar, polisə pənah gətirsinlər və bir gün bu polisin sayəsində kimsənin pənah axtarmağa, sığınacaq axtarmağa ehtiyacı olmasın.
Bütün bunların baş verməsi üçün Azərbaycan polisi sadəcə siyasiləşməməlidir. Tərəfsiz olmağı və qanuni olanı dəstəkləməyi, qorumağı bacarmalıdır. Bu minimum vəzifə bizim ölkəmizdə tamam fərqli mənzərə yarada bilər. Bunu öz övladlarımıza çox görməyək
Casus dolu ölkədə…
Azərbaycanda xüsusi xidmət orqanlarının bütün işinin böyük bir hissəsi hakimiyyətə müxalif olan insanları izləmək, dinləmək və s. bu qəbildən fəaliyyətdir. Insanlar bir-birinə etibar etmirlər və hər kəs qarşısındakını sanki hansısa məxfi quruma bağlı olmaqda şübhəli bilir. Bu isə toplumda ümumi etimad mühitini sıradan çıxarır. Ölkdə ekstremist qüvvələr, ayrı-ayrı dövlətlərin maraq qrupları at oynadır. Baş vermiş bir çox terror olaylarının üstü hələ də açılmamış qalır. Azərbaycanda on minlərlə gənc ilkin yeniyetməlik yaşlarında vətənə xidmətin əsas yerlərindən biri kimi, təhlükəsizlik orqanlarını görür, orada işləmək üçün xəyallar qururlar. Amma zaman keçir və bu orqanlar haqqında yazılanlar, deyilənlər xəyal qırıqlıqları yaradır.
Niyə dünyanın bütün inkişaf etmiş ölkəlrindəki kimi bizim də xüsusi xidmət orqanlarımız xalqımızın qürur yeri olmasın? Buna nə mane olur? Orada işləyənlər də bizim yaxınlarımız, qohumlarımız deyilmi? Onları bizdən ayıran, qarşı cəbhəyə çevirən dəyər nədir? Bu suallara cavab axtararkən hər kəs düşünməlidir ki, on il sonrakı Azərbaycanda ondan sonra gələn nəsillər bu bayrağı təhvil almaq ruhunda və istəyində olacaqlarmı?
Əsgər ölsünmü, öldürsünmü?
Mən bir mənada bəşəriyyətçiyəm. Amma dünyada bir məntiq işləyir ki, biri itki verəcəksə, o, mən olmamalıyam. Heç kim heç kimi öldürməsin. Amma bir savaş varsa, onu mənim ordum qazanmalıdır. Sülh üçün çalışan bütün güclü şəxsiyyətlər öncə o sülhün qarantiyası olan böyük və güclü ordunu qurublar. Son il yarımda bizim ordumuzda fasiləsiz əsgər ölümləri baş verdi və bütün bu olanlar qanımızı dondurdu. Ona görə ki, onları düşmən öldürmürdü. Bizim ordumuzun içinə sanki özünüyeyənlər girmişdi. Bu isə böyük sosial etirazlara səbəb oldu. Amma Azərbaycan ordusu bölgəsinin ən sivil ordusu ola bilər. Mən bu orduda xidmət etmişəm. Zabitləri tanıyıram, savadlarına və vətənsevərliklərinə, insansevərliklərinə özüm kimi əminəm. Bəs nə mane olur bizim nizamlı, güclü, çevik, modern bir hərbi sistem qurmağımıza? Təbii ki, siyasi hakimiyyətin bütün başqa sahələr kimi orduya olan münasibəti. Bunun bir sonu olmalıdır. Olması üçün biz sonsuza qədər səbr etməli deyilik. Övladlarımıza, qanunlarımıza, vətənə sahib çıxmalıyıq.
Nə etməli?
Təslimmi olaq? Bizə bir ömür verilib deyə, onu necə imkan var elə də yaşayıb sona çatdıraqmı? Dəyərlərdən və prinsiplərdən əl çəkəkmi? Bizim üçün başlıca meyar bioloji ömrü bir ölkə daxilində düşmənlər kimi savaşıb başa vurmaq olmalıdırmı? Ölkəni dünyanın cənnətlərindən birinə çevirmək imkanımız varkən bunu əldən verməmək, daxili problemlərimizi həll edib, dünya ilə dil tapmağa, güclü ordu və iqtisadi sistemə sahib olmaqla Qarabağı geri almaq barədə düşünməliyik. Güney Azərbaycanda əsarət altında olan 35 milyona müsbət bir müstəqillik və firavanlıq nümunəsi olmalıyıq.
Gələcək nəsillərin bizi tayfa şüuru ilə bir-birini qıran əmioğlular kimi tanımasını istəyirik, ya əksinə, bəşəriyyətə böyük töhfələr verən şəxsiyyətlər kimi? Budur seçim. Budur dilemma. Biz ya 2-ci Əliyevin 3-cü dönəm hakimiyyətini – sülalə hakimiyyətini qəbul etməliyik, ya da azad və firavan gələcəyə doğru birləşməliyik.