Bu yazı şirniyyat bayramına təsadüf etdiyindən çox istədim ki, ona bir şirinlik qatım. Elə müqəddəs Ramazan ayında da dilini şirin etmək bizim hamımızın borcudur. Ona görə də bu yazı ikiqat şirin olmalı idi.
Amma o, mənim üçün heç də şirin günə təsadüf etmədi. Səbəbini deməyəcəm. Hamı öz dərdlərini, problemlərini mətbuat səhifələrində yazmağa başlasa onda nə olar? Düzdür, axır vaxtlar bütün problemləri nəinki az tirajlı mətbuata, hətta efirə çıxarmaq bir dəb olub. Amma biz bunu heç vaxt təqdir etməmişik və elə verilişlərə də bir qayda olaraq baxmırıq. Ona görə də şəxsi yaşantılar haqda bu qədər.
Həmişə olduğu kimi siyasətdən yazacam. O siyasətdən ki, ona qoşulduğumuz vaxtdan bu günə qədər bizə baş ağrısından başqa bir şey gətirmədi. Həttə bəzi hallarda özüm-özümə düşünürəm ki, əcəba, biz nəyin təəssübünü çəkirik? Nə verdi bizə bu siyasət?
Nə vardısa, nə gəldisə hamısı ortada yeyib, qıraqda gəzənlərə qismət oldu. Biz isə yalnız iztirabları, sarsıntıları bölüşməli olduq. Həmişə düşündük ki, eybi yoxdur, təki ümumi dəyişiklik olsun və biz də orta statistik vətəndaşa nə düşürsə, ona da qane olarıq…
Budur, indi növbəti ümidli günlər ərəfəsindəyik. Amma adi müxalifətçilərlə ayaqüstü söhbətlərdən mən bir şey yəqinləşdirə bilmirəm. Belə nəticə hasil olur ki, onlar heç də liderlərin pafoslu optimizmini bölüşmürlər.
Bəlkə də bunun əsas səbəblərindən biri budur ki, müxalifət ölkədəki seçkinin ümumi panoramının konturlarını cızmır. Həm də baxıb görürsən ki, dünyada çox dəyişikliklər olub, daha təmənnasız adamlar çox az az qalıb.
Insanlar daha əvvəlki kimi deyillər, hər şeydə öz xeyirlərini güdürlər. Bu sətirlər ola bilsin ki, bir qədər qəribə görünəcək və deyəcəksiniz ki, əcəba, bu adam görəsən hansı əsrdə yaşayır?
Amma mən harada və nə vaxt yaşadığımın fərqindəyəm. Sadəcə məsələ ondadır ki, bu yaxınlarda bir daha söz vermişəm ki, bu hakimiyyətin dedikləri və etdikləri iki dəfə iki kimi dürüst və doğru olsa da, mən buna baş qoşmayacam! O səbəbdən ki, bunlar ən adi şeyləri bizə çox gördülər. Şəhərə baxırsan, hər şey öz qaydası ilə davam edir: tikirlər, qururlar. Amma nə olsun? Bu şəhərdə bizə yer yoxdursa, onda bütün bu abadlıqların bizə nə dəxli var?
Nə qədər fədakar, nə qədər təmənnasız olsan belə, yenə də adamı ağrıdır. Bizi ikinci, üçüncü dərəcəli adamların yerinə qoyublar. Bu boyda şəhərdə sənə heç nə düşmürsə, axı sən necə təmənnasız olasan?
Məni daha aldatmaq mümkün deyil. Bir şeirdə deyildiyi kimi: “Daha nağıllara inanmıram mən…”. Özümlə bu ölkəni idarə edənlər, onu idarə etmək istəyənlər arasında bir ortaqlıq da görmürəm. Özümü bu şəhərdə yaşayan bir sakin hesab edirəm, adi bir sakin…
Düşünürəm ki, belə fikirləşənlər heç də az deyil. Ona görə də mənə “yeddi rəngli fantaziyalar” izhar etmək lazım deyil: gördüyüm həmişə bu olub ki, hamı “yorğan”ı özünə tərəf çəkib…
Indi deyilənlərin, bizə aşılanan ümidlərin də hamısını mənasız hesab edirəm. Əminəm ki, bunlara hətta onların öz “müəllif”ləri də inanmır. Bizi daha bir dəfə “oynatmaq” lazımdır – indi yalnız bunu etməyə cəhd edirlər…
Yox, mən bütün bunlara inanardım, inanmaq istərdim, əgər onları deyənlər bu ümidləri özlərinə və özlərinin yaxın çevrələrinə təlqin etmək istəsəydilər! Amma onlar bunu etmir. Ona görə düşünürəm ki, bu da daha bir ümid mövsümü, lap, ruslar demişkən, ümid sezonudur… Ona görə də lazım olandan artıq baş qoşmaq istəmirəm bütün bunlara. Mənim işim yazmaqdır, təhlil etməkdir, bu, mənim peşəmədir. Bundan artığını məndən gözləməyin…
O ki qaldı başqa məsələlərə, onlar da öz qaydası ilə gedəcək. Böyük ümidlərə qapılmayın, sonra onların ağrısını çəkməli olursan. Sizə deyə biləcəyim bu ola bilər. Istəyirsiniz inanın, istəmirsiniz, öz işinizdir. Sadəcə, çalışıb elə etmək lazımdır ki, bu ölkəni cəhənnəmə çevirməsinlər. Buna görə azacıq fədakarlıq etməyə dəyər…
Hətta təkcə insanlar deyil, başqa canlılar da öz yaşadıqları yeri təmiz saxlamağa, özləri üçün təhlükəsiz etməyə çalışırlar. Biz də bunu etməliyik.
“Böyük işlər”lə qoy böyük iddialarda bulunanlar məşğul olsun, çünki onların tamahı o qədər böyükdür ki, hər şeydən nəsə qoparmağa çalışırlar. Bizə nə düşüb ki? Sadəcə, elə yaşayaq ki, buna görə utanmayaq…